Rafiq Əliyevi müdafiə bəyanatında PA rəhbərinə sərt ittiham
Mehdiyev ”elmi kommunizm” üzrə “mütəxəsis” ola-ola AMEA-nın həqiqi üzvü ola bilər, dünya elminin aparıcı simalarından sayılan Rafiq Əliyev ola bilməz?
“Bu cür zorakı addımlarla ölkədə haqq-ədalətin bərpasını, islahatların keçirilməsini istəyən ziyalıları geri çəkilməyə vadar etmək mənasız işdir”
Ziyalılar Forumu akademik Rafiq Əliyevin Neft Akademiyasının “Avtomatlaşdırılmış Idarəetmə Sistemləri” kafedrasının müdiri vəzifəsindən azad edilməsi ilə bağlı bəyanat yayıb. Bəyanatda deyilir: “Rafiq Əliyevin vəzifəsindən azad edilməsi haqqında məlumatı təəccüb və təəssüflə qarşıladıq.
Rafiq Əliyev dünya elminin nailiyyətləri sayılan böyük uğurlar əldə edib. Qeyri-səlis modellər, avtomatik idarəetmə, kompüter texnologiyaları ilə məşğul olan bu böyük elm adamı dünya elminin üfüqlərini genişləndirib və Azərbaycan elmini yüksək bir zirvəyə qaldırıb. O əldə etdiyi böyük nailiyyətlərlə Azərbaycan elminin tarixini yaratdı. Təkcə onun rəhbərliyi ilə müdafiə etmiş elmlər doktorları və namizədlərinin siyahısına diqqət yetirilsə, Azərbaycan elmində Rafiq Əliyevin hansı zirvədə dayandığının şahidi olarıq. Onun adı bu gün dünyada innovasiya texnologiyalarının müasir inkişafını təmin edən 3-5 elm nəhəngi ilə birgə çəkilir. Bir anlığa diqqət yetirək, Rafiq Əliyevin kitabları və dərslikləri haralarda nəşr edilir: Nyu-Cersi, London, Singapur, Hong-Kong, Köln, Moskva və digər böyük elmi mərkəzlərdə. Belə dünya şöhrətli bir alimdən elmin və tədrisin inkişafında axıra qədər yararlanmaq əvəzinə, biz onun Neft Akademiyasında tutduğu vəzifədən azad olunmasının şahidi oluruq. Azərbaycan ”analoqsuz” göstəricilər ölkəsidir. Dünyanın yararlandığı bir alimin siyasi mülahizələrə görə elm və təhsil müəssisəsindən uzaqlaşdırılmasının dünyada analoqunu tapmaq çətindir”.
Bəyanat müəllifləri qeyd edir ki, R.Əliyev həmişə öz prinsipial vətəndaş mövqeyinin ziyanını çəkib: “Bir neçə il əvvəl Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü seçildiyi halda onun qanuni seçkisinin nəticələri qeyri-qanuni şəkildə ləğv edildi. Bu vəziyyəti müşahidə etdikdə sual yaranır – Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev ”elmi kommunizm” üzrə “mütəxəsis” ola-ola Azərbaycan Milli Elmlər Akademiyasına həqiqi üzv seçilə bilər, öz elmi potensialı ilə dünya elminin aparıcı simalarından sayılan Rafiq Əliyev niyə AMEA-nin həqiqi üzvü ola bilməz? Axı, seçkilər haqqında əsasnaməyə görə, dünya elminə böyük töhvə verən əsərlərin müəllifi Akademiyanın həqiqi üzvü seçilə bilər. Ramiz Mehdiyevin hansı əsəri bu göstəriciyə uyğundur? Lakin belə ədalətsiz addımlarla böyük bir alimi, böyük bir müəllimi və böyük bir vətəndaş olan Rafiq müəllimi öz yolundan döndərmək mümkün olmadı. Sözün tam mənasında Rafiq müəllim son illərdə öz prinsipial mövqeyi, ictimai fikrə təkan verən yazıları, Azərbaycan Ziyalılar Forumundakı fəaliyyəti ilə əsl vətəndaşlıq nümunəsi göstərir. Dəyişən dünyada Azərbaycanın yerini və rolunu artırmaq, ölkədə demokratik dəyərlərə söykənən bir cəmiyyət formalaşdırmaq onun fəaliyyətinin əsas qayəsini təşkil edir. Gələn il Rafiq Əliyevin 70 yaşı tamam olur. Bu böyük alimin yubileyinə hazırlıq tədbirləri görmək əvəzinə onun əsasını özü qoyduğu kafedradan uzaqlaşdırılması heç bir sağlam məntiq anlayışlarına sığmır. Rafiq Əliyev bu millət üçün gördüyü bütün xeyirli işlərin mükafatını öz vicdanından gözləyən nadir ziyalılarımızdan biridir. Ona qarşı belə ədalətsiz hərəkət Azərbaycan ictimaiyyətinin ciddi narahatçılığına səbəb olub. Bu cür zorakı addımlarla ölkədə haqq-ədalətin bərpa olunmasını, demokratik islahatların keçirilməsini istəyən ziyalıları məqsəd və məramından geri çəkilməyə vadar etmək mənasız işdir. Biz belə addımlar atmağa meylli olan hakimiyyət nümayəndələrini ölkədə yaranmış vəziyyətin məsuliyyətini düzgün dərk etməyə, dünyada baş verən hadisələrdən nəticələr çıxarmağa çağırırıq”.