elnurastanbeyli@gmail.com
Deyir, qulaq gündə bir söz eşitməsə kar olar. Budur, indi də yaptokratlar təzə təklif irəli sürüblər, həmin təklif nə qədər gülməli səslənsə də, elə bir o qədər də bizi qarşıda hansı ağlamalı günlərin gözlədiyindən, ümumilikdə ölkənin hazırki vəziyyətinin necə ağır, çıxılmaz olmasından xəbər verir, eyni zamanda bunların Azərbaycanı 21-ci əsrdə nə cür görmək istədiklərini göz önünə sərir.
***
Gəlin əvvəlcə həmin təkliflə tanış olaq. Sitat: “Azərbaycanda bir çox müqəddəs yerlər – Gəncədə və Bərdədəki ”Imamzadə” türbələri, məşhur Bibiheybət məscidi, o cümlədən Bakının bir sıra kəndlərində ziyarətgahlar var. Bunlar imamların övladları ilə bağlı müqəddəs məkanlardır, əsrlərdir insanlar ziyarət edirlər. Müəyyən planlar işləyib, marşrutlar tərtib edərək həmin yerlərin daha çox müsəlman tərəfindən ziyarətinə nail olmaq mümkündür” (Dini Qurumlarla Iş üzrə Dövlət Komitəsinin sədr müavini Səyyad Aranın modern.az saytına açıqlamasından, 1 sentyabr, 2015).
Bəli, əslində bu təklifə təəccüblənməmək lazımdır, Azərbaycanda neft azaldıqca, neftin qiyməti isə üzüaşağı dığırlandıqca, xoruz banı eşitməmiş cürbəcür belə təkliflər də bir-birini əvəz edəcəkdir. Siz oturun illər uzunu neft pullarını havaya sovurun, şəxsi ciblərinizə doldurun, elə ki, neft pulları azalmağa başlasın, durun pirlərdən mədət umun! Doğrudan da analoqunuzu tapmaq müşkül, çətin, hətta mümkünsüz məsələdir.
Əvvəla, Azərbaycan və turizm sözlərini yan-yana işqlətmək üçün insandan dəhşətli dərəcədə üzsüzlük tələb olunur. Bahalı qiymətlər, aşağı xidmət, qeyri-peşəkarlıq, oliqarxların nəzarəti, hətta hotellərə gizli kameralar yerləşdirib insanların intim videolarının çəkilib-yayılması! – Azərbaycanda turizm dedikdə yada düşən budur. Guya ölkənin gəzməli, görməli yerlərində turizmi necə inkişaf etdirib, yarıdıblar, qalıb pirlərdən turizm obyekti düzəltmək.
Ikincisi, 21-ci əsrdə Azərbaycanı dünyaya çağdaş, modern, mədəni bir dünya ölkəsi kimi göstərmək, onu başqalarına elmin, bilginin, müasir texnologiyanın və mədəniyyətin ünvanı kimi təqdim etməyə çalışmaq yerinə pirlərin, seyid ocaqlarının məskəni olaraq təqdim etmək fikrinə düşmək sözün həqiqi mənasında dəhşətdir, faciədir. Zamanında neft pullarını doğru xərcləyib, bu ölkədə elm, təhsil, mədəniyyət adına düzgün yatırımlar etmək lazım idi. Postneft dövrünə hazırlıqsız yaxalanmamağın ən yaxşı, mütərəqqi yolu idi bu. Əgər başınız çoxmilyonluq, çoxmilyardlıq korrupsiya əməliyyatlarına qarışmasa, indi də hətta pirlərin ümidinə qalmazdınız.
Digər tərəfdən də fikirləşirsən ki, əslində başqa necə olmalı idi? Yarıtmaz, çağdışı, ədalətsiz idarəetmə üzündən bir ölkənin sakinləri çarəsizlikdən, əlacsızlıqdan harasısa ağrıdıqda xəstəxana yerinə seyid ocağına qaçırsa, tapdanan haqqını məhkəmədə aramaq yerinə pirdən mədət umursa, gözəl, işıqlı bir gələcəyə dair bütün ümidlərini itirib başına nə gələcəyini öyrənmək üçün falçıya üz tutursa, ölkədə müəllimin molla qədər, piti-cadu eləyənlər qədər hörməti, urvatı qalmayıbsa, məktəblərin sinif otaqları boş qalıb, əvəzində cümə namazlarında məscidlərin içi bir yana, həyətində belə iynə atsan yerə düşmürsə, adamlar yerdəki haqq-ədalətdən tamam əlini üzüb onu göydən gözləməyə başlayırsa, o ölkədə büdcəni də pirlər hesabına doldurmağı ağıl etməkdən təbii, məntiqəuyğun nə ola bilər? Kitabxanaları kababxanalara döndərib, ekran-efiri isə cinçıxaranlarla, ələmuçuranlarla dolduranlardan başqa nə gözləyəsən?!
***
Ölməz Haqverdiyevin “Pir” hekayəsi yadınızdadırmı?
Gözünüz aydın! Bax indi biz o hekayənin real həyat həqiqətinə çevrilməyə başladığı ölkədə yaşayırıq.
Elə yazıya da “Pir”dən bir parça ilə nöqtə qoyaq (kim bilir, bəlkə yapçıları iştaha gətirən elə hekayənin həmin bu parçası olub?!): “Daha əncir ağacının pir olmağına camaatda şəkk qalmadı… Pirin tərifi cəmi ətraf kəndlərə, hətta şəhərə də düşdü.
Zəvvarların ağzı açıldı: qoyun qurbanı gətirən kim, pul gətirən kim, yağlı çörək gətirən, qoğal gətirən, fəsəli gətirən, pirə halva nəzir deyən və başqa nəzir gətirən kim… Xülasə, Mirzə Cavadın qapısı oldu xan qapısı. Hər gün azından iyirmi manat mədaxil olurdu. Bəzi günlər mədaxil əlli, altmış manata çıxardı…”