Keçmiş deputat ziyalıların forumunda sürpriz sözlər dedi
«Korrupsiya Azərbaycanı, az qala Dağlıq Qarabağ problemi qədər çətin vəziyyətə salıb»
“Məhkəmələrdəki ədalətsizliklər nəticəsində insanların ah-naləsi ərşə dirənib”
Bir qrup tanınmış ictimai xadimin təsis etdiyi Ziyalılar Forumu dünən “Milli birlik yolları və şərtləri” mövzusunda müzakirələr keçirdi. Mövzu ətrafında əvvəlcə politoloq Eldar Namazovun məruzəsi dinlənildi. Təsis etdikləri forumun artıq üç yaşa qədəm qoyduğunu deyən Eldar Namazov, həmçinin yeni saytları – “aydinliq.az”ı təqdim etdi.
Azərbaycan cəmiyyətində parçalanma hökm sürür
Eldar Namazov dedi ki, Azərbaycan cəmiyyətində ciddi parçalanma hökm sürür, dialoq mühiti yoxdur. Bu da bolşevik təfəkküründən qaynaqlanır. Onun sözlərinə görə, hakimiyyət özünü “qırmızılar”, müxalifəti isə “ağlar” kimi təsəvvür edir. Beləcə, ölkədə sinfi mübarizə gedir.
“Biz A nöqtəsindən D nöqtəsinə getməliyik” deyən məruzəçi bildirdi ki, D nöqtəsi deyəndə demokratiya, milli birliyin təmin olunduğu ölkəni nəzərdə tutur. Lakin Eldar Namazov həmin o nöqtəyə necə getmək barədə konkret danışmadı. Sadəcə, vurğuladı ki, vəziyyətin dəyişməsi üçün islahatlar başlamalıdır.
Eldar Namazov onu da dedi ki, Ziyalılar Forumunun irəli sürdüyü təkliflərin bir neçəsini hakimiyyət reallaşdırıb. Politoloq bunu təsadüf sayır. Buna misal olaraq, o, eks-prezidentlər barədə qanun layihəsinin parlamentə təqdim olunmasını, gənc blogerlər Adnan və Emin Millinin azadlığa buraxılmasını göstərdi. Eldar Namazov ümid edir ki, siyasi məhbusların azad edilməsi, siyasi dialoqla bağlı təkliflərinə də müsbət reaksiya veriləcək.
Müstəqil Azərbaycanda müstəqilliyini qoruya bilməyənlər
Şair Ramiz Rövşən isə milli birliyin olmamasının səbəbini özünəməxsus formada izah etdi. O dedi ki, 10 il əvvəl Bakıdakı zəlzələ binaları çartladıb bütövlüyünə xələl gətirdiyi kimi, 20 il əvvəl baş vermiş mənəvi zəlzələ də adamların bütövlüyünü pozub: “Bütöv olmayan insanların birliyə, bütünlüyə söykənən cəmiyyət qurması mümkün deyil”.
Ramiz Rövşənin sözlərinə görə, cəmiyyətin müqəddəratıyla bağlı ziyalıların çiyninə böyük yük düşür. Amma təəssüf ki, çoxları bu məsuliyyətdən yayınır. Hətta sovet dövründə müstəqilliyini qoruyan ziyalılar belə, müstəqil Azərbaycanda bu özəlliklərini saxlaya bilməyib, yalana yuvarlanıblar.
Ramiz Rövşən: “Mən inqilab istəmirəm”
Ramiz Rövşən Müsavat funksioneri Arif Hacılının məhbəsdən yolladığı məktubda hakimiyyətin son iki addımını (eks prezidentlərlə bağlı qanunun qəbulu və Türkiyə ilə qaz müqaviləsinin imzalanması) müsbət qiymətləndirməsini təqdir olunası və milli barış üçün cəhd kimi qiymətləndirdi. Şair dedi ki, hakimiyyət də bu cür hərəkətlərə adekvat reaksiya verməlidir.
Ramiz Rövşən çıxışını siyasi bəyanatla yekunlaşdırdı: “Mən inqilab istəmirəm! Biz inqilab istəmirik! Bunu anlamayanlar nadanlardır!”
Şair ardınca da əlavə etdi ki, onları hakimiyyətdə də, müxalifətdə də anlamayanlar var.
Rüşvət də inhisardadır
Tarixçi alim Cəmil Həsənli isə dedi ki, Azərbaycan cəmiyyəti 100 ildir milli barış, bu ideologiyanı həyata keçirməyin yollarını axtarır: “Əslində, Azərbaycan cəmiyyətində milli müxtəliflik yoxdur. Məsələyə milli birlik konsepsiyasından yanaşanda məlum olur ki, sadəcə, millətlə bir olmayanlar var. Xalqımızın problemi çörək axtarışı deyil, ədalət axtarışıdır. Bu, milli birliyə təsir edən ən böyük amildir. Azərbaycan əlində olan bütün fürsətləri itirə-itirə gedir. Qanunla, konstitusiya ilə idarə olunmayan ölkədə milli birliyə nail olmaq çox çətindir. Idarəçilik baxımından Azərbaycan bir holdinqə bənzəyir. Artıq ölkəni Konstitusiya ilə idarə etmək arxa plana keçib. 15-20 rayonu bölüb bir nazirə verirlər, olur oranın kuratoru. Azərbaycanda bütün sahələri inhisara alıblar, indi də rüşvətin inhisarı gedir. Daha az adamın daha çox rüşvət toplaması prinsipi tətbiq olunur. Indi ”düz”, “doğru” adam deyəndə, tələb olunan rüşvəti tam yığıb yuxarı çatdıran, rüşvətin hesabatını düz verən insanlar nəzərdə tutulur. Bizim cəmiyyəti dünənin adamları, kommunist təfəkkürlü insanlar idarə edirlər. Tarixdə elə bir cəmiyyət yoxdur ki, onu dünənin adamları idarə etsin, amma bu gününü tapsın. Bu, mümkün deyil”.
