İctimai Palata azad mətbuata hücumu müzakirə etdi
Jurnalist həbslərinə, mətbuatın çap və yayımına əsas maneə kimi avtoritar Əliyev rejimi göstərildi…
Azərbaycan mediasının ağır durumu və “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının həbsilə bağlı ötən gün Ictimai Palata Müsavat partiyasının ofisində dinləmə və müzakirələr keçirdi. Ictimai-siyasi fəalların, jurnalistlərin iştirak etdiyi tədbiri Ictimai Palatanın Koordinasiya Şurasının üzvü, AXCP sədri Əli Kərimli açdı. Azərbaycan hakimiyyətinin müstəqil mediaya, azad sözə qarşı aqressiv xətt seçdiyini vurğulayan Əli Kərimli bildirdi ki, bu hücumların tərkib hissəsi kimi Əvəz Zeynallının həbsi xüsusi narahatlıq doğurub. Çünki bu həbs jurnalist azadlığını boğmaq cəhdləridir. Azad media təmsilçilərinin Redaktorlar Birliyinin fəaliyyətini yenidən bərpa etməsini müsbət hal kimi qiymətləndirən AXCP sədri bu qurumu media üçün “özümüdafiə mexanizmi” adlandırdı. Həmçinin bəyan etdi ki, Ictimai Palata azad sözün keşiyində duran ayrı-ayrı jurnalistlərə və media qurumlarına öz dəstəyini əsirgəməyəcək.
“Ramiz Mehdiyev Ilham Əliyevi əsəbiləşdirərək aradan çıxıb”
Daha sonra ölkədə yazılı medianın gerçək durumu və Əvəz Zeynallının həbsilə bağlı “Turan” Informasiya Agentliyinin direktoru Mehman Əliyev çıxış etdi. Redaktorlar Birliyinin uzun fasilədən sonra yenidən fəaliyyətə başlamasına diqqət çəkən Mehman Əliyev dedi ki, bu qurum sonuncu dəfə 2007-ci ildə toplaşmışdı: “Medianın böyük bir hissəsi hakimiyyətlə sövdələşməyə getmişdi, toplantılar keçirilmirdi”.
Lənkəranda jurnalist Aydın Canıyevin, Əvəz Zeynallının həbsi, Bakı, Sumqayıt və Gəncə şəhərlərində mətbu nəşrlərin yayımını həyata keçirən 20 köşkün götürülməsinin Redaktorlar Birliyinin yenidən fəaliyyətə başladığı müddətdə baş verməsini Mehman Əliyev təsadüfi saymır. Onun fikrincə, müxalifyönlü və müstəqil qəzetlərin oxucularının artması fonunda Redaktorlar Birliyinin yenidən fəaliyyətini bərpa etməsi hakimiyyətdə qıcıq doğurub.
“Xural” ətrafında baş verənləri, o cümlədən qəzetin baş redaktorunun həbsini “destruktiv addımlar” kimi qiymətləndirən Mehman Əliyev bu həbsin məsuliyyətinin birbaşa Ilham Əliyevin üzərində olduğunu dedi. Bununla belə, Mehman Əliyev düşünür ki, bu həbsdə bir nömrəli maraqlı şəxs Ramiz Mehdiyev olub. Onun sözlərinə görə, Mehdiyev xeyli vaxtdır ki, Əvəz Zeynallını cəzalandırmaq istəsə də, bunu bacarmırdı. Lakin Əvəz Zeynallının Ilham Əliyevin “Əl-Cəzirə” telekanalına verdiyi müsahibəni kəskin tənqid edən məqalələri Mehdiyevin bu istəyinə çatmasına şərait yaradıb: “Bu məqalələri Ilham Əliyevin qabağına qoyub, onun əsəbi reaksiyası ilə Əvəzi həbsə atdılar. Bununla da Mehdiyev başqalarını irəli verib, özü işin arxasından çıxdı”.
Ağlımız da var, gücümüz də…
Baş redaktorun həbsini siyasi sifarişin nəticəsi kimi dəyərləndirən Mehman Əliyev onu da qeyd etdi ki, məsələ ilə əlaqədar paralel araşdırma aparılacaq: “Əvəzi müdafiə etmək üçün gücümüz də var, ağlımız da…”
Oğrular ifşa olunmamaq üçün mətbuata hücum edir
Azərbaycanda müstəqil media anlayışının yox dərəcəsinə çatdığını deyən Mehman Əliyev bunun yeganə günahkarının hakimiyyət olduğunu vurğuladı. Onun sözlərinə görə, 90-cı illərlə müqayisədə media sahəsində tənəzzül gedib, qəzetlərin əksəriyyəti qorxu və pul gücünə susdurulub. “Turan”ın rəhbəri mediaya basqıları Azərbaycan hakimiyyətinin avtoritar və korrupsioner mahiyyətilə əlaqələndirdi: “Mövcud sistem öz mahiyyətini gizlətmək, cinayətlərinin açılıb-tökülməməsi üçün azad medianın üzərinə ardıcıl hücumlar edir”.
