Toyda oynamaq sırası üstündə dava salan millətik. Nəinki dava salan, həm də yumruq atan, bıçaq çəkən, qarşıdakını al qana boyayan adamlarımız var. Necə ki, bunu iki gün öncə Bərdə toyunda yaxın qohumlar bir-birinə edib, davadakılardan biri də xəstəxanalıq olub. Elə düşünməyin ki, bənzər hadisələr ancaq Bərdədə baş verir. Ölkəmizin hər yeri şənlənməyi bu qədər ölümünə sevən adamlarla dolu. Nə deyim, keşkə, öz sıralarını, hüquqlarını, paylarını hər yerdə belə müdafiə etməyi bacarsaydılar. Keşkə, hər şeydə öz haqlarına belə ölümünə sahiblənəcək qədər inadkar və qətiyyətli olsaydılar…
Amma haradan bizdə o hünər? Çoxumuzun gücü ancaq o toy meydanındakı qədərdir, öz qohum-əqrabamızı şil-küt edəcək qədər. Kənara çıxanda tapdanan ayağımıza, burulan qolumuza, yumulan ağzımıza, əzilən başımıza görə səsimizi çıxarmayacaq qədər dözümlüyük. Sözə gələndə özümüzü hamıdan vətənpərvər və millətpərəst hesab etsək də, düşünürük ki, çevrəmizdə olub-bitən bütün ağrı-acını bizim yerimizə başqaları çəkməlidir. O başqaları deyilən bir qrup hər yerdə özünü fəda etməli, döyülməli, söyülməli, həbslərdə yatmalı və bizi hər bəladan hifz etməlidir. Yəni bizim heç bir məsuliyyətimiz, vəzifəmiz, vicdan borcumuz və ya öhdəliyimiz yoxdur. Nə gözəl! Böyük aydınımız Üzeyir Hacıbəyov bu halımızı “Öz halımızdan” adlı məqaləsində belə yazırdı:
“Görünür ki, millətpərəstlilik nə olduğunu bir çoxumuz anlamır və ya tərsinə anlayır. Millətpərəst olmaq, yəni millətin xeyirxahı olmaq. Millətin xeyirxahı isə millətin hər bir barədə tərəqqisini arzu edər. O tərəqqi ki, onun sayəsində Yevropa əhli dünyanın hər bir maddi, mənəvi, ruhani nemətlərinə naildirlər…Millətin tərəqqisini arzu edən şəxs , şübhəsizdir ki, yalnız bir arzu ilə ixtifa etməyib, bu yolda bir iş də görməlidir… Götürək bir adamı. Bu adam millətə hər nə cür xidmət edəcəksə etsin, o adam bir köməyə, bir dayağa möhtacdır. Fərz edək ki, birisi millət yolunda can fədakarlığında bulundu, yəni öz canını millətin xeyri yolunda fəda etdi. O zaman millət əfradına borcdur ki, bu millətin əhli-əyalı varsa, ona himayət etsin, qeydinə qalsın… Dünyanın hər bir qitəsində bütün millətlərin yazıçıları, alimləri, sənayeyi-nəfisə sahibləri, sahibi-fənləri özləri üçün bir o qədər iş görmədilər, lakin ümum millət və hətta ümum insaniyyət üçün çox işlər gördülər. Bir kəlmə, hər bir tərəqqi ancaq bunların sayəsində oldu. Halbuki özlərindən bir çoxu acından öldü, amma insaniyyət hələ indi də onlardan mənfəət görməkdədir və bundan sonra da çox görəcəkdir…”.
Məqalənin tamamını oxusanız, özünüz görəcəksiniz ki, eyni şey indi də baş verir. Bənzər toplum yaşayır yenə bu ölkədə. Onlar nəinki özlərini fədakar insanlara dəstək verməyə borclu saymırlar, belə şeyi heç ağıllarının ucundan da keçirmirlər. Yeri gələndə onları ittiham da edirlər hələ. Bənzər olaraq, çevrəmizdəki bir qrup fədakar insanı ittiham etdikləri kimi. Hər şeyi onlardan gözlədikləri, tələb etdikləri kimi. Özləri qışda isti, yayda sərin yerlərə çəkilib, həmin dəridən-qabıqdan çıxan insanları yarıtmazlıqda, bacarıqsızlıqda, ənənəvilikdə günahlandırdıqları kimi. Dayazda durub onlara dərin ağıl öyrətmək iddiasına düşdükləri kimi. Bəli, bu adamlar özlərini kimsəyə borclu saymırlar, kimsəyə dəstək olmaq, dayaq durmaq niyyətində də deyillər. Onlar bu dünyaya baş girələməyə və danışmağa gəliblər ancaq. Danışdıqları da bir şey olsa barı…