Elçin Qasımova 30 sutka həbs cəzası verildi

elcin qasimovRespublika Prokurorluğu və Daxili İşlər Nazirliyi noyabrın 6-da yaydıqları birgə məlumatda qeyd edirlər ki, bir gün öncə Bakıda Sabunçu rayonu ərazisində “ictimai qaydanı pozmaq və xırda xuliqanlıq hərəkətlərinə yol verdiklərinə görə Bakı şəhər sakinləri Elçin Qasımov  Sahib Həbibov rayon polis idarəsinin əməkdaşları tərəfindən saxlanıblar.”

Məlumatda qeyd edilir ki, bundan dərhal sonra, özlərini dini hərəkatın tərəfdarları adlandıran və ümumi sayı 60 nəfərədək olan bir qrup şəxs həmin polis orqanının inzibati binasının qarşısında toplaşaraq onların azad edilməsi tələbi ilə razılaşdırılmamış aksiya keçirməyə cəhd göstəriblər.

“İctimai qaydanın pozulmasına yönələn hərəkətlərin dayandırılması barədə polisin xəbərdarlıqlarına baxmayaraq, qanunsuz aksiyanın iştirakçıları hüquqazidd əməllərini davam etdirib, daxili işlər orqanları əməkdaşlarının ünvanına təhqiramiz ifadələr səsləndiriblər. Onlar daş və küt alətlərlə asayiş keşikçilərinə müqavimət göstərib və nəticədə iki polis əməkdaşı bədən xəsarəti alıb” deyə məlumatda qeyd olunub.

Məlumatda qeyd olunub ki, aksiya iştirakçılarından 8-i saxlanılıb və onların qanunsuz hərəkətləri sənədləşdirilərək Sabunçu rayon Məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə saxlanmış şəxslər barəsində toplantıların təşkili və keçirilməsi qaydasının pozulması və polis işçisinin qanuni tələbinə qəsdən tabe olmama maddələri ilə 10 gündən bir ayadək inzibati həbs tətbiq edilib.

***

Müsəlman Birliyi Hərəkatı adlı təşkilatın sədr müavini Elçin Qasımov barəsində məhkəmə qərarı çıxarılıb.
Bunu vəkil Cavad Cavadov bildirib. E. Qasımov bu gün Sabunçu Rayon Məhkəməsində İnzibati Xətalar Məcəlləsinin 310-cu (polisə müqavimət) maddəsi ilə təqsirləndirilərək 30 gün müddətinə azadlıqdan məhrum edilib.

Vəkil həmçinin qeyd edib ki, E. Sadıqovla bərabər saxlanılan digər şəxslər barəsində də məhkəmə müxtəlif müddətlərə inzibati həbs qərarı çıxarıb.

***

Vəkil Cavad Cavadov “Müsəlman Birliyi Hərəkatı”nın İdarə Heyətinin sədri, noyabrın 5-də saxlanılan Elçin Qasımovla görüşə bilməyib. Baxmayaraq ki, onun vəkil orderi olub. Bu barədə Cavad Cavadov facebook səhifəsində məlumat paylaşıb.

Vəkil yazıb ki, noyabrın 5-i axşam Sabunçu Polis İdarəsinə gedib, lakin onu Elçin Qasımovla görüşə buraxmayıblar. Cavad Cavadov hesab edir ki, onu görüşə buraxmamaq Elçin Qasımova işgəncə verilmə ehtimalını artırır.

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov da noyabrın 5-i axşam Sabunçu Polis İdarəsinə gedib və müvəqqəti saxlanma yerində saxlanma şəraiti ilə maraqlanıb. Komitə sədri APA-ya deyib ki, Elçin Qasımovun saxlanmasına görə polislərlə yaranan qarşıdurma zamanı bir neçə dindar saxlanılıb. Onlar bu gün məhkəməyə aparılacaqlar. Saxlanıların heç birinə cinayət işi açılmayıb. Məhkəmə onların inzibati qaydada həbs olunmaları, cərimələnmələri və yaxud azadlığa buraxılmaları barədə qərar verə bilər. Komitə sədrinin sözlərinə görə, saxlanma şəraiti ilə bağlı hər hansı şikayət olmayıb. O, Elçin Qasımova və ya saxlanılan dindarlardan başqa hər hansı birinə işgəncə verilib-verilmədiyi barədə heç nə deməyib.

Ən son məlumata görə, hazırda Elçin Qasımov və digər saxlanılanlar Sabunçu məhkəməsindədir. Onların barəsində inzibati qərar çıxarılacağı gözlənilir. Vəkil Cavad Cavadlının yaydığı məlumata görə, saxlanılan dindarların sayı təxminən 20 nəfərdir.

azadliq.info