Qəsəbənin yolları bərbaddır; kanalizasiya sistemi partlayıb, çirkli sular evlərə axır; maklerlər dələduzluqla, işsizlər isə oğruluqla məşğuldur
Sabunçu qəsəbəsi bərbad günündədir. Insanlar bir tikə çörək üçün ora-bura vurnuxurlar. Axşam evlərinə gələndə isə çörək pulu qazanmaq üçün çəkdikləri əziyyətlərin min qatını məişət problemləri əvəzləyir. Indi onların nə dərdlərini dinləyən var, nə də kömək üçün müraciət etdikləri bir qurum qalıb. Hara müraciət edirlərsə “məsələ diqqətimizdədir” cavabını alırlar. Məsələ artıq illərdir ki, diqqətdə olsa da, ortalıqda heç nə yoxdur.
Dələduz maklerlər
Sabunçuda hər addımbaşı “evlərin alqı-satqısı və kirayəsi” dəmir lövhəli elan vurulan kiçik daxmalara rast gəlmək mümkündür. Işin dərinliyinə gedəndə məsələnin arxasında maraqlı və qaranlıq məqamların dayandığını görməmək mümkün deyil. Sakinlərlə söhbət zamanı məlum oldu ki, həftədə ən azı 3-4 ev ya satılır, ya da alınır. Ancaq bu işin müqabilində heç bir vergi ödənilmir. Hətta alqı-satqı mərkəzlərinin heç biri qeydiyyata götürülməyib. Qeydiyyata alınmamağın səbəblərindən biri lazım olan rüsumu ödəməmək, qazancları bir başa öz ciblərinə qoymaqdır. Sual oluna bilər ki, bu cür mərkəzləri işlədənlər qeydiyyatdan necə yayınırlar. Qəsəbədə olduğumuz zaman öyrəndik ki, sözügedən dükanların sahibləri ofislərini tez-tez dəyişirlər. Yəni bir-iki ay Mayakovski küçəsində makler adıyla dələduzluq edənlər sonra Asif Əsədullayev küçəsində yer götürürlər. Bir müddət keçir Asif Əsədullayev küçəsindəki ofis Əfəndiyev küçəsindəki ofislə yerini dəyişir. Bir sözlə, alqı-satqı mərkəzləri bir növ gecəqondu kimi fəaliyyət göstərirlər. Buna baxmayaraq, onları qeydiyyata almaq mümkündür. Ancaq müəyyən səbəblərdən bu, baş vermir. Sahə müvəkkillərini, polis idarəsinin işçilərini “görüm-baxım” edib işlərini görürlər.
Maklerlərin satdığı evlərin çoxu isə qeyri-qanuni tikililərdir. Xüsusilə də aeroport yolu və Sabunçu dəmir yolu vağzalının yaxınlığındakı tikililər. Buradakı evlər su qiymətinə satılır. Ancaq sonradan bu satışın səs-küyü ərşə dirənir. Evi alan və yaxud satan şəxs bir neçə aydan sonra bilir ki, mənzili, sən demə, qeyri-qanuni imiş. Yalnız MIS, ya da ən yaxşı halda bələdiyyə sədri səviyyəsində alqı-satqı reallaşdırılıb. Həmin evlərdə yaşayanların demək olar ki, hamısı elə rayonda qeydiyyatdadırlar. Hazırkı yaşadıqları ünvana “propiska” olmaq üçün pul verdikləri şəxslərə müraciət edəndə isə “hələ gözləyin” cavabını alırlar. Və bir müddətdən sonra mübahisə hüquqi müstəviyə keçir. Məhkəmə isə həmin ərazilərin Dövlət Neft Şirkətinin ərazisinə daxil olması barədə qərar çıxarır. Necə deyərlər, “it də gedir, ip də”. Qazanan isə maklerlər olur. Onlar həm satandan, həm də alandan “şirinlik” pulu alır. Bu azmış kimi, satan şəxsdən evin qiymətini öyrənib alan müştəriyə bir-iki min dollar bahasına satır. Zaman keçir, məhkəmə qərarından müddət ötdükdən sonra həmin evlər, ya da torpaqlar yenidən bələdiyyə, yaxud Neft Şirkətinin əliylə satışa çıxarılır. Beləcə, hər şey saat əqrəbi kimi dövr edir.
Oğruları kimlər himayə edir?
