Əliyevçi sistemin Əliyev soyadlı qurbanı
Ilk yazımızda mayor Dursun Əliyevin (Qarabağ döyüşçüsü; cinayətkarı yaxalayarkən əməliyyatda yaralanan zabit; 2008-ci ildə DIN onu “qüsursuz xidmətə görə” medalı ilə təltif edib) narkotik satmaqda ittiham olunaraq 07 iyun 2011-ci il tarixdə həbs edildiyini yazmışdıq. Polis mayorunun bacısı Tamilla Əliyeva bizə bu həbsin əsassız olduğunu, qardaşının yuxarı rəislərinin – Binəqədi rayon Polis Idarəsinin rəisi Ağalar Məhərrəmov və idarənin Cinayət Axtarışı Şöbəsinin rəisi Heydər Heydərlinin şərinə tuş gəldiyini bildirmişdi. Birinci yazıdan xəbərsiz oxucular üçün qısa xatırlatma edək ki, rəsmi açıqlamaya görə, D.Əliyev xidməti otağında 2 qram marixuana satarkən Mütəşəkkil Cinayətkarlığa qarşı Idarənin əməkdaşları onu həbs edib.
Plan
Indi bizim əlimizdə D.Əliyevin birbaşa fikirlərini əks etdirən sənəd var. Görək o, ona tikilən torbanı necə təsvir edir. O, baş prokurora yolladığı müraciətdə yazır ki, 4 iyulda gecə xidmətdə olarkən, Kamran Hümbətov adlı əməliyyat müəvəkkili bir sərxoş oğlanı bölməyə gətirir. Sərxoş bölməyə girəndə bir ədəd “Kazbek” papirosunu cibindən çıxarıb yerə ataraq tapdalayır. D.Əliyevin sözlərinə görə, “Kazbek”də tütün qarışıq marixuana olub, buna görə o, siqareti yerdən yığaraq kabinetinə gətirib, burdakı printerin üzərinə qoyub.
Agentlər nə qədər maaş alır?
Bu yerdə hadisənin axarını dayandırıb iki şəxsin xüsusi təqdimatına ehtiyac yaranır. Onlardan biri hal şahidi Müşfiq Əliyevdir. Ikincisi isə “Fedya” ləqəbli Fərahim Qarayevdir. Bunlardan ikincisi istintaqın versiyasına görə, mayordan narkotik alan şəxs, birinci isə narkoticarətin hal şahididir. Dursun Əliyev isə onları başqa yöndən bizə tanıdır. Diqqət edək: “Müşfiq Əliyevi muzdlu agent kimi tanıyıram. O, özü də mənimlə üzləşmə zamanı etiraf etdi ki, 8 aydır muzdlu agentdir və buna görə ayda 106 manat maaş alır. Hətta o giley-güzar etdi ki, son 2-3 ayda maaşını yubadırlar”.
Şərti alıcı “Fedya” 6 ildir onunla qatı düşmən münasibətdə olan Heydər Heydərlinin muzdlu agentidir. Həmçinin o, narkomandır. Fedya muzdlu agent kimi polisdən ayda 231 manat maaş alır. Agentə maaşlar barədə rəqəmlər havadan götürülməyib, D.Əliyev yazır ki, son 6 ildə, 2011-ci ilin yanvarınadək Binəqədi RPI-nin CAŞ-si ilə əlaqədə olan agentlərin aylıq məvacibini DIN-in mühasibatlığından özü alıb Idarəyə gətirməklə məşğul olub.
Gəlmişəm otağına şərləyim səni…
Qayıdırıq, “Kazbek” printerin üzərinə qoyulan gecənin səhərinə. Həmin gün “Fedya” D.Əliyevin kabinetə girib əlindəki narkotik vasitəni ona göstərərək bildirib ki, indi Heydər Heydərlinin yanından gəlir. Heydərlinin işi çox olduğundan nəşəni çəkməyə ona şərait yarada bilməyib, xahiş edir ki, bu imkanı mayor Əliyev yaratsın”. Mayor Əliyev bu sözlərə hiddətlənir və deyir ki, bu dəqiqə onu həbs edəcək. Elə bu zaman onun otağının giriş qapısı təpiklə açılır, DIN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsinin işçiləri içəri daxil olurlar və dərhal Dursun Əliyevin qollarına qandal vuraraq, onu kabinetdən çıxarırlar.
Polis polisə amansız işgəncələr verir
“Məni qandallayıb həyətdəki polis avtomaşınına mindirirlər və 2-3 saat orada saxlayırlar. Bu qədər vaxtdan sonra DIN Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Idarəsinə apararaq, Reketə qarşı mübarizə şöbəsinin rəisi Adil Həsənov adlı şəxsin kabinetinə salındım və burada döyüldüm”.
Onun sualı
D.Əliyevin bədənindəki zorakılıq izləri o istintaq təcridxanasına gətirilərkən də təsdiqlənib. Əliyev də özünə qarşı provokasiya və ədalətsizik olduğunu bəyan edir və deyir ki bütün əmək fəaliyyətini əməliyyat xidmətində keçirən bir polis mayoru, bilə-bilə ki, tabeliklərində olduğu idarə rəisi və şöbə rəisi ona düşmən münasibət bəsləyir və onu sözün əsl mənasında məhv etməyə məqam axtarırlar, öz xidməti kabinetində 20 manata 2 qram marixuananı polisin məxfi əlaqədə olduğu şəxsə satarmı?
Haqq qalib gələcək?
Yaxın günlərdə D.Əliyevin işi məhkəmədə araşdırılacaq. O, prosesi udmağa ümidlidir. Əksi olsa, yol Avropa Insan Haqları Məhkəməsinə uzanacaq. “Orda isə şəksiz qələbə mənimdir”,- yazır məhbus mayor.
Natiq Güləhmədoğlu
P.S. Hələlik məhkəməni gözləyirik. Məhkəmənin gedişi ilə bağlı əlavə məlumatlar verəcək, polisin polisə qarşı “narkotik əməliyyatı” ilə bağlı araşdırmamızı davam etdirəcəyik.