Ben Əli də Əliyevlər kimi fikirləşirdi, amma…
Öz xalqından bu səviyyədə qorxan hakimiyyət heç vaxt torpaq azad edə bilməz!
Açıq Cəmiyyət Partiyasının lideri, eks-spiker Rəsul Quliyev “Azadlıq”a Azərbaycanda “ərəb inqilabları”nın baş verib-verməmə ehtimalı ilə bağlı geniş məqalə yazıb. Xatırladaq ki, inqilabi dəyişikliklərə məruz qalan ərəb ölkələriylə Azərbaycanın müqayisəli təhlilinin verildiyi məqalənin brinci hissəsi qəzetimizin 9 noyabr sayında dərc olunub. Yazının budəfəki hissəsi isə Tunis və Azərbaycanın müqayisəsinə həsr olunub.
Rəsul Quliyev: “Ərəb inqilabları” Azərbaycanda: oxşarlıqlar və fərqliliklər (II məqalə)
«Analoqsuz inkişaf»ı xalq hiss etmir!
…1984-cü ildən bu günə qədər adambaşına düşən gəlir Tunisdə 10 dəfə artıb, kasıbçılıq həddindən aşağı yaşayan əhalinin sayı isə 14 faizdən 3 faizə düşüb… Azərbaycanda isə adambaşına düşən gəlir dəyişməyib, kasıbçılıq həddindən aşağı səviyyədə yaşayan əhalinin sayı isə 45 faizdən də yuxarını ötüb. Hakimiyyət təmsilçiləri 2006-cı ildən Azərbaycanın dəhşətli dərəcədə – “analoqu olmayan sürətlə” inkişaf etdiyini, hətta birinci yeri tutduğunu bar-bar bağırsalar da, bu haray-həşirin bir qara qəpik də qiyməti yoxdur! Çünki xalq hökumət təmsilçilərinin söylədiklərini öz həyatında hiss etmir, xalqın həyatında yaxşılığa doğru heç nə dəyişməyib və dəyişə də bilməz!
Diqqət yetirin: Tunisdə adambaşına ildə 9.100 dollarlıq məhsul istehsal edilir. Bunun 32 faizi sənaye, 30 faizi kənd təsərrüfatı məhsullarının, yerdə qalanı isə xidmət sektorunun və turizmin payına düşür. Azərbaycanda isə bu rəqəm 10 min dollar səviyyəsindədir. Ancaq bu 10 min dolların 6.600-ü neft məhsullarının payına düşür. Yəni, Azərbaycanda faktiki, 20 il bundan öncə olduğu kimi, adambaşına 3.400 dollarlıq məhsul istehsal edilir – Tunisdən düz 3 dəfə az!
Ümumiyyətlə, adambaşına istehsalda asan və ucuz qiymətə çıxarılan təbii materiallar, neft və qaz bir çox ölkələrdə heç bu göstərciyə daxil edilmir. Bir ölkəyə Allahın bəxş etdiyi təbii sərvətləri də kiminsə “xidməti” saymaq ancaq totalitar rejimlərə xas xüsusiyyətdir və rejimin çöküşüylə o “xidmət” də yoxa çıxır.
Ben Əli rejimi ilə Azərbaycan rejimi arasındakı daha bir oxşarlıq hər iksinin Islam fundamentalizminə münasibətdə istifadə etdikləri tryuklardır. Ben Əli də “Islam fundamentalizmi” ilə mübarizə apardığını, qonşu ölkələrə Tunisə islam ekstremizminin transferinə imkan vermədiyini özünün müstəsna xidmətlərindən biri olaraq Qərbdəki dairələrin gözünə soxmağa cəhd edir, dini və solçu partiyaların seçkilərdə iştirakına qadağa qoymasını qəhrəmanlıq kimi qələmə verirdi. Ölkə partlayanda isə Ben Əli bir həftə camaatın nə istədiyini anlaya bilmirdi, hər yerdə təəccüblə “bunlar nə istəyir, Tunis regionda həyat səviyyəsi ən yuxarı və ən liberal ölkədir, işsizlik demək olar ki, hamıdakından azdır” deyirdi.
