O, nəinki «Azadlıq»ın əməkdaşı ilə söhbətini, hətta öz məruzəsini də inkar edir
“Azadlıq” qəzetinin 28-29 tarixli sayında Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Azərbaycanda siyasi məhbuslar üzrə xüsusi məruzəçisi Kristof Ştrasserlə müsahibə dərc edilmişdir. Müsahibə bu formada olmamışdır. Berlində qeyri-hökumət təşkilatı FACE-nin Azərbaycan müstəqilliyinin 20-ci ildönümünə həsr olunmuş konfransı keçirilmişdir və orada alman-azərbaycan münasibətləri müzakirə olunmuşdur. Bu konfransda həmçinin cənab Kristof Ştrasser iştirak etmişdir və siyası məhbuslarin məsələsilə bağlı AŞ PA-dakı mandatı çərçivəsində məruzə ilə çıxış etmişdir. Məqaləyə tərcümə xətaları nəticəsində deyilməmiş ifadələr daxildir. Kristof Ştrasser bir müsahibə şəklində verilmiş məqaləni rədd edir.
Bu toplantıdan dərhal sonra əməkdaşımız Fikrət Hüseynli cənab Kristof Ştrasserlə görüşərək onunla söhbət edib və onun məruzəsi əsasında “Azadlıq” qəzetinə reportaj hazırlamaq fikrində olduğunu bildirib. Kristof Ştrasser Azərbaycan mətbuatına müsahibə vermək kimi bir probleminin olmadığını bildirib. Tərcümə xətası üzündən F.Hüseynli Ştrasserin bu məruzə əsasında material hazırlanmasına etiraz etmədiyini başa düşüb.
(Amma fakt bundan bundan ibarətdir ki, cənab Kristof Ştrasserin “Azadlıq”da dərc edilən müsahibəsinin bir hissəsi onun “Azadlıq”ın əməkdaşına söylədikləridir, materialın qalan hissəsi isə məruzədə söylənilənlərdir).
Bu müsahibənin olub- olmaması faktından asılı olmayaraq, cənab Strasser xüsusilə Azərbaycan nümayəndə heyətinin Avropa Şurasının hüquq komissiyasının üzvlərinə rüşvət verməsi barədə ittihamları rədd edir. Həmçinin burada da tərcümə səhvinə yol verilib.
Cənab Kristof Ştrasser bu düzəlişin “Azadlıq”da dərc edilməsini zəruri hesab edir və Paris dinləmələrindən sonra “Azadlıq” qəzetinə geniş bir müsahibə verməkdə heç bir problem görmür.
***
Bu məsələ ilə bağlı cənab Ştrasser “Azadlıq” qəzetinə müraciət edərək təkzib verilməsini xahiş etmişdi. Biz isə təbii ki, əvvəlcə məsələ ilə bağlı araşdırma aparmalı olduq və müsahibəni hazırlayan əməkdaşımız Fikrət Hüseynlinin bu məsələyə aydınlıq gətirməsini istədik.
Jurnalistin Ştrasser olayı ilə bağlı zəruri qeydləri
Fikrət Hüseynlinin bu problemlə bağlı bizə göndərdiyi izahat isə bundan ibarətdir:
“Cənab Kristofer Ştrasser FACE-nin Berlin toplantısında iştirak edirdi, orada məruzə ilə çıxış elədi. Onun məruzəsi tərcümə ilə dinlənildi. Mən oraya diktofonla getmişdim və cənab Ştrasserin məruzəsinin səsli yazısı da məndə var. Bu çıxışı əvvəldən axıra qədər diktofona köçürmüşəm. Məruzədən sonra iştirakçılar müxtəlif suallarla cənab Ştrasserə müraciət etdilər. Bu suallar və onlara verilən cavablar da mənim diktofonumda var. Toplantı başa çatdıqdan sonra cənab Ştrasserə yaxınlaşıb onun məruzəsi və suallara verdiyi cavablar əsasında ”Azadılıq” qəzetinə material hazırlamaq istəyimi bildirdim və eyni zamanda, ona 2-3 sual da verdim. O da suallara qısa cavablar verdi, vaxtının az olduğunu deyib, vizit kartını verərək getdi. Bundan sonra Ştrasserin məruzəsinin tezisləri, iştirakçıların, o cümlədən mənim suallarıma verdiyi cavabları bir müsahibə halına salıb redaksiyaya yolladım.
