Əli Həsənov: «Çalışırıq ki, manatın kursu sabit qalsın və inşallah, sabit də qalacaq»
Manatın gələcək taleyinin qeyri-müəyyən olduğunu hakimiyyət təmsilçilərinin açıqlamaları da sübut edir. Dolların manata təzyiqi artır və hər ötən gün Mərkəzi Bankın manatın hazırkı kurusunu saxlaması çətinləşir. MB, demək olar, hər ötən ay manatın məzənnəsinin saxlanılmasına 1.2 milyard dollar xərcləyir. Bu isə MB-nin valyuta rezervinin sürətlə tükənməsinə səbəb olur. Fevralın 21-də devalvasiya qərarının verilməsinə baxmayaraq “qara şənbədən” sonra MB-nin itkiləri azalmayıb. Əksinə, fevralda MB-nin itkisi 1.8 milyard dollar təşkil edib.
Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun ANS-ə müsahibəsində səsləndirdiyi bəzi fikirlər maraq doğurur. Ə.Həsənov manatın məzənnəsi ilə bağlı hazırda yaşanan qeyri-müəyyənliyi belə şərh edib: “Hesab edirəm ki, ajiotaja əsas yoxdur. Nəinki bunu seçki ilə bağlamaq lazımdır, ümumiyyətlə, Azərbaycan dövləti çalışır ki, manat sabit qalsın. Manat bizim milli simvollardan, dövlətin vacib atributlarından birdir. Onun dəyərdən düşməsi bizim dövlətin də dəyərdən düşməsidir. Ona görə biz çalışırıq ki, sabit qalsın və inşallah, sabit də qalacaq!”.
Açıqlamadan görünür ki, hakimiyyətin manatın məzənnəsi ilə bağlı konkret siyasəti yoxdur. Məhz bu üzdən PA rəsmisi manatın məzənnəsi ilə bağlı suala cavabı qeyri-müəyyəndir. Bir sözlə, hakimiyyət manatın kursunu Allahın ümidinə buraxıb.
Məhəmməd Talıblı: “Əli Həsənov yaxşı bilir ki, manat təkcə bir ölkənin iqtisadiyyatının güzgüsü deyil”
Iqtisadçı Məhəmməd Talıblının sözlərinə görə, Ə.Həsənov çox yaxşı bilir ki, manat təkcə bir ölkənin iqtisadiyyatının güzgüsü və ya iqtisadiyyatının əsas barometri olmaqla yanaşı, sosial və siyasi sistem üçün bir çox hallarda təhlükə və uğur faktoru kimi çıxış edə bilər. Ona görə devalvasiyanın növbəti dəfə baş verməməsi üçün iqtisadi qurumlar hər şeyi etməyə çalışacaqlar ki, növbəti devalvasiya baş verməsin: “Milli valyutanın devalvasiyaya uğraması manata inamın azalmasına və ölkənin iqtisadi artımına neqativ təsir göstərəcək. Ona görə fiskal və monetar qurumlar bütün mümkün resurslardan istifadə edəcək ki, devalvasiya ya baş verməsin, yaxud onunla bağlı önləyici tədbirlər həyata keçirilsin.
Çünki, sabitlik fonunda məhz ölkənin iqtisadi potensialını hərəkətə gətirmək və islahatlar aparmaq mümkündür. Əgər qeyri-statik durum və ya xaos start götürdüsə, o artıq idarəolunmaz vəziyyət halı ala bilər. Bunun üçün isə hökumət məcbur qalıb antiböhran tədbirləri hazırlayıb həyata keçirməlidir".
M.Talıblı bildirdi ki, hansı ölkələrdə kövrək siyasi mühit mövcud olursa, milli valyutanın sərt dalğalanmaları həmin hökuməti həmin dalğada dənizə yaxınlaşdırır. Amma dayanıqlı və demokratik təsisatların mövcudluğu şəraitində dinamizm olsa belə, bu, ölkə üçün heç bir neqativ perspektiv vəd etmir. Həmin hökumətlər də belə manatın dalğalanmasından çox da qorxmur: “Bunu iqtisadi dinamizmin bir mərhələsi kimi görür və bundan narahat olmur. Bazar iqtisadiyyatına məxsus əsas prinsiplərinin hökmran olduğu bazarlarda milli valyutanın özünün dəyər itirməsi dərin intizarçılıq və narahatlıqla müşahidə olunmur. Çünki, həmin ölkələr məhz sürətli dinamizm fonunda inkişaf edib. Həmin ölkələr milli valyutanın dəyər itirməsinə epizodik bir tsikl kimi baxır. Və bundan da narahat olmur”.
Hikmət