Ben Əlinin axırına arvad qohumları çıxdı!
Doğrudan da, Əlcəzair, Liviya və başqa ölkələrlə müqayisədə, Tunisdə inqilab olmamalıydı. Ben Əli tunislilərin onun arvadına münasibətdə bu qədər neqativ olmasını heç cürə anlaya bilmirdi və heç sonadək də anlamadı. Hadisələrin yenicə başladığı vaxt xarici jurnalistlərdən birinə müsahibəsində Ben Əli deyirdi: “Mənim arvadım filantropdur, fondları ilə əlillərə, işsizlərə kömək edir, indiyə qədər “Ilin qadını” mükafatına layiq görülüb, başqa ölkələrin ordenləri ilə təltif olunub, dünyanın ən güclü 50 qadını siyahısına düşüb” və s. Jurnalist ona deyəndə ki, cənab prezident, tunislilər “Trabelsi” familyasını eşidəndə (Trabelsi onun arvadı Leylanın qızlıq familyasıdır-R.Q.) kimisə öldürmək istəyirlər, Tunisin prezidenti söyləyirdi: “Axı, onun familiyası Ben Əlidir…!”. Jurnalist də başını bulayıb gülümsəməklə, müsahibəsini yekunlaşdırmışdı.
Məgər Tunisdə gedən proseslərin indi daha ifrat şəkildə Azərbaycanda baş verdiyini görmürükmü?! Hələ Leyla Əli fondlarını ərəb ölkələrindən topladığı pulların hesabına yaratmışdı və həqiqətən, o regonun əlsiz-ayaqsızlarına, kimsəzilərinə kömək edirdi. Bizimkilərin isə xalqın pulunu iqtisadı gücü 30 Azərbaycan kimi ölkədən güclü olan Fransada xeyriyyəçiliyə sərf etməsi, sadəcə, gülünc və absurddur! Heç kəs də hesab sormur ki, axı, dilənçi həyatından da rəzil vəziyyətdə yaşayan, 1 miliyon qaçqını olan ölkənin xalqa məxsus pulu niyə naməlum məqsədlərə xərclənir?! Məqsəd Fransa ordeninə sahib olmaq idimi? Diqqət yetiridinzsə, Sarkozi Gürcüstan və Ermənistan prezidentlərinə ordeni təqdim edəndə bunun “iki ölkə arasında əlaqələrin inkişafına görə” olduğunu , Bakıda isə “Fransada xeyirxahlığa pul xərcləndiyinə görə” dedi. Görünür, 1 miliyon qaçqının bir neçə aylıq doyunca yemək pulunu Parisdə hansısa heykəlin və ya sənət əsərinin bərpasına sərf etmək üçün də xüsusi “talant” olmalıdır!
Tunisdə Baş nazir və nazirlər qismən müstəqil siyasət apara bilirdilər, heç Ben Əli və arvadı Leylanın qohumları da onların işlərinə çox qarışmırdılar. Ancaq Azərbaycanda hansısa nazirin ağzı nədir ki, klandan icazəsiz hansısa müstəqil addım atsın. Bir ölkədə ki, cangüdən qohumçuluq əlaqələrinə görə istənilən naziri cəzalandıra bilir, istədiyi adamın mülkiyyətini, biznesini əlindən alır, o ölkədə uzunmüddətli sabitliyin olacağına inananların “parlaq ağılları”na adamın lap paxıllığı tutur.
Barıt ambarına çevrilən ölkədə fitil haçan çəkiləcək?