Hətta bundan sonra da hər ehtimala qarşı, cənab Ştrasserin vizit kartında olan ……. nömrəli telefona zəng vurdum. Dəstəyi də yanımda olan və alman dilində danışan dostların birinə verdim ki, mənim dediklərimi dəqiq tərcümə etsin və səhv olmasın. Bu, cənab Ştrasserin bürosunun telefon nömrəsi idi. Biz büroya məlumat verdik ki, cənab Ştrasserin söylədiklərinin əsasında hazırladığımız yazını Azərbaycana, dərc edilmək üçün göndərmişik və hər hansı bir problem yarana bilərsə, materialın çap olunmasını saxlaya bilərik. Bizimlə danışan şəxs bizi 3-4 dəqiqə gözlətdikdən sonra cavab verdi ki, heç bir problem yoxdur və yazı dərc edilə bilər.
Yazının dərc edildiyi 28 oktyabr günü heç bir səs-soraq çıxmadı. Oktyabrın 29-da FACE-nin təşkilatçılarından biri mənə zəng vurub bildirdi ki, Ştrasserin bürosundan konkret irad var. Belə ki, yazıda “böyük pullarla nüfuz etməyə çalışırlar” ifadəsinin əvəzinə, “rüşvətlə ələ almağa çalışırlar” sözləri gedib. Mən heç bir problemsiz bu dəqiqləşdirmə barədə redaksiyaya məlumat verməyə və düzəlişi çap etdirməyə hazır olduğumu bildirdim. O da mənə məsləhət gördü ki, bu düzəlişi əvvəlcə cənab Ştrasserin bürosuna təqdim etmək daha doğru olardı. Mən belə də etdim və haqqında bəhs etdiyim düzəlişi yazıb cənab Kristofer Ştrasserin bürosuna göndərdim.
Həmin ərəfədə Azərbaycanda bəzi YAP-çılar müsahibə verərək Ştrasseri sərt tənqid etməyə başladılar. Bundan əlavə, cənab Ştrasserin dediklərini çox operativ şəkildə ingilis dilinə tərcümə etdirərək AŞ PA deputatları arasında paylayaraq bildiriblər ki, Kristofer Ştrasser sizi rüşvətxorluqda ittiham edir. Berlindəki “Azərbaycan Evi”nin rəhbəri, Bundestaqın keçmiş deputatı olan bir nəfərin də Ştrasserə təzyiq etdiyi barədə məlumat daxil oldu.
Çox maraqlıdır ki, bu arada cənab Ştrasser hətta məruzəsinin qeydə alındığı videoçarxı da “youtube”dan çıxartdırdı və hətta məruzəsini də inkar etməyə başladı.
Ştrasserə çımxırmaq haqqı kimlərə verilir?
Cənab Kristofer Ştrasserlə bağlı olayın bütün təfərrüatı budur. Amma bu, hələ hamısı deyil. Olayın qeyd etməli təfərrüatı budur ki, cənab Ştrasser 3 il ərzində öz missiyasını həyata keçirmək üçün ona viza verməkdən israrla və açıq-aşkar imtina edən Azərbaycan rəsmilərinə qarşı bu qədər inadkar və sərt mövqe bildirməyib. Amma günün birində onun çıxışını (təqdimat formasından asılı olmayaraq) dərc edən qəzetə bu cür problem yaradıb. Azərbaycan cəmiyyəti cənab Ştrasserdən “Azadlıq” qəzeti ilə haqq-hesab çəkilməsini gözləmir, həbsxanalara doldurulmuş siyasi dustaqlarla bağlı haqq-hesab çəkməsini istəyir. Amma hörmətli cənab Ştrasser və AŞ PA isə siyasi dustaqların həbsxanalardakı iztirablarının üzərində mandat-mandat oyunu oynayır, “mandatın adını dəyişək, Azərbaycana başqa keyfiyyətə getmək mümkün olsun” kimi prinsipsiz bir siyasi taktika seçmək ərəfəsindədir.
Indi Azərbaycanın AŞ PA-ya göndərilən nümayəndə heyətinin üzvləri hörmətli Kristofer Ştrasserdən tələb edirlər ki, o, təkzib verməklə kifayətlənməsin və “Azadlıq” qəzetini məhkəməyə verməklə təkzib etdirsin. Biz bu varianta da hazırıq. Hətta bu olaydan sonra onu da gözləyə bilərik ki, cənab Ştrasser “Azadlıq” qəzetinə qarşı bir neçə yüz minlik iddia irəli sürsün. Məsələnin daha maraqlı tərəfi budur ki, azərbaycanlı deputatlar cənab Ştrasserə çımxırmaq hüququnu necə əldə ediblər?
“Azadlıq”