Ayıblarına kor olublar, yoxsa qəbahətləri var?
MTN-də baş verənlər ölkənin əsas mövzusudur. Hamı generalların zülmündən, qurumdakı korrupsiyadan, ağlagəlməz işgəncələrdən danışır. Amma hökumət mətbuatı yenə də susub.
Hansısa müxalifət fəalının sutkalıq həbsinə palaz boyda yazı həsr edib “araşdırma” aparanlar, indi 10-larla generalın cinayət əməllərinə göz yumublar. Gecə-gündüz Leyla Yunusu, Xədicə Ismayılı, Intiqam Əliyevə və digər siyasi məhbusları vətənə xəyanətdə, vergidən yayınmaqda ittiham edən “mətbuat”, indi milyardlarla manatın taleyinə biganə qalıb. Məsələ burasındadır ki, rejim mətbuatı hələ istintaqı davam edən, haqqında məhkəmə hökmü olmayan müxalifətçilər haqqında da ağzına gələni yazır, insanlara şər-böhtan atmaqdan çəkinmir. Amma rəsmi şəkildə generalların həbs olunması elan edilir, bu adamların törətdikləri əməllərlə bağlı faktlar yayılır və s. Bütün bunlardan sonra yenə də 70-ci dərəcəli məsələlərdən yazırlar.
Çünki, pərt vəziyyətdə qalıblar. Səcdə etdikləri hökumət komandası bir-bir deşifrə olunur, sübuta yetirilir ki, bu vətənə xəyanət edən də, ölkəni talayan da bu hakimiyyətin komandasıdır.
Əslində özünü vətənpərvər adlandıran, “biz dövlət üçün əhəmiyyətli olan xəbərlərdən yazırıq” deyib, cəsarətsizliklərinə haqq qazandıranlar, indi hökumətdən hesab sormalıydı. Baş verənlərdə hakimiyyətin məsuliyyətini xatırlatmalıydı.
Amma yaza bilməzlər. Çünki, özləri də bu çirkli bulaqdan su içirlər və bütün komanda eyni vəziyyətdədir. Bu “vətənpərvər” qəzetlər ancaq Avropanı söyüb, ölkə müxalifətinə şər-böhtan atmağı bacarırlar. Bunların qələmləri ancaq hökumətə mədhiyyə yazmağı bacarır.
Indi bütün paxırlar ortaya çıxıb, dünənə qədər “qəhrəman” kimi təqdim etdikləri adamlar cinayətkar çıxıb. Ona görə də məsələnin dərinliyinə getmirlər, cinayətlərin izinə düşmürlər.
Hər dəfə belə prinsipial məqamlar ortaya çıxanda, rejim mətbuatı “taym-aut” götürür. Çünki, oyunun bu mərhələsində oynamağa “nəfəs”ləri çatmır.
Ancaq, pafoslu danışmağı, milli maraqlardan dəm vurmağı bacarırlar. Milli təhlükəsizlik məsələsi gündəmə gələndə isə yoxa çıxırlar.
Göründüyü kimi, əsl ikili standartlar bunların qəzetçiliyində, jurnalsitikasında əks olunub. Hətta bu qədər açıq ifşalardan sonra da tərifləmək üçün fürsət axtarırlar. Guya, bu cinayət əməllərinin üstünün açılması hökumətin qətiyyətindən doğur. Ancaq bütün baş verənlərin müəllifi başda duranlardı.
Bəlkə bu “susmuşlar” haqqında da MTN-in kompromatı var? Bəlkə, pis işlərinə görə danışmaqdan qorxurlar?
Samir