“Avropanı rüşvətə ortaq etməyin”
Koordinasiya Şurasının növbədənkənar toplantısı olub
İctimai Palatanın (İP) Koordinasiya Şurasının növbədənkənar toplantısı keçirilib. Toplantı barədə məlumat verən Koordinasiya Şurasının üzvü, AXCP sədri Əli Kərimli bildirib ki, müzakirəyə çıxarılan ilk məsələ İctimai Palatanın işinin təşkili ilə bağlı olub: “Bu istiqamətdə bir sıra razılaşmalar əldə olundu, lakin müzakirələr davam edəcək. İctimai Palatanın Gənclər Komitəsinin formalaşması ilə bağlı məsləhətləşmələr oldu. Qərara gəlindi ki, gələn həftə İctimai Palataya daxil olan gənclər təşkilatlarının liderlərinin iştirakı ilə bu məsələ ayrıca müzakirə oluncun. Bu barədə qərar verməmişdən qabaq həmin gənclərin mövqeyi öyrənilsin. İctimai Palatanın rəhbər qurumlarının seçkisi ilə də bağlı prinsipial qərar qəbul olundu. Qərara alındı ki, əsasnaməyə dəyişiklik edilsin. Müəyyən edilsin ki, İctimai Palatanın rəhbər strukturu olan Koordinasiya Şurası qurumun sessiyalarında 15 nəfərdən ibarət tərkibdə bir il müddətinə seçilir. Bu o deməkdir ki, Koordinasiya Şurasının səlahiyyət müddəti başa çatana qədər şuraya yeni seçkilər də keçiriləcək”.
Ə.Kərimli daha sonra ölkədə baş verən hadisələrlə bağlı iki bəyanat qəbul etdiklərini bildirir: “Son vaxtlar dünyanın nüfuzlu KİV-lərində Azərbaycan hökumətinin adından lobbiçilik edən təşkilatların, xüsusən AVCİYA adlı QHT-nin Qərbdən olan parlamentariləri satın almağa cəhd göstərmələri, onlara rüşvət vermələri haqqında çoxlu məlumatlar verilir. Bu barədə AŞPA-nın Azərbaycandakı siyasi məhbuslar üzrə xüsusi məruzəçisi Ştrasser də açıqlama vermişdi. Bundan bir az əvvəl də Azərbaycan hökumətinin Beynəlxalq Boks Federasiyasına rüşvət yolu ilə təsir etmək cəhdlərindən yazmışdılar. Xoşgəlməz bir vəziyyət yaranıb. Azərbaycan rəsmiləri müxtəlif təşkilatlar vasitəsilə beynəlxalq qurumları da korrupsiya və rüşvətə öyrətməyə çalışırlar. Bununla bağlı İctimai Palatanın ayrıca bəyanatı olacaq. Biz Azərbaycan hakimiyyətindən ölkənin imicinə xələl gətirən belə hərəkətlərdən çəkinməyi tələb edir, həm də dünya ictimaiyyətini ehtiyatlı olmağa çağırırıq. Çox təəssüf ki, Avropada bəzi şəxslər Azərbaycan hakimiyyətinin rüşvət təkliflərindən imtina edə bilmirlər”.
Koordinasiya Şurasının müzakirə etdiyi növbəti məsələ 2 aprel məhbusları ilə bağlı olub: “2 aprel məhbuslarının apelyasiya şikayətinə baxılması ləngiyir. Bu çox ciddi qanun prozuntusudur. Xüsusən sonuncu məhkəmədən sonra Arif Hacılı, Məhəmməd Məcidli və Tural Abbaslı qeyri-qanuni olaraq həbsdə saxlanılır. Bununla bağlı ayrıca bir bəyanatla çıxış etdik”.