AXCP sədrinin müşavirinin həbsdə qanunsuz saxlanılması barədə şikayətə baxılacaq
AXCP sədrinin müşaviri Məmməd Ibrahimin barəsində həbs-qətimkan tədbirinin müddəti dekabrın 30-na qədər uzadılıb. Bu barədə dünən Nərimanov Rayon Məhkəməsində hakim Turqan Hüseynov qərar çıxarıb.
Bu haqda “Azadlıq”a Məmməd Ibrahimin vəkili Yalçın Imanov məlumat verərək bildirib ki, həbs müddətinin uzadılması məsələsinə baxılacağını ona məhkəmə prosesindən az əvvəl xəbər veriblər.
Yalçın Imanov onu da qeyd edib ki, noyabrın 16-da Nərimanov Rayon Məhkəməsində Məmməd Ibrahimin məhkəmə qərarı olmadan 16 saatdan artıq müddətdə saxlanılmasından şikayətə baxılacaq.
Qeyd edək ki, Cinayət Prosessual Məcəlləsi 48 saatdan artıq şübhəli şəxs qismində saxlanmanı qadağan edir. Məmməd Ibrahim oktyabrın 30-da axşam həbs olunub və ona münasibətdə bu müddət oktyabrın 2-də axşam saat 23.30-da başa çatıb. Onun barəsində oktyabrın 3-də saat 16.00 radələrində həbs-qətimkan tədbirinin seçilməsinə dair qərar çıxarılıb. Bu isə o deməkdir ki, AXCP sədrinin müşaviri 16 saat heç bir qərar olmadan, qanunsuz həbsdə saxlanılıb.
Xatırladaq ki, Məmməd Ibrahim Razi Nurullayevin dəstəsindəki Mikayıl Quliyevin şikayət ərizəsi əsasında başlanmış cinayət işi üzrə sentyabrın 30-da saxlanılıb. Mikayıl Quliyev iddia edir ki, Məmməd Ibrahim onu vurub. Məmməd Ibrahim isə həbsindən əvvəl açıqlamasında bildirmişdi ki, Mikayıl Quliyev özü ona hücum edib. Baş verənlər isə onu həbs eləmək üçün əvvəlcədədn planlaşdırılmış təxribatdı.
Əvvəlcə Məmməd Ibrahimə qarşı Cinayət Məcəlləsinin 221.1-ci maddəsilə ittiham irəli sürülmüşdü. Sonradan daha iki nəfər “zərərçəkmiş” ortaya çıxarıldı. Guya, Məmməd Ibrahim davada onları da vurub. Bundan sonra ona qarşı CM-nin 221.2.2-ci maddəsilə yeni ittiham irəli sürüldü.
Aytən