Hakimiyyətin Rusiya mətbuatında IŞID-in Azərbaycanla bağlı planlarını susqunluqla qarşılaması şübhəli məqamlardan xəbər verir
Sülhəddin Əkbər: «Azərbaycanda terror təhdid səviyyəsi yüksəldilməlidir»
Azərbaycana IŞID təhlüksinin artdığı ilə bağlı müxtəlif məlumatlar gəlməkdədir. Hətta IŞID-in Cənubi Qafqazı qan gölünə çevirəcəyi də bəyan edilir.
Rusiya xüsusi xidmət orqanları Azərbaycandan IŞID terror qruplaşmasına pul köçürmələrini qeydə alıb. “Izvestiya” qəzetinin yazdığına görə, noyabrın 18-də Rusiya prezidenti Vladimir Putin bu məqsədlə xüsusi komissiya yaradıb.
Türkiyədə keçirilən G20 sammitində isə Putin deyib ki, Rusiyanın əldə etdiyi məlumatlara görə, terrorçulara maliyyə 40 ölkədən daxil olur.
Və belə ölkələrin arasında Rusiyanın özünün də yer aldığı dəqiqdir. “Rosfinmonitorinq”dən “Izvestiya” qəzetinə daxil olan məlumatlara əsasən 2013-2014-cü illər ərzində Rusiyanın 80 regionundan 3500-ə yaxın rusiyalı terrorçu qruplaşmalara pul vəsaitləri göndərib. Bu il isə xüsusi xidmət orqanları IŞID-ə 300 milyon rubl göndərildiyini qeydə alıblar. “IŞID-in fəaliyyət zonaları ilə həmsərhəd olan ölkələrə pul köçürmələri sistemi ilə ötürülmüş maliyyə vəsaitlərinin analizi aparılır. Ilkin analizə görə, biz əhəmiyyətli həcmdə əməliyyatların həyata keçirildiyini görürük. MDB ölkələrindən birinci yerdə Qazaxıstandır, ikinci Azərbaycandır, üçüncü yerdə isə Türkmənistan gəlir” – “Izvestiya”ya danışan mənbə qeyd edib.
Digər tərəfdən bir müddət əvvəl də Putin belə bir bəyanatla çıxış etmişdi ki, MDB ölkələrindən IŞID sıralarına qoşulanların sayı 7 min nəfəri keçib.
Məsələnin maraqlı tərəfi odur ki, Rusiya niyə məhz bu məlumatları ictimailləşdirir? Niyə bu məlumatlar gizlin şəkildə dövlət başçılarına çatdırılmır?
Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər bildirdi ki, MDB məkanında IŞID-ə ən çox dəstək Rusiyadan verilir. S.Əkbərin sözlərinə görə, Rusiya mövcud terror təhdidini daha qabarıq göstərməklə MDB-nin digər ölkələrini də daha sıx əməkdaşlığa cəlb etmək istəyir. Eyni zamanda Putin Rusiyaya böyük ehtiyacın olduğunu qabartmaq istəyir: “Rusiya Suriyada IŞID-lə ciddi mübarizəyə keçib. Digər terror təşkilatları da Rusiyanın hədəfindədir. Bu baxımdan onu da nəzərə almaq lazımdır ki, Dağıstanda hərəkətə keçmək üçün göstəriş gözləyən kifayət qədər terror təşkilatları var”.
Azərbaycanın yaranmış vəziyətdə hansı addım ata biləcəyinə gəlincə, S.Əkbər bildirdi ki, terror qlobal bir təhdiddir və qlobal strategiya hazırlanmasa ayrı-ayrı dövlətlərin onun qarşısını alması mümkün deyil: “Heç bir dövlətin dünyaya səpələnmiş terror təşkilatının hücumlarının qarşısını almaq, vaxtında kəşfiyyat məlumatı almaq imkanı yoxdur. Sanki dünya görünməyən bir təhdidlə mübarizə aparmağa məcburdur. Ona görə terrorla mübarizədə qlobal strategiya hazırlanmalıdır”.
S.Əkbər hesab edir ki, IŞID-in Azərbaycanla bağlı planlarına dair məlumatlar ciddi araşdırılmalıdır. S.Əkbərin sözlərinə görə, ona görə bu istiqamətdə həm kəşfiyyat, həm də təhlükəsizlik xidməti güclənməlidir. “Azərbaycanda terror təhdid səviyyəsi yüksəldilməlidir. Bu təhlükəsihlik səviyyəsinin yüksəldilməsi, kəşfiyyat orqanlarının daha aktiv iş aparması deməkdir. Terrorla bağlı informasiya məlumatları vaxtında alınmasa görülən tədbirlər yetərsiz olacaq. Xüsusilə Türkiyənin IŞID-lə mübarizədə aktiv rol aldığı nəzərə alınarsa, Azərbaycan Türkiyə ilə birgə hərəkət etməlidir”.
Xəyal