Araşdırmaçı jurnalist Xədicə İsmayıl barəsində çıxarılan məhkəmə hökmünə Avropa Birliyindən növbəti etiraz bəyanatı yayılıb. Birliyin xarici işlər və təhlükəsizlik siyasəti üzrə komissarı Federika Magerini ilə genişlənmə və yaxın qonşuluq siyasəti üzrə kommisarı Yohannes Han birgə bəyanatla çıxış edərək, bu hokum pisləyiblər.
Onlar Xədicə İsmayılın işi üzrə yeni və ədalətli məhkəmə prosesi keçirməyi tələb edirlər.
“Xədicə İsmayıl haqqında çıxarılan hökm Azərbaycanda müstəqil jurnalsitlərin nə qədər çətin şəraitəd fəaliyyət göstərdiyini sübut edir. Məhkəmə prosesində iştirak edən beynəlxalq müşahidəçilər onun qərəzsiz olması və ittihamların qanuniliyi ilə bağlı ciddi problemlərin mövcudluğuna şahidlik ediblər. İstər xarici, istərsə də yerli müşahidəçilərin prosesdə iştirakı ilə bağlı ciddi problemlər yaşanıb. Biz Azərbaycan hakimiyyətini ölkənin beynəlxalq öhdəliklərinə uyğun olaraq, Xədicə İsmayılın işinə şəffaflıq şəraitində və ədalətli prosedurlara uyğun şəkildə yenidən baxmağa çağırırıq”, – deyə bəyanatda bildirilir.
azadliq.info