Şimon Peres: “Kəşfiyyat məlumatları təsdiq edir ki, bizim vaxtımız çox azdır”
Təl-Əviv Tehranla problemlərin həllində güc variantına daha çox meyllidir
Israil rəsmilərinin son günlər Irana hərbi müdaxilənin qaçılmaz olduğuna dair açıqlamalarına prezident Şimon Peresdən dəstək gəlib. Peres Israilin “Kanal 2” telekanalına müsahibəsində bildirib ki, Təl-Əviv Iran probleminin diplomatik həlli variantından daha çox, hərbi yolla həllinə çalışır.
Şimon Peresin sözlərinə görə, Iranın nüvə probleminin hərbi həll variantı ilə bağlı bir neçə məqam diqqətdən yayınmamalıdır. Çünki müxtəlif ölkələrin kəşfiyyat xidmətləri Tehran rejiminin nüvə silahı əldə etməyə yaxın olduğuna dair tutarlı məlumatlara sahibdir. Belə olan halda, problemin diplomatik yolla həlli variantının gündəmdən çıxarılması daha məqsədəuyğundur: “Kəşfiyyat məlumatları təsdiq edir ki, bizim vaxtımız çox azdır. Iran nüvə silahının istehsalına çox yaxındır. Bəlkə də bir il, yarım il, 3 kvartal qaldığı bu vaxtda biz beynəlxalq ictimaiyyətə müraciət etməli və ondan öhdəliklərinin yerinə yetirilməsini tələb etməliyik. Çünki vaxt çatıb”.
Diqqəti çəkən əsas məqam isə budur ki, Israil prezidenti bu bəyanatı ölkənin kütləvi informasiya vasitələrində yayılan bir sıra məlumatlardan sonra səsləndirib. Həmin məlumatlarda isə bildirilirdi ki, Israilin baş naziri Benyamin Netanyahu Irana qarşı mümkün hərbi əməliyyatların keçirilməsi üçün kabinetin əsas nazirlərinin çoxunun dəstəyinə nail olmağa çalışır. Ancaq Israilin xarici işlər naziri Aviqdor Liberman bu məlumatları tənqid edərək, onları tamamilə yolverilməz hesab edib və bunun ölkəyə böyük ziyan vuracağını deyib.
Avropanın nüfuzlu “The Guardian” qəzeti isə bir neçə gün əvvəl bildirmişdi ki, ABŞ Iranın nüvə obyektlərinə hava zərbələri endirməyi planlaşdırır. Xəbərdə o da deyilirdi ki, Ingiltərə hərbçiləri Iranın nüvə obyektlərinə hücum məqsədilə Yaxın Şərqdə öz donanmasını, həmçinin “Tomahawk” qanadlı raketlərinin olduğu sualtı qayıqlarını yerləşdirməyi planlaşdırır.