Cəmil Həsənli çıxışının sonunda bu yaxınlarda Islam partiyası üzvlərinin barəsində çıxarılan hökmə də münasibət bildirdi. O, əminliklə dedi ki, bu həbslərin hamısı quramadır, şər-böhtandır, həmin adamların nə silahı olub, nə də dövlət çevrilişi etmək cəhdləri.
Gültəkin Hacıbəyli Ramiz Rövşənin əks-inqilabçılığına qarşı
Keçmiş deputat Gültəkin Hacıbəyli də çıxışında Azərbaycan cəmiyyətinin dialoqa ciddi ehtiyacı olduğunu vurğuladı. Fikrini də belə izah etdi ki, cəmiyyətdə hamını razı salan konsensus yoxdur. Keçmiş deputatın sözlərinə görə, dialoq da ilkin şərt irəli sürülmədən aparılmalıdır.
Çıxışında indiki və keçmiş dövlət başçılarının heç birinin adını çəkmədən, hökumətin bəzi müsbət addımlarını sadaladıqdan sonra Gültəkin Hacıbəyli kəskin tona keçdi. Ramiz Rövşənin “biz inqilab istəmirik” fikrinə istinad edən xanım Hacıbəyli dedi ki, inqilab istənilməsə belə, Yaxın Şərqdə baş verən hadisələrin, dəyişikliklərin, kataklizmlərin bizim sərhədlərimizə dirəndiyini də gözardı edərək, yaşamaq olmaz.
Azərbaycanda korrupsiya bataqlıq həddindədir
Eks-deputatın sözlərinə görə, Azərbaycanda elə ciddi problemlər var ki, onlara göz yummaq ziyalıya yaraşmaz: “Mən necə deyə bilərəm ki, Azərbaycanda korrupsiya ilə bağlı problem yoxdur? Azərbaycanda korrupsiya bataqlıq həddinə gəlib çıxmayıbmı? Hətta bu problem Azərbaycanı, az qala Dağlıq Qarabağ problemi qədər çətin vəziyyətə salıb. Əksər problemlərin kökündə məhz korrupsiya amili dayanır”.
Məhkəmələrdə baş verən ədalətsizliklər nəticəsində insanların ah-naləsinin ərşə dirəndiyini deyən Gültəkin Hacıbəyli Azərbaycanda məhkəmələrin, hətta “absurddan da betər” qərarlar verdiyini söylədi: “Britaniya parlamenti barədə zarafatla deyirlər ki, o, bircə, qadını kişiyə, kişini isə qadına çevirməyi bacarmır. Azərbaycan məhkəmələri isə bunu bacarır…”
Şahlar Əsgərovdan Ramiz Mehdiyevə atmaca
YAP-ın tanınmış funksioneri Şahlar Əsgərov da çıxışında milli birlik problemi olduğunu təsdiqlədi və bunu dövlət idarəetmə sistemində sovet təfəkkürlü insanların mövcudluğuyla əlaqələndirdi. Onun fikrincə, ilk növbədə bu insanların təfəkkürü dəyişməlidir: “Şimal, cənub qonşumuz dəyişir, biz də dəyişməliyik. Köhnə təfəkkürlə irəli getmək çətindir, təfəkkürümüz dəyişməlidir. Hər kəsin yaxşı mənada dəyişməsini arzu edirəm”.
Ədalətli seçki defisiti
Vəkil Aslan Ismayılov isə çıxışında Azərbaycanı cəhənnəmə yuvarlanan qatara bənzətdi. Onun sözlərinə görə, səlahiyyət sahibləri dərk etməlidirlər ki, “SV” tipli vaqonda olmaq onları uçurumdan qoruya bilməyəcək. Vəkil dedi ki, milli birliyə nail olmaq üçün nə uzun məruzələrə, nə də ağır seminarlara ehtiyac var, sadəcə, ölkədə azad, ədalətli seçki keçirilməlidir.
Bağlı ağızları açmaq istəyirik!
Tədbirdə sonuncu çıxışçı Rüstəm Ibrahimbəyov oldu. O bildirdi ki, forumun əsas məqsədi 20 ildir susan Azərbaycan ziyalısının ağzını açmaqdır: “Rusiyada bir alim dostum var. Qonşusu tez-tez dostumdan borc pul istəyirmiş, dostum da heç vaxt imtina etmirmiş. Ailə üzvləri, övladları isə bundan narazı qalıb deyiblər ki, qonşu uzun illərdir səndən borc alır, amma heç vaxt geri qaytarmır. Dostum da cavab verib ki, borc istəyənə pul vermək mənim vicdanıma, qaytarmaq isə onun vicdanına bağlı məsələdir. Biz vicdanımızın səsinə cavab verib tez-tez yığışmalı, müzakirələr aparmalıyıq, cəmiyyətin, insanların səsini, problemlərini lazımi ünvanlara çatdırmalıyıq. Bizim bundan başqa yolumuz yoxdur. Qalan məsələlər məmurların, hakimiyyətin vicdanından, insanların səviyyəsindən asılıdır”.
Forumun aparıcısı, riyaziyyatçı alim Rafiq Əliyev məlumat verdi ki, müzakirələrin yekunlarına dair sənəd hazırlanacaq, cəmiyyətə açıqlanacaq və hakimiyyətə göndəriləcək.
Natiq Güləhmədoğlu