Şübhəsiz ki, Azərbaycanı, Yəmən istisna olmaqla, istənilən ərəb ölkəsiylə müqayisə etsək, xalqımızın indiyədək ayağa qalxmaması möcüzə kimi qarşılanır. Inana bilmirsən ki, bu xalq 22 il bundan öncəkidir! Qarabağın “Topxana” meşəsində qırılan 3 ağaca görə, 1 milyon adam küçələrə töküldüsə, indi həmin xalq Şuşada tikilən hotelləri, turist mərkəzlərini, salınan küçələri biganəliklə seyr edir. Anlamırlar da ki, ermənilərin heç vaxt Şuşanı tərk etmək niyyətləri yoxdur! Üçaydanbir təkrarlanan “torpaqlarımızı silah gücü ilə azad edəcəyik” ritorikalarını ələ salıb lətifələr qoşan ermənilər, Azərbaycanın adi təxribat təşkil etmək iqtidarında da olmadığını deyir, bizim acığımıza ekranlarda Şuşanın yenidən tikilmiş küçələrini, bərbəzəkli hotellərini göstərirlər. Halbuki, ermənilərin bu səviyyəli təhqiramiz hərəkətlərinə qarşı xalq bütün respublika üzrə küçələrə çıxmağa təhrik edilməli, özü də bu işi hakimiyyət görməlidir. Hakimiyyət çoxmilyonluq mitinqlərlə xarici ölkələri ermənilərin işğalçı davranışlarının qan tökülməsinə gətirib çıxaracağına inandırmalı, televiziyalar gecə-gündüz ermənilərin Azərbaycanı müharibəyə sürüklədiyini, Azərbaycanın qədim Şuşa şəhərinin mənimsənilməsinə xalqın dözməyəcəyini təbliğ etməlidir. Cəmiyyətə o fikir aşılanmalıdır ki, Yerusəlim fələstinlilər üçün hansı əhəmiyyəti kəsb edirsə, Şuşa da azərbaycanlılar üçün o dəyərdədir.
Bəs bizim hakimiyyət nə edir? O heç 10 min nəfərlik mitinq keçirməyə belə, cürət etmir. Qorxur ki, mitinq ermənilərin yox, hakimiyyətin öz əleyhinə çevriləcək. Öz xalqından bu səviyyədə qorxan hakimiyyət isə heç vaxt torpaq azad edə bilməz!
Əlbəttə, millətin hələ də apatiya vəziyyətində olması mövcud rejimin liderlərini bir az da arxayınlaşdırır, onların xalqdan qorxmaq hissini öldürür. Düşünürlər ki, professordan 2 dəfə artıq maaş verdikləri sadə polis rəhbərliyin komandası ilə millətin qanını içəcək, onlar da öz yerlərində rahatca əyləşib hələ illərlə öz talançılıqlarını davam etdirəcəklər! Elə Ben Əli də bu cür fikirləşirdi, ancaq hadisələr başlayandan 10 gün sonra polisin bir hissəsi, 15 gündən sonra isə hamısı xalqın tərəfinə keçdi, Ben Əlisə əlavə bir gün də ölkəsində qala bilmədi!
Azərbaycanda da eyni proseslər hər an başlaya bilər. Bir də görəcəklər ki, tələbələrin çox hörmət etdiyi hansısa professorun işdən çıxarılmasından, polisin günahsız yerə kimisə tutmasından və ya öldürməsindən, hər gün Bakı küçələrində tıxaca düşüb bir-birini, sonda da hakimiyyəti söyən sürücü və sərnişinlərin əsəb gərginliyindən, bir həkimin xəstəni yanlış müalicə etməsindən və ya pulu olmayanı müalicə etmək istəməməsindən, müəllimin hansısa valideyndən “süpürgəpulu” tələb etməsindən və sairə yüzlərlə başqa bu kimi səbəbdən inqilab başladı! Hakimiyyət ha ört-basdır etmək, gizlətmək istəsə də, indi Azərbaycan barıt anbarına çevrilib – fitil hansı təsadüfdən yanacaq, bax, bunu heç kim bilmir!
P.S. Məqalələrimi “Rəsul Quliyev radikallaşır” kimi təqdim edənlərə bildirmək istəyirəm ki, əslində bu yazılarla mən ölkəni radikallığa aparan, qan tökülməsinə, hərc-mərcliyə yol açan siyasətin qarşısını almağa təsir göstərmək niyyətiylə yazıram. Növbəti yazıda isə Azərbaycanı Liviya ilə müqayisə edəcək, neftdən gələn pulların kimlərə və necə bölüşdürüldüyü, hansı məqsədlərə xərcləndiyi barədə analiz verməyə çalışacağam.