Ekspertlər Əmanətlərin Sığortalanması Fondunun arqumentlərini əsassız sayır
Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ƏSF) icraçı direktoru Azad Cavadov mətbuatda Fondun sığorta ehtiyatlarının az olması ilə bağlı səslənən fikirlərə münasibət bildirib. ƏSF rəhbəri deyib ki, hazırda Fondun sığorta ehtiyatları Avropa standartları ilə müəyyən edilmiş normadan 2 dəfə çoxdur.
“Avropa standardlarına görə, əmanətlərin sığortalanması ilə məşğul olan fondun sığorta ehtiyatları bütün əmanətlərin 0,8%-i qədər olmalıdır. Yəni bu gün Azərbaycanda 7,3 milyard manat əmanət varsa, ƏSF-nin sığorta ehtiyatları 58 milyon manat olmalıdır. Halbuki, bizdə bu rəqəm 109 milyon manatdır. Onu nəzərə almaq lazımdır ki, əmanətlərin böyük hissəsi böyük banklarda yerləşdirilib və onlarda sığorta hadisəsinin olması ehtimalı azdır. Nisbətən kiçik olan 20 bankda isə cəmi 100 milyon manat əmanət yerləşdirilib. Yəni bu banklarda problem yaransa belə, Fondun əmanətləri qaytarmağa pulu var. Odur ki, əmanətlərlə bağlı narahatlığa ehtiyac yoxdur”- deyə Azad Cavadov qeyd edib.
“Narahatlığa səbəb yoxdur”
A.Cavadov onu da əlavə edib ki, ƏSF-nin sığorta ehtiyatları bütün sığortalı əmanətləri qaytarmağa imkan verməsə, bu işi dövlət edəcək: “Bütün bank sisteminin çökməsi onsuz da mümkün deyil. Amma sığorta ehtiyatlarımız əmanətləri qaytarmağa imkan verməsə belə, əmanətlərin sığortalanması qanunvericiliyinə uyğun olaraq, Fond istiqraz buraxmaqla, ən pis halda dövlətdən vəsait cəlb etməklə əmanətləri qaytara bilər. Bu təcrübə başqa ölkələrdə də olub. Məsələn, 1998-ci ildə Yaponiyada, 2003-cü ildə Türkiyədə əmanətlər dövlətin hesabına qaytarılıb. Eləcə də yaxın dövrdə MDB-nin 2 ölkəsində Rusiyada və Ukraynada əmanətlərin sığortalanmasına cavabdeh fondların pulu çatmamışdı, dövlət əmanətçilərin pulunu qaytardı. Azərbaycanda da bunu etmək olar”.
Qeyd edək ki, Əmanətlərin Sığortalanması Fondunun bu ilin doqquz ayının yekununa əsasən fiziki şəxslərin cəmi əmanətləri 7,336 milyon manat olmaqla ümumi əmanətlərin 60 faizini təşkil edib. Həmin əmanətlərin real olaraq 2.2 milyard manatı qorunur. Ekspertlərə görə, bu isə o deməkdir ki, əhalinin banklarda olan pullarının 70 faizi qorunmur. Hesabat dövrünə fiziki şəxslərin ümumi əmanətləri 659 milyon manat (10 faiz), qorunan əmanətlər 2,003 milyard manat (66 faiz) artıb, qorunmayan əmanətlər isə 1,344 milyard manat (-37 faiz) azalıb.
“Statistik rəqəmlər təhlükədən xəbər verir”
Doğrudur, bu ilin doqquz ayının yekununda fiziki şəxslərin cəmi əmanətlərinin 69 faizinin, yəni 5,044 milyard manatının qorunduğu göstərilir. Lakin bu vəsaitlərin heç də hamısı sığortalanmayıb. Göstərilən rəqəm sadəcə olaraq, açılan depozit hesablarıdır. Məsələn, bir vətəndaş 50 min manat əmanəti banka yerləşdiribsə, onun yalnız 30 minə qədər olan hissəsi sığortalanıb. Həmin sığortalanan hissəyə isə kompensasiya olunmuş əmanət deyilir.
Fondun məlumatından aydın olur ki, hesabat dövründə kompensasiya olunan əmanətlərin həcmi 2,213 milyon manat olub. Bu da ümumi əmanətlərin 30 faizini, qorunan əmanətlərin isə 44 faizini təşkil edir.
Üzv banklar tərəfindən 7 304 127 əmanətçiyə xidmət göstərilir ki, onların da 6 634 971 nəfəri (91 faizi) qorunan əmanətçidir. Qorunan əmanətçilərin 99,6 faizinin əmanəti 30 min manata qədərdir və 100 faiz sığortalanır.
Qorunan əmanətlərin 71 faizi ABŞ dollarının, 25 faizi manatın, 4 faizi avronun payına düşür. Hazırda Fondun sığorta ehtiyatları 109,4 milyon manat təşkil edir.
“Əmanətlərin Sığortalanması Fondu deyil, ölkənin bütövlükdə bank sistemi böyük riskin altına girib”
Məsələ ilə bağlı iqtisadçı Nemət Əliyevin fikrini öyrəndik. N.Əliyev bildirdi ki, Əmanətlərin Sığortalanması Fondu üzərinə böyük öhdəlik götürüb. Çünki yüz milyonluq ehtiyatların fonunda üzərinə 5 milyarddan artıq əmanətin sığortalanmasını götürmək özü qeyri-ciddi səslənir: “Sənin yüz milyonluq ehtiyatın varsa, sən beş milyardlıq yükün altına necə girə bilərsən? Yalnız Əmanətlərin Sığortalanması Fondu deyil, ölkənin bütövlükdə bank sistemi böyük riskin altına girib. Əmanətlərin Sığortalanması Fondunun belə təşəbbüslə çıxış etməsinin səbəbi odur ki, manata olan etibarı geri qaytarsınlar. Fond psixoloji gərginliyi yatırmağa hazırlaşır. Amma düşünürəm ki, hökumət daha ciddi addımlar üzərində düşünməlidir”.
Hikmət