Məhəmməd Talıblı: «Belə vəziyyətdə bir sıra dövlət şirkətlərinin xidmətlərini vətəndaşlarımıza aşağı qiymətə satması mümkündür»
Hazırda “Brent” markalı neftin 1 barrelinin dəyəri 45 dollar civarındadır. 2015-ci ilin dövlət büdcəsində neftin 1 barrelinin qiyməti 90 dollar götürülmüşdü. Gələn ilin büdcəsində isə neftin 1 barrelinin qiyməti 50 dollar götürülüb. Amma hələ indidən gələn il də neftin qiymətində düşüşlər yaşanacağı ilə bağlı bədbin proqnozlar səslənməkdədir.
Həttaÿ”Goldman Sachs” investisiya bankının analitikləri iddia ediblər ki, neft 20 dollara qədər düşə bilər. Bədbin proqnozlar arasında neftin gələcək qiyməti ilə bağlı 35-40 dolların üzərində də dayananlar var. Amma baş verənlərin fonunda hökumətin son addımı maraq doğurur. Hökumət mazutun topdansatış qiymətlərinin 3 dəfə ucuzlaşdırılaraq 1 tonunu 100 manat etdi. Bu, “Azərenerji” ASC-nin Taarif Şurasına müraciəti əsnasında baş verib. Mazutun qiyməti “Azərenerji” ASC-nin SOCAR-dan aldığı təbii qazın qiyməti ilə eyniləşdirilib. Bəs, bu addım paralel olaraq elektrik enerjisinin ucuzlaşmasına gətirib çıxara bilərmi?
Iqtisadçı Məhəmməd Talıblı bildirdi ki, əslində Azərbaycanda enerji daşıyıcılarının qiyməti aşağı olmalıydı. M.Talıblı bildirdi ki, indiyə qədər enerji daşıyıcılarının qiymətinin artırılması onların dünya bazarındakı qiymətlərə uyğunlaşdırılması məqsədi daşıyırdı. Amma hazırda qiymətlər düşəndən sonra enerji daşıyıcılarının da qiymətinin endirilməsi imkanı yaranır: “Qiymətlərin endirilməsi mal və xidmətlərin də ucuzlaşmasına, əhalinin sosial vəziyyətinə pozitiv təsir edə bilər. Bundan başqa, dövlət büdcəsindən dotasiya alan iri dövlət təşkilatlarının büdcəyə 2 milyarddan artıq borcu yaranıb. Mazutun qiymətinin endirilməsi o anlama gəlir ki, bu, dövlət şirkətlərinin gəlirlərini artırmış olur. Belə bir vəziyyətdə həmin şirkətlərin istehsal etdiyi məhsulu və təklif etdiyi xidməti öz vətəndaşlarımıza aşağı qiymətə satması mümkündür. Amma belə bir addımın atılacağına az inanıram. Çünki bunun üçün Tarif Şurasının bəzi məhsullar üzrə qərarı olmalıdır”.
M.Talıblının sözlərinə görə, əgər əhaliyə və sahibkarlara göstərilən xidmətin haqqı aşağı salınarsa, bu, qeyri-neft sektorunun inkişafına əlverişli şərait yaradacaq.
Xəyal