Ekspertlərin fikrincə, BMT-nin sessiyasında görüşün keçirilməsini Rusiya əngəlləyir
ATƏT-in Minsk qrupunun həmsədrləri, daha doğrusu Amerika tərəfi Azərbaycan və Ermənistan prezidentlərinin BMT Baş Assambleyasının sessiyası çərçivəsində Nyu-Yorkda görüşünü təşkil edə bilməyib. “Regnum” agentliyinin məlumatına görə, təmas xəttində gərginliyin getdikcə artdığı bir vaxtda həmsədrlər Nyu-Yorkda xarici işlər nazirlərinin görüşünü hazırlayırlar.
BMT Baş Assambleyasının 70-ci sessiyası gələn ayın üçüncü ongünlüyündə işə başlayacaq. Azərbaycan prezidenti Ilham Əliyevin bu yubiley sessiyasında iştirakı və çıxışı gözlənilir. Hələ bir neçə ay əvvəldən ATƏT-in Minsk qrupunun həmsədrləri sessiya çərçivəsində Serj Sərkisyanın və Ilham Əliyevin görüşünü təşkil etməyə çalışırdılar.
Əslində, bu görüş barədə ilkin razılıq Əliyevlə Sərkisyanın ötən ilin oktyabrında Parisdə Fransa prezidenti Fransua Ollandın vasitəçiliyi ilə baş tutan görüşündə əldə edilmişdi. Görüşün yekunlarına dair Yelisey sarayından yayılan rəsmi bəyanatda deyilirdi ki, prezidentlərÿ danışıqların davam etdirilməsi barədə razılığa gəliblər, xarici işlər nazirlərinə bu barədə müvafiq tapşırıqlar verilib və dövlət başçıları 2015-ci ilin sentyabrında Nyu Yorkda BMT Baş Assambleyasının sessiyası çərçivəsində yenidən görüşməyə hazırdır.
Amma hakimiyyət təmsilçilərindən gələn açıqlamalar onu deməyə əsas verir ki, bu görüşün baş tutmaması tam realdır. Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiriÿ Əli Həsənov mətbuata açıqlamasında Əliyevlə Sərkisyanın görüşünün baş tutmayacağına eyham vurub.
Əslində görüş barədə müzakirənin məhz belə sonluqla bitəcəyi gözlənilən idi. Çünki, ABŞ artıq uzun müddətdir Qarabağ danışıqlarını Rusiyanın inhisarından çıxarmağa və problemin real həll yoluna qədəm qoymasına çalışır. Amerikalı həmsədrin bir müddət əvvəl verdiyi bəyanat da bunu deməyə əsas verir. Xatırladaq ki, amerikalı həmsədr Ceyms Uorlik bəyan etmişdi ki, işğal altında olan torpaqlar Azərbaycana qaytarılmalıdır. Geniş müzakirələrə səbəb olan bu açıqlama birmənalı dəyərləndirilməmişdi. Bu açıqlamadan sonra rus diplomatlarının Azərbaycana səfərləri intensivləşdi. Amma diqqət çəkən əsas məqam bu idi ki, bu açıqlama səslənən kimi Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Kremlə səfər edərək Lavrovla görüşdü. Amma, ekspertlərin fikrincə, məntiqdən çıxış etsək, Məmmədyarov Moskvaya deyil, Azərbaycanın xeyrinə bəyanat verən ABŞ-ı dəstəkləyərək Vaşinqtona səfər etməli idi.
Uzun müddətdir danışılan prezidentlərin görüşünün də təşkilatçısı məhz ABŞ idi. Görüşün də təşkilində məqsəd dalana dirənən danışıqları ölü nöqtədən tərpətmək idi. Amma nəticə göz önündədir. Rusiya Qarabağ probleminin həll oluna biləcəyindən ciddi narahatdır. Çünki, belə olan halda Kreml regiondakı proseslərə nəzarət imkanını əldən verəcək. Ekspertlərin fikrincə, son zamanlar daha çox Rusiyanın diqtəsi ilə hərəkət edən Azərbaycan rəhbərliyinin son addımı da Kremlin göstərişinə uyğundur.
Xəyal