Eks-prezidentlər haqqında qanun sakit şəkildə qəbul edildi
Milli Məclis dünən eks-prezidentlər haqqında qanunu ikinci və üçüncü oxunuşda qəbul edib. Ötən dəfəki müzakirələrdən fərqli olaraq bu dəfə qanunun Ayaz Mütəllibova şamil edilməsilə bağlı ciddi narazılıq müşahidə edilməyib. Bir-iki deputat eks-prezidenti cinayətkar adlandırıb. Bununla belə qanunun lehinə səs verəcəyini bildirib. Zahid Oruc isə ötən dəfəki mövqeyində qalıb və qanunun əleyhinə səs verəcəyini deyib.
Görünür, layihəyə irad bildirmələrinə görə YAP-çı deputatların, xüsusilə hakim partiyanın icra katibi Əli Əhmədovun Ilham Əliyevin qəzəbinə gəlməsi barədə yayılan məlumatlar əsassız deyilmiş. Həmin məlumatlarda o da vurğulanırdı ki, qanun layihəsinin heç bir əks mövqe bildirilmədən tezliklə qəbul edilməsi əmri verilib.
Güman ki, məhz bu baxımdan layihə eyni gündə ikinci və üçüncü oxunuşda müzakirəyə çıxarılaraq sakit şəkildə qəbul edilib.
Oxucuların diqqətinə çatdıraq ki, layihəyə münasibətdə iqtidardakı Bakı-Şirvan və Naxçıvan klanı arasında ziddiyyətlər mövcud idi. Bu barədə ötən sayımızda geniş məlumat verdiyimizdən təkrarçılıq etmək istəmirik. Qısaca onu qeyd edək ki, sənədin Ayaz Mütəllibova şamil edilməsi Bakı-Şirvan klanına vahid lider problemini həll etmək üçün lazım idi. Bu isə Naxçıvan klanının maraqlarına ziddi olduğundan bu qruplaşmaya yaxın deputatlar sənədə qarşı çıxırdılar. Lakin görünən odur ki, nəticədə Paşayevlər bu məsələdə qalib gəldi.