Ankara sərhəddə 55 min əsgər və 500 zirehli texnika cəmləşdirdi
Türkiyə Suriya ərazisində quru əməliyyatlarına başlaya bilər. Hazırda onminlərlə əsgərin və yüzlərlə zirehli texnikanın Surya ərazisinə girməsi müzakirə olunur.
“F-16”lar da dəstək verəcək
Planın reallaşacağı təqdirdə quru qüvvələrinəÿ “Incirlik”dən qalxan “F-16”lar dəstək verəcək.
Ankara quru əməliyyatlarına yalnız Türkiyənin deyil, koalisiya qüvvələrinin də qatılacağını düşünür. Lakin koalisiya qüvvələri dəstək verməsə belə, Türk Silahlı Qüvvələri sərhədə yaxın IŞID qüvvələrinə qarşı havadan və qurudan zərbələr eindirməyi planlaşdırır. Türkiyənin əsas məqsədi Suriya ərazisində IŞID-dən təmizlənilmiş “təhlükəsiz bölgə” yaratmaq və ölkələrini tərk etmək məcburiyyətində qalan suriyalıların bu bölgəyə yerləşdirilməsini təmin etməkdir.
Hazırda Türkiyə Silahlı Qüvvələri Suriya sərhədində 55 min əsgər və 500 zirehli texnika cəmləşdirib. Canlı qüvvə və hərbi texnikadan IŞID silahlılarına qarşı həyata keçiriləcək yerüstü əməliyyatlarda istifadə olunacaq.
Buna qədər rəsmi Ankara dəfələrlə bəyan etmişdi ki, IŞID region, o cümlədən Türkiyə üçün real təhlükədir.
Kürdlər də IŞID-ə qarşı hücuma keçdi
Bu biri tərəfdən də Iraqdakı kürdlər IŞID silahlılarının nəzarəti altında olan Sincar şəhərinə hücum ediblər.
Kürd komandanlığı hücumun dünən yerli vaxtla saat 7-də başladığını bildirir. Əməliyyatda 8 minə yaxın döyüşçü iştirak edir. ABŞ və koalisiya qüvvələrinin aviasiyası kürd döyüşçülərə havadan dəstək verirlər.
Kürd hərbi komandanlığının məlumatına əsasən, Sincara gedən yolun bir hissəsi nəzarət altına alınıb, IŞID qruplaşmasının iki dayaq nöqtəsini birləşdirən yol kəsilib. Iraq televiziyasının yaydığı xəbərə görə, kürd silahlıları Sincar şəhəri meriyası binasını ələ keçiriblər. IŞID isə kürdlərin hücumunun dəf olunduğunu bildirib.
IŞID Iraqın şimalında yerləşən Sincarı 2014-cü ilin avqust ayında ələ keçirib. Həmin vaxt yezidi kürdlər şəhəri tərk etmişdilər. Sincardan qaça bilməyənlər isə cihadçıların əlinə düşmüşdü. Onlardan yüzlərlə kürd qətlə yetirilib, minlərlə yezidi qadın isə əsir götürülüb.
Iraqın Sincar və Mosul şəhərləri habelə Suriyadakı Raqqa şəhəri Islam Dövləti qruplaşmasının mühüm dayaq məntəqələri hesab olunur.
Kürd döyüşçüləri bir neçə dəfə Sincar şəhəri və eyni adlı dağı nəzarət altına almağa çalışıblar. Lakin onların cəhdləri heç bir nəticə verməyib.