Noyabrın 9-da İranın Təbriz, Ərdəbil, Urmiyə, Zəncan və başqa şəhərlərində, eləcə də paytaxt Tehranda Azərbaycan tüerklərinin izdihamlı etiraz aksiyaları keçirilib. Aksiyalara sbəb İranın televiziyasının 2-ci kanalında İRİB TV-2 kanalında yayımlanmış verilişdə türklərin təhqir edilməsidir.
Uşaqlar üçün nəzərdə tutulmuş “Fitilieh” (farscadan tərcümə: fitil) komediya proqramında belə bir səhnəcik hazırlanıb: Azərbaycanlı uşaq tualet fırçası ilə diş fırçasını səhv salır və dişlərini tualet fırçasıyla təmizləyir. Bundan sonra uşağın atası otel sahibindən üzr istəyir və oteldən gələn pis qoxuya uşağın səbəb olduğunu bildirir. Uşaq və atasının dialoqu azərbaycan dilində verilib. Proqram noyabrın 6-da yayımlanıb.
Telekanalın bu verilişini özlərinə qarşı həqarət bilən Güney Azərbaycan türkləri hiddətlənib və etiraz aksiyalarına qərar verilib.
Nümayişlər Urmiyədən başlayıb. Urmiyə Universitetinin yüzlərlə tələbəsi meydana çıxıb. Nümyaişlər daha sonra o biri şəhərlərdə başlayıb.
İranda yaşayan azərbaycanlılar barədə xəbərlər yayan Oyan News səhifəsinin verdiyi məlumatda deyilir ki, Urmiyədə tələbələr universitet binasının qarşısında toplaşaraq “Azərbaycan milləti çəkəmməz bu zilləti”, “Türk dilində mədrəsə” və “Haray haray, mən türkəm!” şüarlarını səsləndirib. Urmiyə şəhərindən olan deputat Cavad Cahangirzadə də aksiyada iştirak edib.
“BBC Farsca”nın verdiyi xəbərdə deyilir ki, İranın Dövlət Televiziya və Radio Şirkəri bəyanat verərək “Fitilieh” verilişində səslənən sözlərə görə azərbaycanlılardan üzr istəyib. Təşkilatın verdiyi bəyanatında deyilir ki, faktiki olaraq bu verilişin yayımı “səhlənkarlıq” səbəbindən “lazımlı işlər görülənə və son nəticəyə gələnə kimi” bağlanıb və kanalın işçilərindən biri vəzifəsindən uzaqlaşdırılıb.
“6 noyabr tarixində efirə gedən verilişdə “yalnışlıq, diqqətsizlik, verilişi hazırlayan əlaqədar şəxslərin düzgün nəzarət etməməsi səbəbindən, azərbaycan dilində gedən dialoqlar cəsur və əziz azərbaycan dilli həmvətənlərimizin narahatçılığına və inciməsinə bais olmuş və şikayətlərin daxil olmasına səbəb olub.
Bu səbəbdən də, telekanalın yayım direktoru və uşaq verilişləri departamentinin direktoruna işində səhlənkarlığa görə yazılı töhmət veriləcək, verilişin nəzarətinə məsul olan yayım direktorunun müavininə isə töhmət verilərək işdən çıxarılacaq”, – deyə bəyanatda qeyd olunur.