2015-ci ilin yanvar-oktyabr aylarında Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə vergi daxilolmaları 5 milyard 970 milyon 247,0 min manat təşkil edib. “Marja” xəbər verir ki, bu barədə nazirliyin məlumatında qeyd edilir.
Xəbər verildiyi kimi, 2014-cü ilin yanvar-oktyabr aylarında nazirliyin xətti ilə dövlət büdcəsinə vergi və rüsum daxilolmaları 6 milyard 144 milyon 974 min manat təşkil edib. Beləliklə, 2015-ci ilin 10 ayı ərzində nazirliyin xətti ilə dövlət büdcəsinə vergi daxilolmaları 2,9% azalıb.
“2015-ci ilin yanvar-oktyabr aylarında Vergilər Nazirliyi dövlət büdcəsinə vergi və rüsum daxilolmaları üzrə planı 100,1% yerinə yetirib. Nazirliyin xətti ilə vergi və rüsumların faktiki yığım həcmi 5 milyard 970 milyon 247 min manat təşkil edib”, – deyə məlumatda qeyd olunur.
Vergilər Nazirliyinin 2015-ci il dövlət büdcəsinə köçürmələr üzrə planı 7 milyard 112 mln. manat, o cümlədən qeyri-neft-qaz sektorundan köçürmələr üzrə 4 milyard 812 mln. manat təşkil edir. Beləliklə, Vergilər Nazirliyi noyabr-dekabr ayları üzrə təxminən 1,14 milyard manat vergi toplayaraq dövlət büdcəsinə köçürməlidir.