Qadir İbrahimli: «Gəlirlərin belə sürətlə tükənməsi davam edəcəksə, yaxın zamanlarda xarici borc təhlükəli həddə çata bilər»
Maliyyə Nazirliyi Azərbaycanın xarici borcu haqqında məlumat yayıb. Oktyabrın 1-nə olan xarici dövlət borcu 6,730.9 milyon ABŞ dolları (7,054.0 milyon manat), xarici dövlət borcunun Ümumi Daxili Məhsula (ÜDM) olan nisbəti 12.4 faiz təşkil edib. Borc statistikasına hökumətin birbaşa öhdəlikləri və dövlət zəmanətilə cəlb edilmiş kreditlər üzrə şərti öhdəliklər daxil edilib.
Borc vəsaitlərinin 8.0%-i 10 ilə qədər, 58.6%-i 10 ildən 20 ilə qədər, 33.4%-i isə 20 ildən artıq olan müddətə cəlb olunub.
01 oktyabr 2015-ci il tarixi vəziyyətinə xarici borc üzrə alınan kreditlərin valyuta tərkibi aşağıdakı kimi olub: XBH (Beynəlxalq Valyuta Fondunun Xüsusi Borcalma Hüquqları) – 9.4 faiz, valyutalar üzrə isə ABŞ dolları ilə – 66.0 faiz, avro – 20.3 faiz, yapon yeni – 2.6 faiz, Islam dinarı – 0.6 faiz, BƏƏ dirhəmi – 0.5 faiz, Səudiyyə rialı – 0.4 faiz, Küveyt dinarı – 0.2 faiz.
Əsasən Dünya Bankı, Asiya Inkişaf Bankı, Islam Inkişaf Bankı, Avropa Yenidənqurma və Inkişaf Bankı, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi və digər beynəlxalq maliyyə qurumlarından cəlb edilmiş vəsaitlər iqtisadi islahatlar proqramlarının dəstəklənməsi, infrastrukturun bərpası və yenidən qurulması, habelə yol tikintisi, regionların su təchizatının yaxşılaşdırılması, dəmir yolu nəqliyyatı xidmətlərinin təkmilləşdirilməsi, sənaye və s. sahələrə istifadə edilib.
Amma bəzi ekspertlərin hesablamalarına görə, ölkənin xarici borcları 25 milyarda yaxındır. Bura həm ARDNŞ-in 7 milyardlıq borcu, həm də bankların 6.9 milyardlıq xaricə ödənilməli olan məbləğ də daxildir. Bundan başqa, ARDNŞ yaxın azamanda xarici və daxili borcalmaya da gedəcək.
Iqtisadçı Qadir Ibrahimli bildirdi ki, əgər şirkətlərin və bankların aldığı borc dövlət təminatı ilə götürülməyibsə, bu, dövlətin xarici borclarına daxil edilmir. Azərbaycanın xarici borclarının həcminin ÜDM-in cəmi 12 faizini təşkil etdiyini deyən Q.Ibrahimli vurğuladı ki, təhlükəli hədd 40 faizdir. “Amma gəlirlərin belə sürətlə tükənməsi, maliyyə böhranının dərinləşməsi baş verəcəksə yaxın zamanlarda belə bir təhlükəni gözləmək olar”, deyə Q.Ibrahimli qeyd etdi.
Xəyal