«Alimlər məgər Faiq Ağayev, Aygün Kazımova səviyyəsində deyil?..»
Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti, YAP üzvü Akif Əliyev “Azadlıq”a üz tutub. O, dövlət başçısının xanımı Mehriban Əliyevaya ünvanladığı müraciətin qəzetdə dərc olunmasını istəyir. Akif Əliyev müraciətində yazır:
“Həyatım ”olum və ya ölüm” arasında vurnuxur. Düşünürəm ki, intihar edim. Əslində, ölümdən də qorxmuram, amma yaşamaq istəyirəm. Heç olmasa, bir məmurun sürücüsü kimi…
13-14 yaşımdan mətbuatda, radioda publisistik yazılarla çıxış etmişəm. Xalq şairi Rəsul Rzanın baş redaktoru olduğu ilk milli ensiklopediyaçılar məktəbinin yaradıcılarından olmuşam. Filologiya elmləri namizədi, ADPU-nun elmi katibi, baş elmi işçiyəm. 1972-ci ildən SSRI Jurnalistlər Birliyinin və Azərbaycan Yazıçılar Birliyinin üzvüyəm. “Azərbaycan ədəbiyyatının sovet dövrü”, “Qələbə və ədəbiyyatımız”, “Cəsarət və mərdlik rəmzi”, “Heydər Əliyev və ədəbiyyatımız” kitabları, dərslik, monoqrafiya və 100-dək filoloji, 500-dən artıq elmi-publisistik əsərlərin müəllifiyəm.
1968-ci ildən 3-cü, 1999-cu ildən isə 2-ci qrup ömürlük əlillik təqaüdü alıram. Bu məbləğ 140 manatdır, amma 2011-ci ilin avqustundan onu da kəsiblər. Səbəbini soruşanda deyirlər ki, yeni əmək pensiyam 188 manat olduğu üçün bu məbləğ bəsimdir.
Bizdə əhalinin pensiya təminatı işində hərc-mərclik hökm sürür. Prezident təqaüdü səviyyəsiz müğənnilərə verilməkdənsə, biz bədbəxt müəllimlərə, alim və jurnalistlərə verilməlidir. Təqaüd ehtiyacı olmayan zümrəyə verilir. Yəni, biz müəllim və alimlər Faiq Ağayev, Aygün Kazımova səviyyəsində də deyilik? 45 illik iş stajına malik olan 2-ci qrup nə qədər əlil var ki, onun təqaüdünü kəsməklə dövlət qazanc götürsün? Doğrudan da, prezident təqaüdü ehtiyacı olmayan milyonçulara verilir.
Sizin rəhbərlik etdiyiniz Heydər Əliyev Fondu, Dövlət Neft Fondu mənim kimi insanlar haqqında nə düşünür?
Qəribədir ki, parlament eks-prezidentlərə güzəştlər nəzərdə tutur, lakin onlara veriləcək imtiyazlar dilənçi kökündə yaşayan insanlara şamil olunmur. Bəlkə bu barədə də düşünək…”.
Sosial şöbə