Əfqanıstanın vitse-prezidenti, general Əbdürrəşid Dostum: «IŞID-in Qafqaz və Azərbaycanla bağlı da planları var»
Ilham Ismayıl: «IŞID yerdə qalan bütün Islam dövlətlərindəki neft yataqlarını ələ keçirməyi düşünür»
“IŞID-in Azərbaycanı və Qafqazı əhatə edən planları var”. Bu sözləri Əfqanıstanın vitse-prezidenti, general Əbdürrəşid Dostum “Anadolu” agentliyinə müsahibəsində deyib. O bildirib ki, Taliban və IŞID təkcə Əfqanıstan üçün deyil, Orta Asiya və dünya üçün böyük təhlükədir: “IŞID dünyanın düşmənidir. Özbəkistan, Türkmənistan, Qırğızıstan, Azərbaycan və Qafqazı əhatə edən planları var. Suriya və Iraqda törətdiklərinin eynisini buralarda da etmək istəyirlər”.
Illərdir Əfqanıstan türklərinin hüquqları üçün mübarizə apardığını söyləyən general Dostum, özünü türk adlandıran vətəndaşların problemlərlə qarşılaşdığın deyib: “Əfqanıstanda türk sözünü bəziləri sevmir. Təklif edirəm ki, Əfqanıstanda olan türkmənlər və özbəklər ümumilikdə türk adlandırılsın. Ölkədə başlanan yenidənqurma işlərinə baxmayaraq, türklərin yaşadığı bölgələrdə ciddi layihələr həyata keçirilmir. Türkiyə prezidenti və baş nazirindən istəyimiz bu ərazilərdə məktəb və xəstəxana tikdirmələridir. Əfqanıstan türkləri çox geridə qalıb. Bəzi şəhərlərimizdə məktəb yoxdur. Türkiyənin Əfqanıstan türklərinə kömək etməsini istəyirəm. Gənclərimiz təhsil almalıdır. Mən öldükdən sonra mənim daşıdığım bayraq əldən-ələ keçməlidi, yerə düşməməlidir”.
Ə.Dostum Türkiyədəki terror hücumlarından xəbərdar olduğunu da bildirib: “Mətbuatdan izlədiyimə görə, türk əsgərlərinə terror hücumları olur. Şəhidlərin ata-analarına, ailələrinə və Türkiyə prezidentinə başsağlığı verirəm”.
Artıq bununla necənci dəfədir ki, Azərbaycana IŞID təhlükəsinin olması ilə bağlı xəbərdarlıq edilir. Bundan əvvəl Rusiyanın müdaifə naziri Şoyqu bu barədə maraqlı açıqlama vermişdi. Oxşar məlumatlar ABŞ və Türkiyə rəsmilərindən də gəlib. Bundan başqa, IŞID komandalığı da gələcək planları ilə bağlı dəfələrlə bəyan ediblər ki, hədəflərindən biri də Azərbaycandır.
Təhlükəsizlik məsələləri üzrə ekspert Ilham Ismayıl da bildirdi ki, IŞID-in Azərbaycanla bağlı xəbərdarlığı birinci dəfə deyil səslənir. I.Ismayılın fikrincə, IŞID-in islam ölkələri ilə bağlı geniş planları olmasa da, sözdə planlar mövcuddur: “IŞID-in əsas planı Suriya və Iraqla bağlı idi. IŞID bu ərazilərdə dövlət strukturlarını qurub, dövlətini yaradıb. Amma bütün bunlar müvəqqəti xarakter daşıyır. IŞID-in Azərbaycanla bağlı planlarına gəlincə, burada həm neft, həm də Islam faktoru mövcuddur. IŞID yerdə qalan bütün Islam dövlətlərindəki neft yataqlarını ələ keçirməyi düşünür. Bu tip məsələlər həmişə olsa da, bunun reallaşdırılması çox çətindir. Həm coğrafi, həm də fiziki baxımdan”.
IŞID-in yalnız terror vasitəsilə Azərbaycana təsir edə biləcəyini deyən I.Ismayıl vurğuladı ki, bu istiqamətdə dövlətin xüsusi xidmət orqanlarının işi hələlik qənaətbəxş sayıla bilər: “Suriyaya və Iraqa gedənlərin-gələnlərin nəzarətdə olması onu göstərir ki, proseslərlə bağlı iş aparılır. IŞID Azərbaycanı ələ keçirəcəyi ilə bağlı bəyanat verə bilər. Amma bunu reallaşdırmaq o qədər də asan deyil”.
Xəyal