Xədicə İsmayıl barəsində çıxarılan hökmə artıq beynəlxalq birlikdən də reaksiyalar gəlməkdədir.
Beynəlxalq təşkilatların “Hüquqlar naminə idman” koalisiyası birgə bəyanatında Xədicə İsmayılova barəsində hökmü kəskin şəkildə pisləyib.
Sənəddə jurnalist barəsində hökm “biabırçı”, ədalətli mühakimənin “ələ salınması” adlandırılır.
Koalisiya beynəlxalq ictimaiyyəti İsmayılovanın azad edilməsi üçün bütün mümkün addımları atmağa çağırır.
Koalisiya qeyd edir ki, Azərbaycan hakimiyyəti Avropa Oyunları ərəfəsində hakimiyyətin korrupsiya və özbaşınalığını ifşa edən tənqidin qarşısını almaq üçün vətəndaş cəmiyyətinə və mətbuata qarşı geniş repressiyalara başlayıb.
“Hökumətin jurnalistlərə və onların ailə üzvlərinə qarşı bu misli görünməmiş ovuna son qoymasını tələb edirik”, deyə bəyanatda qeyd edilir. Sənəddə bu yaxınlarda reportyor Rasim Əliyevin qətlə yetirildiyi, Meydan TV-nin rəhbəri Emin Millinin qohumlarının təqib edildiyi və digər faktlar xatırladılır.
Koalisiya Azərbaycan hökumətini qarşıda duran parlament seçkiləri kontekstində ölkədə insan hüquqları sahəsində vəziyyətin yaxşılaşdırılması üzrə təcili və konkret tədbirlər görməyə çağırıb.
Həmçinin, Koalisiya beynəlxalq ictimaiyyəti Azərbaycan hökumətini məsuliyyətə və insan hüquqları sahəsində beynəlxalq öhdəliklərini yerinə yetirməyə çağırmaq üçün səyləri fəallaşdırmağa çağırır.
Bəyanatı 20-dən çox hüquq müdafiə təşkilatı, o cümlədən Article 19, Civil Rights Defenders, CPJ, Front Line Defenders, HRHF, Freedom Now, Index censorship, FIDH, International Media Support və b. imzalayıb.
***
Xədicə İsmayıl barəsində hökmə Freedom House təşkilatının prezidenti Mark Laqon da münasibət bildirib. Onun yaydığı bəyanatda deyilir ki, Xədicə İsmayıl barəsində absurd ittihamlar əsasında çıxarılan hökm Azərbaycan hakimiyyətinin onu tənqid edənlərə, mətbuat azadlığına nə qədər dözümsüz olduğunu göstərir. “Bu hökm bir daha nümayiş etdirir ki, İlham Əliyev onun korrupsiyalaşmış hökumətini tənqid edənləri susdurmağa çalışır. ABŞ və Avropa İttifaqı İlham Əliyevi, vətəndaşlarının əsas hüquq və azadlıqlarını təmin etməyənədək, müttəfiq hesab etməməlidir”, – deyə bəyanatda bildirilir.
***
ATƏT Parlament Assambleyasının demokratiya və insan haqları bürosunun rəhbəri İzabel Santos isə hökmlə bağlı yaydığı bəyanatda bildirir ki, Azərbaycan hakimiyyəti Xədicə İsmayılı dərhal azad etməlidir. “Açıq-aşkar görünür ki, bu hökm siyasi motivli qərardır. Xədicə İsmayılova öz fəaliyyəti ilə Azərbaycan hakimiyyətini məsuliyyətli olmağa sövq etmək istəyirdi. Hər bir jurnalistin, hüquq müdafiəçisinin, siyasi fəalın həbsi ilə Azərbaycan həm demokratik dəyərlərdən, həm də ATƏT qarşısında insan hüquqları ilə bağlı üzərinə götürdüyü öhdəliklərindən uzaqlaşır. Mən Azərbaycan hakimiyyətini avtoritar addımlardan çəkinməyə, Xədicə İsmayılovanı və həbsdə yatan digər hüquq müdafiəçilərini, siyasi fəalları və jurnalistləri dərhal azad etməyə çağırıram”.
***
Avropa Şurasının baş katibi Torbyorn Yaqland bildirib ki, bu hökm Azərbaycanda hüquq müdafiəçilərinə və jurnalistlərə qarşı olan və ciddi narahatlıq doğuran neqativ tendensiyanın tərkib hissəsidir. Bu, ölkədə insan haqları və ifadə azadlığına çox pis təsir göstərəcək addımdır.
***
Human Rights Wathc təşkilatı isə bəyan edib ki, hakimiyyət uzun müddət Xədicə İsmayıla qarşı qara piar kampaniyası aparıb, onu təqib edib. Təşkilat jurnalistə qarşı məhkəməni və çıxarılan hökmü siyasi motivli adlandırıb və hökmün ləğv olunmasına çağırıb.
***
ATƏT-in media azadlığı üzrə komissarı Dunya Miyatoviç də hökmü pisləyib. O, bəyan edib ki, bu hökm ədalətsizdir və Azərbaycan hakimiyyətinin tənqidçi səsləri boğduğunu bir daha göstərir. “Mən bir daha Azərbaycan hökumətini jurnalistlərə qarşı hücumları dayandırmağa çağırıram”, – deyə komissar bildirib.
***
Avropa Şurasının insan haqları üzrə komissarı Nils Mujnieks isə bildirib ki, Xədicə İsmayıl jurnalist kimi cəsarətli fəaliyyətinin bədəlini ödəyir. Azərbaycan hakimiyyəti tənqidçi səsləri bir-bir susdurmaqda davam edir. Xədicə İsmayıl haqqında çıxarılan hökm Azərbaycanda qanunun aliliyinə, demokratiyaya, insan hüquq və azadlıqlarına vurulmuş növbəti zərbədir.
***
“Sərhədsiz reportyorlar” təşkilatı isə bu hökmdən sarsıldığını bəyan edib. “İsmayılova barəsində uzunmüddətli həbs cəzası təəccüblü deyil, belə ki, Azərbaycanda məhkəmə sistemi funksiyası, görünür, dövlət repressiyalarına qanunilik donu geyindirmək üçün mövcuddur”, deyə təşkilatın Şərqi Avropa və Mərkəzi Asiya departamentinin rəhbəri İohan Bir bildirib.
O, bəyan edib ki, bütün bunlar hökmün dəhşətini azaltmır. X.İsmayılın yeganə "cinayəti" hökumətdəki korrupsiya faktlarını cəsarətlə araşdırmasıdır. Onun işi Azərbaycandakı bütün jurnalistlər üçün qorxutma vasitəsidir.
"İsmayılovanın məhkəmədə son çıxışını belə tamamlamasına imkan verilməyib, müstəqil mətbuat və ictimaiyyət isə məhkəmə prosesinə buraxılmayıb", – deyə bəyanatda qeyd olunur.
“Sərhədsiz reportyorlar” təşkilatı İsmayılovanın və Azərbaycanda həbsdə olan digər 11 jurnalist və blogerin dərhal və qeyd-şərtsiz azad edilməsinə, Azərbaycanın beynəlxalq tərəfdaşlarını isə israrla onun məsələsini bütün ikitərəfli danışıqlarda qaldırmağa çağırır.