Bu gün Antalyada işinə başlayan «G-20» sammiti çərçivəsində ABŞ prezidenti ilə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında keçən görüş başa çatıb.
Bir saat davam edən görüşdən sonra Obama və Ərdoğan terrora qarşı birgə fəaliyyət göstərmək barədə qərar veriblər.
Ərdoğan bildirib ki, Fransadakı terrorda 129 nəfərin həyatını itirməsindən kədərlənirlər və bu vəhşəti qınayırlar: «G-20» sammitini əvvəlcədən müəyyənləşdirilən mövzular üzrə davam etdirəcəyik. Lakin dünyada baş verən terror olayları ilə bağlı mövqeyimiz sammitdə çox qəti və sərt şəkildə dilə gətiriləcək».
Prezidentlər Suriya məsələsini də müzakirə ediblər. Ərdoğanın sözlərinə görə, koalisiya qüvvələri ilə bağlı bundan sonra atılacaq addımları dəyərləndiriblər. “Bundan sonra əməkdaşlığımızı dünya barışı adına davam etdirəcəyik”, – deyə Ərdoğan qeyd edib.
Obama da Parisdəki terrordan irəli gələn vacib məsələlərin G20 sammitində əsas mövzuya çevriləcəyini qeyd edib. “Ankaradakı hücumdakı kimi, Parisdə baş verən də sadəcə Fransa və Türkiyəyə deyil, bütün insanlığa edilən hücumdur. Bu xain hücumu edənlərin ədalət mühakiməsilə üzləşməsi üçün əlimizdən gələni etməyə hazırıq. Türkiyə həm Suriya, həm də İraqda İŞİD-lə mübarizədə önəmli bir koalisiya ortağıdır. İŞİD təhlükəsinin axırına necə çıxacağımızı müzakirə etdik. Türkiyə və türk xalqı əksəriyyəti Suriya və İrqadan olmaqla, 2.5 milyon qaçqın saxlayır. Bu çox ağır yükdür. Bu böhranın həllinə yardım üçün başqa ölkələrin nə edə biləcəyi barədə danışdıq”, – deyə Obama bildirib.
azadliq.info