"Hakimlər və prokuror əsəbi idilər", araşdırmaçı jurnalist Xədicə İsmayılovanın anası bazar ertəsi məhkəmədən sonra BBC Azərbaycancaya deyib.
Elmira İsmayılovanın sözlərinə görə, qızı məhkəmədə "son sözünü" söyləyərkən hakim tez-tez jurnalistin sözünü kəsirmiş.
Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə jurnalist Xədicə İsmayılova " son söz" söyləyib. Hökm qərarı isə sabaha qədər təxirə salınıb.
Xədicə İsmayılova "son söz"ü deyərkən dəfələrlə dayandırılıb və sözlərinin bitməyinə təxminən 5 dəqiqə qalmış proses təxirə salınıb, vəkil Fariz Namazlı BBC Azərbaycancaya deyib.
Vəkil deyir ki, jurnalistdən mahiyyəti üzrə danışmaq tələb edilib, amma jurnalist elə cinayət işinin mahiyyəti üzrə danışıb.
"Xədicə İsmayılova nəyə görə həbs edildiyini, həbsinin arxasında nələrin dayanması, öz yazıları, yazılarına görə həbs olunması barədə danışırdı", cənab Namazlı qeyd edib.
"Onların xoşlarına gəlmədi, 3-4 dəfə dayandırdılar, amma Xədicə yenə dayanmadan danışdı. Hamısı axırda durub getdilər və dedilər ki qalsın sabaha", jurnalistin anası Elmira İsmayılova əlavə edib.
"Xədicə prokuroru ifşa etdi, ona görə prokuror hirslənmişdi. Prokuror hakimə göstəriş verirdi ki, dayandırın onu, dayandırın onu" deyən Elmira İsmayılovanın sözlərinə görə, sonda hakimlər zalı tərk edib.
Daha sonra proses katibi gələrək hakimlər müşavirəyə getdiyini və prosesin sabaha təxirə salındığını açıqlayıb.
Bu prosesə yalnız ABŞ, Norveç və Almaniya səfirlikləri buraxılıb, Böyük Britaniya, Fransa və Avropa İttifaqının Bakı ofisinin diplomatları qapı arxasında qalıb.
Avqustun 26-da müdafiə tərəfi jurnalist barəsində cinayət işinə xitam verilməsini tələb edib və bəraət istəyib.
Dövlət ittihamçısı jurnalistə 9 il həbs cəzası tələb edib.
Azadlıq Radiosunun əməkdaşı Xədicə İsmayılova 2014-cü ilin sonunda həbs olunub.
O, mənimsəmə və israf etmə, qanunsuz sahibkarlıq, vergi ödəməkdən yayınma və vəzifə səlahiyyətlərindən sui istifadə maddələri ilə ittiham olunur.
Jurnalist və onun tərəfdarları ittihamların siyasi motivli olduğunu deyirlər.