Əliyevlərin Heydər Əliyevin qızının tədbirinə qatılmamasının səbəbləri barədə yeni məlumatlar
Moskvada Ilham Əliyevin qızı Leyla Əliyevanın baş redaktorluğu ilə nəşr edilən “Baku” jurnalının ingilisdilli versiyası olan “Baku International”ın birinci nömrəsinin təqdimat mərasimi olub. Noyabrın 11-də keçirilən təqdimat mərasimində Rusiya Federasiyası Prezident Administrasiyasının rəhbəri Sergey Narışkin, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Azərbaycanın Sankt-Peterburqdakı konsulu Qüdsi Osmanov, Azərbaycan diasporunun təmsilçiləri, Rusiyanın dövlət orqanlarının nümayəndələri, incəsənət xadimləri və iştirak ediblər.
Bu tədbirdən 4 gün əvvəl, yəni noyabrın 7-də Moskvada Heydər Əliyevin qızı Sevil Əliyevanın bəstələrinin yer aldığı musiqi albomunun təqdimat mərasimi olmuşdu. Lakin həmin tədbirdə nə Əliyevlər ailəsinin üzvləri, nə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, nə də Azərbaycan diasporunun nümayəndələri göründü.
“Azadlıq” Sevil Əliyeva ilə qardaşı Ilham Əliyevin münasibətlərində soyuqluq olduğunu əsas gətirərək yazmışdı ki, təqdimat mərasiminə Əliyevlər ailəsinin və Azərbaycanın Rusiyadakı təmsilçilərinin qatılmaması təsadüfi sayıla bilməz.
BAX: Hakim ailə Sevil Əliyevanın tədbirinə qatılmadı
Qəzetimiz bu məsələ ilə bağlı iki versiya irəli sürmüşdü: Birinci versiyaya görə, Sevil Əliyeva qardaşı ilə münasibətlərinin soyuq olması üzündən Əliyevlər ailəsi, həmçinin Azərbaycanın Rusiyadakı təmsilçilərini tədbirə dəvət etməyib. Ikinci versiyaya görə isə, Əliyevlər ailəsi Heydər Əliyevin qızının tədbirini boykot edib.
Görünür, şübhələrimiz əsassız deyilmiş. Hər halda ortada ciddi problem olmasaydı, ən azı Azərbaycanın Rusiyadakı təmsilçiləri “Baku” jurnalının ingilisdilli versiyasının təqdimat mərasiminə həvəslə qatıldığı kimi Sevil Əliyevanın da tədbirində iştirak edə bilərdilər. Hakimiyyətə yaxın mənbə isə “Azadlıq”a bildirib ki, Sevil Əliyevanın tədbiri boykot olunub: “Sevil Əliyeva Ilham Əliyevə və onun ailəsinə dəvət göndərməyə bilər. Çünki ailə arasında narazılıq var və bu, artıq hər kəsə bəllidir. Azərbaycanın Rusiyadakı təmsilçilərinin tədbirə qatılmaması isə, ortada daha ciddi problemin olduğunu deməyə əsas verir. Düzdür, ola bilər ki, Sevil Əliyeva Polad Bülbüloğlunu və diasporanın nümayəndələrinə də dəvət göndərməsin. Amma təcrübə göstərir ki, bizim məmurlar ailənin tədbirlərinə dəvət gözləmədən də qatıla bilirlər. Bu baxımdan Azərbaycanın Rusiyadakı təmsilçilərinin tədbirə qatılmamasının səbəbi onlara dəvətnamə göndərilməməsi ola bilməz. Bu, heç bir halda inandırıcı görünmür. Onlara Sevil Əliyevanın tədbirinə qatılmamaq tapşırığı verilməsi daha inandırıcıdır”.
Informasiya şöbəsi