Son vaxtlar ölkənin niyə başdan-ayağa qara rəngə bürünməyinin səbəbini hətta xalq ədəbiyyatının ən qədim yazılı abidəsi “Kitabi-Dədə Qorqud” dastanında da tapmaq mümkün deyil. Hərçənd orda belə bir yer var: “Oğlu olanı ağ çadıra, qızı olanı qızılı çadıra, oğlu-qızı olmayanı isə qara çadıra aparın…”. Qədim Oğuz elində artıq bu qayda-qanun çoxdan unudulub. Indi yeni qaydalardan xəbərdar olmaq üçün mütləq ən yeni “dastan”ımızı – “Kitabi-Baba Qorxut”u oxumaq lazımdır. Misal üçün, orda belə bir yer var: “Pulu olanı ağ çadıra, adamı olanı qızılı çadıra, pulu-adamı olmayanı qara çadıra aparın. Altına qara keçə döşəyin, qara qoyun qovurmasından önünə gətirin. Yeyərsə yesin, yeməzsə ölkəni tərk etsin. Əgər etiraz etsə, hay-küy salsa şərlənib zindana atılsın, ya da boynu vurulsun”. Yeni “dastan”da nəinki adamları, hətta şəhərləri, rayonları, kəndləri necə mükafatlandırıb-cəzalandırmağın da boyları var. “Kitabi- Baba Qorxut” da ən çox diqqətimi cəlb edən “Sumqayıt boyu” olduğu üçün orada bir az “gəzişmələr” etmək istəyirəm: Bakıdan sonra ikinci ən böyük şəhər sayılan Sumqayıtı vaxtilə məşhur şairlər “Təməl daşları”ndan tutmuş “Sumqayıt səhifələri”nə kimi gen-bol vəsf ediblər. Artıq altmış yaşını geridə qoyan şəhər gözəlliyini, şuxluğunu, gənclik ruhunu qoruyub saxlasa da yeni icra hakimi nəyə görəsə Sumqayıtı “hüzn libası”na bürüyür. Əcəba, Sumqayıt hansı matəmə hazırlaşır ki, küçələrinə ağ-qara daşlar döşənir, mağazalarının qapı-pəncərəsinə qara şüşələr salınır? Bəs ölkəni dünyada tanıdacaq, hakimiyyətin 18 ildə yeganə uğuru olan möhtəşəm “Eurovision-2012″ musiqi yarışmasına beləmi hazırlaşarlar? Ayıb olsun! Görünür, ölkədəki avtomobillərin qapı-pəncərəsindən çıxarılan, istifadəsinə qadağa qoyulan qara şüşələrin hamısını Eldar Əzizov alıb, o biri icra hakimlərinə heç nə qalmayıb. Yoxsa onlar da ağası olduqları ərazilərdə qara şüşədən gen-bol istifadə edərdilər. Yaxşı, tutalım ki, obyektləri qara şüşəyə salınan dükan sahiblərinin adamı, pulu yoxdur. Onları ”qara çadıra” salmaqla cəza verirlər. Bəs ölkəyə gələn turistlərlərin nə günahı var? Qara şüşəli dükanların vitrinlərə düzülən qırmızı alma, sarı armud, narıncı kök, ağ kələm, yaşıl xiyar… uzaqdan “maraqlı hədiyyələr” mağazasına bənzəyir. Axı zavallı əcnəbi hardan bilsin ki, qara şüşəli dükanların hansında meyvə-tərəvəz satılır, hansında hədiyyə. Avtomobilinə qara şüşə saldığı üçün cərimə ödəyən bir məşhur türkiyəli aktyordan “kimdən gizlənirsən?” soruşanda, cavabı çox qısa olub: “Məşhuram, izlənirəm. Fanatlarım tanımasın deyə şüşələri tündləşdırdım”. Əcəba, bananı, almanı, kökü, xiyarı… da fanatlarından qorumaq üçünmü qara şüşə arxasında gizlədirlər? Bəlkə də elədir. Axı məmləkətdə indi meyvə-tərəvəz tanınmışlardan daha qıtdı, bahadı, məşhurdu, daha çox izlənirlər, onları qorumaq lazımdır. Indiki vaxtda bir kal armud, qurdlu alma camaaat üçün yaxası orden-medallı yumşaq şairdən, yazıçıdan, artisdən vicdanı qurdlu alimdən, məmurdan daha dəyərli və əzizdir.
Bu yaxında rənglərlə bağlı bir yazı oxudum. Məqalədə hollandların narıncı, çinlilərin qırmızı… və nəhayət, azərbaycanlıların ən çox qara rəngi xoşladıqları bildirilirdi. Yazıda, qara rəngdən başqa bütün rənglərin uğur gətirməsi, insanı həyəcanlandırdığı qeyd olunurdu. Ölkə əhlinin qara rəngə sevgisini nəzərə alıb “Sumqayıt Şüşə Zavodu”nu təcili işə salmaq lazımdır. Axı camaat qara rəngə tutkulu olub, açıq rənglər görəndə əsəbiləşirlər. Uğur, həyəcan bizim nəyimizə lazımdır?! Bir il öncə deputat Aydın Mirzəzadə tək-tük həyəcan keçirənlərə “həyəcanlı dövrdə doğulan uşaqlar bir qədər fərqli olduğu üçün aşağı bal toplayır” öyüd-nəsihətini verəndən sonra daha heç kim qorxudan həyəcanlanmır. Artıq əksəriyyət yataq otağından qara pərdələr asır, yorğan-döşəyini qara atlasdan salır, bayram süfrəsini qara rəngdə açır. Doğru da edirlər. Axı dərd-qüssə, yalan, saxtakarlıq, aclıq, yoxsulluq, intihar xəbərləri… içində çapalayan məmləkətin al-əlvan rənglər harasına yaraşır? Əslində, başımız üstə yellənən üçrəngli bayraq da BIZi çox həyəcanlandırır, hörmətli deputatlar bu haqda ciddi düşünsələr, yaxşı olar…