Bankın səhmdarları sentyabrın 15-dək qeydiyyatdan keçməyə bilər
Hafiz Babalı: «Bundan sonra bütün şirkətlərin səhmdarlarının reyestrini Mərkəzi Depozitar aparacaq»
Azərbaycan Beynəlxalq Bankı (ABB)ÿsəhmdarlarına müraciət ünvanlayıb. Məlumatda deyilir ki, “Qiymətli kağızlar bazarı haqqında” qanunun qüvvəyə mindiyi tarixdən etibarən səhmlərin mülkiyyətçilərinin reyestrinin aparılması fəaliyyətinə lisenziya almış şəxslərin lisenziyaları ləğv edilib. Həmin şəxslər 2015-ci il sentyabrın 15-dək apardıqları reyestrləri Mərkəzi Depozitara təhvil verməlidir.
“Report”un verdiyi xəbərəÿ görə, müraciətdə ABB-nin səhmdarlarının adına Mərkəzi Depozitarda depo hesabının açılması üçün səhmdarların ən qısa müddətdə şəxsiyyət vəsiqələri ilə Bankın Nizami küçəsi, 67 ünvanında yerləşən əsas binasına iş günləri saat 10:00-dan 17:00-dək müraciət etməli olduqları bildirilir.
Qeyd edək ki, 15 iyul 2015-ci il tarixində “Qiymətli kağızlar bazarı haqqında” qanun qüvvəyə minib. Bununla əlaqədar, qanun qüvvəyə mindiyi tarixdən etibarən səhmlərin mülkiyyətçilərinin reyestrinin aparılması fəaliyyətinə lisenziya almış şəxslərin lisenziyaları ləğv edilib.
Bundan başqa, yeniÿqanunla səhmdarlara verilən adi adlı səhmlərin sertifikatı etibarsız sayılır, səhmlər sənədsiz formaya dəyişdirilir və səhmdarların reyestri Mərkəzi Depozitar tərəfindən aparılır.ÿSənədsiz qiymətli kağızların mülkiyyətçilərinin depozitar sistemində depo hesabı olmalıdır və həmin depo hesabından çıxarış səhmlərə mülkiyyət hüququnu təsdiqləyən yeganə hüquqi sənəddir.
Beynəlxalq Bankın bu müraciəti hansı məqsəd daşıyır? Qanuna edilən dəyişiklik özündə nələri ehtiva edir?
Iqtisadçı Hafiz Babalı bildirdi ki, qanuna edilən dəyişiklikdən sonra ölkə üzrə bütün səhmdarların reyestrini Mərkəzi Depozitar adlı qurum aparacaq. Bu qurum Qiymətli Kağızlar Komitəsinin nəzdində fəaliyyət göstərəcək: “Qabaq əgər şirkətin səhmdarlarının sayı iyirmi hüquqi və fiziki şəxsdən az idisə, şirkət səhmdarlarının reyestrini özü edə və ya bu prosesi başqa bir şirkətə həvalə edə bilərdi. Beynəlxalq Bankın da indiyə qədər özünün reyestr saxlayıcısı var idi. Yeni qanuna əsasən, həmin şirkətin lisensiyası ləğv edildi. Bundan sonra bütün şirkətlərin səhmdarlarının reyestrini Qiymətli Kağızlar Komitəsinin nəzdində fəaliyyət göstərəcək Mərkəzi Depozitar aparacaq. Beynəlxalq Bank da daxil olmaqla ölkə ərazisindəki şirkətlər səhmdarlarının reyestrini Mərkəzi Depozitar da aparmalıdırlar. Bu, mərkəzləşdirilmiş qaydada aparılacaq”.
Beynəlxalq Bankın 1600-ə qədər səhmdarının olduğunu deyən H.Babalı bildirdi ki, onların 1500-ə yaxını fiziki şəxsdir. Səhmdarların hüquqları əvvəlki səviyyədə qalsa da, sənədləşdirmədə dəyişiklik olacaq: “Əvvəl səhmlər sənəd şəkilində idi. Verilən sənəddə qeyd olunurdu ki, konkret şəxsin nə qədər səhmi var. Indi belə bir tələb yoxdur. Mərkəzi Depozitar hər bir səhmdarın tələbi ilə həmin şəxslərə depo hesabdan çıxarış verəcək. Bu, həmin səhmlərə mülkiyyətçiliyi təsdiq edən yeganə sənəddir. Əgər əvvəl səhm sertifikatı adlı qiymətli kağız sayılırdısa, indiki qaydalara görə, depo hesabdan çıxarış mülkiyyətçiliyə dair formal sənəd olacaq. Əvvəlki pərakəndəliyə son qoyulur. Proseslər bir mərkəzdən idarə olunacaq”.
Eyni oxşar prosesin “Kapital Bank”la da bağlı aparıldığını deyən H.Babalı onu da bildirdi ki, Beynəlxalq Bankın səhmdarlarının sentyabrın 15-nə qədər yeni qaydalara uyğun qeydiyyatdan keçməsi mümkün olmaya bilər. Çünki, səhmdarlara bu barədə məlumat verilməyib. Məlumatın mətbuatda getməsi yetərli deyil, hər bir səhmdarın yeni qaydalar barədə məlumat alması vacib şərtdir.
Hikmət