Cəmi 50 nüsxəsi satılan qəzetə niyə reklam verilir?
Məhz avtoritarizm və monopoliya səbəbindən azad medianın reklam problemi yaşadığını da Mehman Əliyev ciddi problem kimi qabartdı. O dedi ki, iqtisadi azadlığını bərpa edə bilmədiyindən bir çox media orqanları məhv olur. Əhalisinin sayı Azərbaycandan dəfələrlə az olan Baltikyanı ölkələrdə qəzetlərə verilən reklamın bizim ölkədəki reklamın həcmindən ağlasığmaz dərəcədə çox olmasını da Mehman Əliyev siyasi hakimiyyətin mediaya neqativ münasibətilə izah etdi. Ölkədə ən çox satılan “Yeni Müsavat”, “Azadlıq” qəzetlərinə yox, gündəlik satışı 50-100 nüsxə arasında olan nəşrlərə reklam verilməsini də məntiqsizlik, siyasi tapşırığa uyğun addım kimi qeyd etdi.
Əli Həsənov həyəcanlanıb
Mehman Əliyev Bakıda köşklərin yığışdırılmasıyla bağlı Ilham Əliyevə etdikləri müraciətə ilkin cavab verildiyini də açıqladı. Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov ona zəng edərək deyib ki, müraciətdə göstərildiyindən fərqli olaraq, problemin arxasında o yox, Bakı meri Hacıbala Abutalıbov durur. Dövlət rəsmisi söz verib ki, yaxın günlərdə bu problemlə bağlı dinləmə aparmaq üçün onları qəbul edəcəklər.
Səssiz qətl
Mətbuat yayımı sahəsindəki problemlərlə bağlı jurnalist Şahvələd Çobanoğlu çıxış etdi. O bildirdi ki, əksər hallarda medianın problemi kimi jurnalistlərin döyülməsi, həbsi qabardılsa da, nədənsə, daha bir ciddi problem diqqətdən kənarda qalır: “Mən bunu ”mətbuatın səssiz qətli” adlandırardım. Bu, qəzetlərin satış imkanlarına, yayımına yaradılan maneələrdir. Qəzetlərin satışına maneə yaratmaq bizim qan damarlarımızı kəsməkdir”.
Məmurlar yayımı da inhisara alıb
Şahvələd Çobanoğlu qəzet yayımı sahəsindəki bərbad durumu apardığı araşdırma əsasında ortaya çıxan faktlarla göstərdi. Dedi ki, Azərbaycanda 1 milyon nəfərə 90 qəzet köşkü düşür. Rusiyada isə bu rəqəm 333 olsa da, ruslar bunu fəlakət kimi qiymətləndirirlər, hətta bu məsələ 3 dəfə parlamentdə müzakirə olunub.
Jurnalistin fikrincə, təkcə yayım sahəsindəki əngəllər aradan qaldırılsa, tirajlar 5 dəfə arta bilər: “Bizi bu tirajlardan məhrum edərək ac qoymaq istəyirlər. Yayım bazarında inhisar var. Onların əksəriyyətinə məmurlar rəhbərlik edir”.
Ilham Əliyevin şər aparatının mühərrikləri
“Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid də media sahəsindəki ağır durumdan danışdı. O dedi ki, azad mətbuat adına ortada cəmi 2-3 qəzet, 50-60 jurnalist qalıb. Yerdə qalan medianı isə Qənimət Zahid “Ilham Əliyevin şər aparatının mühərrikləri” adlandırdı.
Baş redaktor Mətbuat Şurasının fəaliyyətini də tənqid etdi. Bildirdi ki, bu qurumun faktiki real media orqanları ilə bütün işgüzar əlaqələri kəsilib.
Vəziyyətdən çıxış yolunu ancaq fəallığı artırmaqda görən Qənimət Zahid fikrini belə əsaslandırdı: “Biz fəal olduqca avtoritarizm geri çəkilir”.
Baş redaktor son illərdə “reket” nəşrlərin çiçəklənməsinin də korrupsioner hakimiyyətdən bərhələndiyini söylədi: “Bu ölkədə prezidentdən tutmuş ən kiçik komitə sədrinə qədər bütün vəzifəlilər rüşvət alırsa, təbii ki, bəzi ”qoçaq” jurnalistlər də çıxıb bu işlə məşğul olacaq”.
