Suriyadan sonra nəzərlər Azərbaycana dikiləcək

Bu nəzərlər Azərbaycanda avtoritarizmin ləğvinə və demokratiyanın qələbəsinə gətirib çıxaracaq

Azərbaycan təlatümlərdən yaxa qurtara bilməyəcək

“Azərbaycan Avropa Birliyinin məngənəsindədir. Halqa get-gedə daha da daralır və gələn ildən Azərbaycan iqtidarı istər-istəməz köklü islahatlar keçirmək məcburiyyətində qalacaq. Avropa Birliyi Şərq Tərəfdaşlığı proqramı çərçivəsində Azərbaycan daxil olmaqla, Cənubi Qafqaz ölkələrini islah edəcək”. Bu sözləri AXCP sədrinin müavini Razi Nurullayev bloqunda yazdığı açıqlamada bildirib.
Onun sözlərinə görə “2008-ci ildə Rusiya ilə Gürcüstan arasında olan müharibə Avropa Birliyini daha ehtiyatlı və tədbirli davranmağa vadar edib. Məhz, bu müharibədən sonra Avropa Qonşuluq Siyasəti proqramına əlavə olaraq Avropa İttifaqı altı tərəfdaş ölkə (Azərbaycan, Belarusiya, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna) ilə münasibətlərin gücləndirilməsi üçün yeni təşəbbüs göstərib. Şərq Tərəfdaşlığı proqramı Avropa Birliyinin ən perspektivli təşəbbüslərindən biridir. Cənubi Qafqaz ölkələri içərisində isə Qərb üçün ən önəmli yer Azərbaycana ayrılır. Azərbaycan onun üçün açılan bu platformadan uğurla istifadə etsə, tez bir zamanda Avropa Birliyinə üzv də ola bilər. Əminəm ki, Avropa Birliyi təbii resurslarla zəngin bir ölkənin onun üzvü olması üçün imkanlarını əsirgəməzdi. Cənubi Qafqaz ölkələri digər ölkələrdən daha tez Avropa Birliyinə üzv ola bilərlər”.
Ekspert qeyd edir ki “Azərbaycan hələ də Avropa Birliyi ilə Assosiativ Sazış məsələsini razılaşdırıb qurtarmayıb. Proses ləng gedir və bildiyimə görə, Avropa Birliyi də bu gecikmədən razı deyil. Ona görə də Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Təmsilçisi Katrin Aştonun yaxın günlərdə Azərbaycana səfəri zamanı bu məsələ əsas müzakirə mövzularından biri olacaq. Avropa Azərbaycanın cənub sərhəddidir və onlar ölkəmizi bütün xarici hücumlardan qorumaq üçün əllərindən gələni edəcəklər. Hətta, mən deyərdim ki, Azərbaycana xarici təhlükə zamanı Avropa Birliyi Azərbaycan rəhbərliyinin nə düşünməsindən asılı olmayaraq, sərhədlərin təhlükəziliyini qorumağa çalışacaq. Bu bir öhdəlikdir və Azərbaycanın enerji ehtiyatları Qərb üçün keçilməzdir”.
Bununla bərabər R.Nurullayev bir sıra vacib məsələləri də vurğulayır: “Qərb və ABŞ-ın indiyə kimi rejimlərlə apardığı siyasət iflasa uğradı. Bu iflasdan onlar çox ciddi nəticələr çıxarıblar. Biz bunu Ərəb baharında gördük. Artıq Qərb xalqlarla işləməyə üstünlük verir və bilir ki, dövlət rəhbərləri gəldi-gedərdir. Xalq isə qalır. Buna görə də onlar diktatura və avtoritar rejimlərlərlə işbirliyindən çəkinirlər. Elə buna görə də, Qərb Azərbaycanda avtoritarizmdən demokratiyaya keçidi dəstəkləyir. Azərbaycanın iqtidarının bunu istəyib-istəməməsindən asılı olmayaraq bu proses başlayıb və gələn ildən bunun əyani şahidi olacağıq. Azərbaycan müsbətə doğru mütləq şəkildə dəyişəcək. Bunu insanlarımız da bilməli və ruhdan düşməməlidirlər. Biz Avropanın bir hissəsiyik və Avropalılar kimi də yaşamaq qanuni haqqımızdır”. 
Ekspert Suriya və İran məsələsində də Azərbaycana parallellər çəkib: “Beynəlxalq aləmdə baş verən hadisələr də Azərbaycana təsirsiz ötüşməyəcək. Yaxın Şərq hadisələri müsəlman dünyasının ən çox iki dünyəvi dövlətinə  – Türkiyə və Azərbaycana maraqları daha da artıracaq. Türkiyə müsəlman dünyasının avanqardıdır və biz qardaş dövlətin bu uğuruna sevinirik. Bununla bərabər, Türkiyənin bu rolu ilə razılaşmayanlar da var. Azərbaycanı isə müsəlman dünyasının İsveçrəsi kimi görmək istəyənlər daha çoxdur. Buna nail olmaq üçün Azərbaycan demokratikləşməlidir. Tam olaraq demokratik təsisatlar bərqərar olarsa, ölkəmiz dünya çapında söz sahibinə çevrilər. Elə buna görə də, Suriya və İrandan sonra nəzərlər Azərbaycana dikiləcək. Bu nəzərlər Azərbaycanda avtoritarizmin ləğvinə və demokratiyanın qələbəsinə gətirib çıxaracaq. Ümid edirəm ki, iqtidar da bunu gözəl başa düşür və tez bir zamanda islahatların keçirilməsinə rəvac verəcək. Əks halda, Azərbaycan təlatümlərdən yaxa qurtara bilməyəcək”.