Yerli sakinlərin dediyinə görə, qəsəbənin ən təhlükəli yeri Sabunçu dəmir yolu vağzalıdır. Bu yerdə də qəsəbənin mərkəzində yaşanan problemlər göz deşir – antisanitariya, özbaşınalıq, çirkab suların axıdılması, bir sözlə, məmur harınlığı. Ancaq daha bir biabırçı fakt vağzalda olan oğurluq hadisələri ilə bağlıdır. Həmin proses, hətta həyət evlərində də geniş yayılıb. Vağzalda və onun yaxınlığında yerləşən evlərdə bu, ifrat dərəcədədir. Sakinlərin dediyinə görə, oğurluq hadisələri əsasən axşam saatlarında baş verir. Vağzala gələnlərin əşyaları bir göz qırpımında “yoxa” çıxır. O cümlədən vağzal ətrafında saxlanılan maşınların bəziləri – yaxşı qiymətə satıla bilən hissələri bir göz qırpımında oğurlanıb aidiyyəti dükanlara ucuz qiymətə satılır. Maşın hissələri satan dükanların əksəriyyəti də alveri elə bu şəxslərlə edirlər… Çünki onların verdikləri hissələr həm ucuz, həm də “nadir” tapıntılardır.
Bizə verilən bilgilərə görə, oğruların da kimliyi sahə müvəkkillərinə məlumdur. Onlar barədə isə hər hansı ölçü götürülmür. Sakinlərin bildirdiklərinə görə, gecə saatlarında qəsəbəyə çıxmaq daha təhlükəlidir. Baxmayaraq ki, qəsəbənin mərkəzində Sabunçu rayon Polis Idarəsi və onun bölməsi yerləşir. Ancaq zavallı sabunçulular gecə vaxtı qonağı gələndə həyətindən bir addım kənara çıxa bilmirlər. Evlərində oğurluğun qarşısının alınması üçün əksəriyyəti həyətində it saxlayır. Polisdən və oğrudan nagüman olanlar çarəsini yalnız itə bağlayır.
Qışda qaz olmur
Qəsəbənin ən böyük problemlərindən biri də yolların bərbad olmasındadır. Aydınbəyov küçəsi isə bu məsələdə vurub hamını yıxır. Məktəblilər hər səhər bu yollarla dərsə gedirlər. Dəfələrlə aidiyyəti orqanlara müraciət edilsə də, bunun heç bir xeyri olmayıb.
Azacıq yağış yağan kimi gölməçələr əmələ gəlir. Marşrut sürücüləri isə həmin ərazidən keçmirlər. Bu da sərnişinlərin işini bir qədər də çətinləşdirir. Sakinlərin sözlərinə görə, avtobus sürücüləri qış aylarında marşrut trayektoriyasını dəyişir, qəsəbənin içəri məhəllələrinə getmirlər. Sakinlər də bu çətinliklərə qatlaşıb avtobusların təyin etdikləri dayanacaqlara qədər piyada getməyə məcbur olurlar. Qışda kanalizasiya xətləri tez-tez partlayır. Çirkab suları qəsəbənin yollarına, evlərə, həyətlərə axır. Ona görə də qəsəbədə rütubət çoxdur. Indiyə qədər yerli icra hakimiyyətinin təşəbbüsü ilə hansısa abadlıq, təmir-tikinti işlərinin aparıldığını görməyən Sabunçu əhli asfaltın hansı rəngdə olduğunu bilmirlər.
Qəsəbədə qaz problemi də həllini tapmayıb. Havalar soyuyanda əksər ərazilərə mavi yanacaq verilmir. Camaat odun sobasından istifadə edib evlərini qızdırır.
Sakinlər Sabunçu Rayon Icra Hakimiyyətinə mavi yanacaqla bağlı müraciət ediblər. Onlara hər il olduğu kimi bu il də problemlərinin diqqət mərkəzində olduğu söylənilib.
Üfunətdən mənzillərdə oturmaq olmur. Divarlar kifdən mamır bağlayıb. Qurdların əlindən tərpənmək mümkün deyil.
Sakinlərin həyatı təhlükə altındadır. Gecə yarısı maşınlar bu yollardan keçə bilmir. Çünki qazılmış xəndəyə düşürlər. Telefon və elektrik dirəkləri əyilib. Onları ayaqüstə yalnız naqillər saxlayır. Bir gün uçacaq. Insanların həyatı təhlükədədir.
***
Sabunçu əhli hər il olduğu kimi, bu il də ümidlərini Allaha bağlayıblar. Çünki çovğunlu qışdan sağ çıxa biləcəklərinə ümidləri yoxdur.
Onlar nə vaxtsa səslərinə səs veriləcəyinə əmindirlər. Ancaq nə vaxt, bunu hələ bilmirlər. Indi qışdan sağ-salamat çıxmaq qəsəbə əhli üçün prioritet məsələdir…
Ramin DEKO