Ləyaqət nümunələri yaratmaq
Publisist Xaliq Bahadır çıxışında bildirdi ki, avtoritarizmə qarşı dirəniş üçün şəxsi ləyaqət nümunələri çox vacibdir. Mediaya qarşı təzyiqlərin səmərə verməyəcəyini vurğulayan Xaliq Bahadır əlavə etdi ki, tezliklə ölkədəki avtoritarizm çökəcək və bununla da mətbuat üzərindəki ağır yükdən xilas olacaq.
Bədbinliyə son qoymaq lazımdır!
Müsavat partiyasının fəalı Sabir Məmədli Azərbaycan jurnalistlərinin fədakarlığ və peşəkarlığından danışdı. Ictimai Palatanın üzvü Soltan Həmid isə müxalifət mətbuatının tirajının artması üçün müxtəlif fikirliliyə imkan yaradılmasını təklif etdi.
Müsavat başqanı Isa Qəmbər isə, müxalifyönlü mətbuatda müxtəlif fikirliliyin olmadığına dair səslənənlərlə razılaşmadı. Isa Qəmbər bildirdi ki, müstəqil mətbuatla bağlı problemlərin günahkarı birbaşa rejimdir: “Azərbaycan cəmiyyəti öz-özünü dəyərləndirsin. Çox az ölkədə Azərbaycanda olan ağır şərtlər altında qəzet çıxarırlar. Özümüzlə bağlı bədbin fikirlər yaymağa son qoymaq lazımdır. Yalançı nikbinliyin də tərəfdarı deyiləm. Lakin hesab edirəm ki, həqiqətləri desək, xeyli nikbin məqamlar ortaya çıxar”.
“Qısa zamanda rejimin süqutunun şahidi olacağıq”
Müsavat başqanının sözlərinə görə, Əliyevlər hakimiyyətinin son mərhələsidir. 2009-cu il referendumu və 2010-cu ilin saxta parlament seçkilərilə hakimiyyət öz sonunu yaxınlaşdırıb. Sonu yaxınlaşdıqca da hakimiyyətdə gərginliyin artması təbiidir.
“Bu çətin mərhələni isə ancaq cəsarətli insanların fədakarlığı ilə adlamaq mümkündür. Bu əsəb müharibəsidir. Çox qısa zamanda rejimin süqutunun iştirakçısı və şahidi olacağıq”, – deyə Isa Qəmbər vurğuladı.
Jurnalistlərin həbsi Əliyevin monopoliyasındadır
Tədbir AXCP sədri Əli Kərimlinin çıxışıyla yekunlaşdı. AXCP sədri bildirdi ki, məruzələrdə azad mətbuatın tirajları ilə bağlı yüksək rəqəmlər səslənməsə də, ictimai fikri məhz bu qəzetlər formalaşdırır, hökumətin nəzarəti altında olan qəzetləri isə oxuyan yoxdur: “Hökumətin ideoloji aparatı sıradan çıxıb. Bir necə qəzet ictimai fikri formalaşdıra bilir, bu da hakimiyyəti qəzəbləndirir. Məruzələrdən aydın oldu ki, hər sahədə olduğu kimi, jurnalist həbsləri üzərində də monopoliya var imiş. Dövlət başçısından başqa hansısa məmurun buna ixtiyar yoxdur”.
Əli Kərimlinin etirazı
Əli Kərimli müxalifyönlü qəzetlərin azad mətbuat kimi qiymətləndirilməməsinə də etirazını bildirdi. Dedi ki, iki əsas qəzet – “Azadlıq” və “Yeni Müsavat” 20 ildir döyüşərək, məhrumiyyətlərdən keçərək bu günə gəlib çatıblar. Odur ki, hansısa siyasi simpatiyasına görə həmin qəzetlərin müstəqilliyini şübhə altına almaq yanlışdır.
Media ilə bağlı beynəlxalq tədbir keçirilməlidir
AXCP sədri çap, yayım və jurnalistlərin peşə fəaliyyətilə bağlı sadalanan problemlərin həlli üçün ciddi beynəlxalq dəstəyə ehtiyac olduğunu da qeyd etdi. Bildirdi ki, bütün ölkələr, qurumlar zəif vaxtlarında kiminsə yardımından istifadə edib, kiməsə çiynini söykəyib. Əli Kərimli təklif etdi ki, medianın problemlərinə dair Ictimai Palata və ya Redaktorlar Birliyinin təşkilatçılığı, donorların iştirakı ilə beynəlxalq tədbir keçirilsin.
Natiq Güləhmədoğlu