Yaxud, Zahid Orucun kövrək müdafiə taktikası
Bir neçə gün öncə Azərbaycanın canlı ensiklopediyası hesab olunan qocaman professor, Cümhuriyyət dövrümüzün yorulmaz tədqiqatçısı Şirməmməd Hüseynovun “Hürriyyət” qəzetinə müsahibəsi dərc olundu. Bu müsahibə geniş səs-küyə səbəb oldu və gündəm yaratdı. Səbəb isə, həmin müsahibədə həqiqətlərin dilə gətirilməsi olmuşdu. Bəli, Şirməmməd Hüseynov hər şeyin öz adı ilə çağırılmasını təklif etmişdi. Müsahibənin bir hissəsində deyilir:
“Heydər Əliyev hakimiyyəti idarə etmək ustası idi. Dövlət yaratmaq yox ha. Bəzən bunu qarışdırırlar. Heydər Əliyev dövlət yaratmayıb, hakimiyyət yaradıb. Dövləti Məmməd Əmingil yaratmışdılar. Bu dövlətin adı Azərbaycan Xalq Cümhuriyyəti idi, süqutundan sonra dövlətin adı dəyişərək oldu Azərbaycan Sosialist Respublikası, yəni dövlət qaldı, hakimiyyət dəyişdi. Azərbaycan Sovet Sosialist Respublikası olanda da Azərbaycan guya kağız üzərində olsa belə öz müstəqil dövlət statusun saxlayırdı. Sərhəddi də vardı, parlamenti də, bayrağı, himni, konstitusiyası da vardı. Bəzən belə deyirlər ki, guya sovet dövründə biz dövlətçiliyimizi itirmişik. Biz dövləti yox, hakimiyyəti itirmişik. Bunu bəziləri başa düşmürlər, ona görə də qaş düzəltmək istədikləri yerdə vurub göz çıxarırlar. Müstəqilliyin 20 illiyi münasibətilə bir rəsmi çıxış oldu, bizim adamlardan biri çıxış elədi ki, Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevdir. Həmin axşam ”Mir" televiziyası həmin çıxışı göstərdi və bir erməni çıxaraq dedi ki, gördünüzmü? Baxın, Azərbaycan dövlətini Heydər Əliyev dünən yaradıb, bunlar da deyir ki, bizim əvvəldən dövlətimiz olub. Dedi ki, Arsaxın min illik dövlət tarixi var, bunların 20 illik".
Bəli, Şirməmməd Hüseynov dövlətin hakimiyyətlə qarışdırıldığını söyləyir və bunun neqativ nəticələrinə diqqət çəkir.
Amma bu müsahibədə səslənən fikirlər hökumətyönlülərin xoşuna gəlməyib və Zahid Oruc “Yeni Müsavat” vasitəsilə Şirməmməd müəllimə cavab vermək istəyib. Ona görə “cavab vermək istəyib” yazırıq ki, bu cavab səslənən fikirlərə adekvat deyil.
Zahid Oruc məlum yazıda sübut etmək istəyir ki, Heydər Əliyevin bacardığını, ona qədər olanlar bacarmayıb və qocaman professor səhv edir. “Şirməmməd Hüseynovun Məmməd Əmin sevgisində bir acıma və tarixi yanğı var: onlar Heydər Əliyevin edə bildiklərini bacarmayıblar. Şirməmməd Hüseynovun bu ixtiyar çağında nümayiş etdirdiyi sağlıq və hüzur nə qədər qibtəyə layiqdirsə, onun Məmməd Əmin sevgisində bir antiHeydər Əliyevçiliyin gizləndiyini görmək də bir o qədər naxoşdur. Yaşlı bir alimin az qala yüz illik qələmindən və adından başqa antihakimiyyətçilərin də gen-bol istifadə etməsini görəndə iddia etdiyiniz etalon müəllim obrazı əriyib gedir. Axı siz Erazmdan fərqli olaraq, daha cəsarətlisiz və deyə bilərsiz ki, ”kilsəni bəyənmirsiz"! Heydər Əliyevin böyüklüyü və birinciliyi tarixdə heç kəsi balacalaşdırmır, onun milli həyatda qazandığı yeri əlindən almır. Bir də ki, Ulu öndərə münasibətÿtarixi kateqoriya olmaqla subyektlərin rəyindən və mühakimələrindən çoxdan çıxıb. Bu səbəbdən, xəyali dövlətdən gerçək Azərbaycana keçmək heç vaxt gec deyil" – deyə Zahid Oruc bildirir.
Ümumiyyətlə, bu rejimin istəyi budur ki, havanın mülayim keçməsi, yerin dibindən neftin çıxması, ağacların yüksək bar verməsi də Heydər Əliyevin adı ilə bağlansın. Əslində bu “ənənə” şəxsiyyətə pərəstiş yox, şəxsiyyəti Allahlaşdırmağa hesablanıb. Xatırladaq ki, məlum müsahibədə Şirməmməd Hüseynov Rəsulzadədən bir sitat gətirir. Rəsulzadə deyib ki, şəxsiyyətə pərəstiş ictimai şüurun xərçəngidir. Bugünkü reallıq da göstərir ki, hakimiyyət ictimai şüuru ağır xəstəliyə düçar edib. Indi Zahid Orucun professora dərs keçməyə çalışması da, bu ikrah doğuran ənənənin davamıdır.
Bugün Rəsulzadə yoxdur, amma onun adı yaşayır, insanların qəlbində Rəsulzadə sevgisi var, əsərləri oxunur və.s Amma Əliyev hakimiyyəti ilk büdrəmədən sonra unudulacaq. Çünki, Rəsulzadəyə münasibət sevgidən, Heydər Əliyevə münasibət qorxudan formalaşıb. Əslində Azərbaycanın böyük dövlətçilik tarixini Heydər Əliyev üzərində “qablaşdırmaq” xəyanətdi, keçmişi silmək çəhdidi.
Professordan cəsarət tələb edən deputat başa düşmür ki, əslində Şirməmməd müəllim cəsarət nümayiş etdirirək bu fikirləri səsləndirib. Görəsən, millət vəkili özü niyə mədhiyyədən ayırlıb, xırda tənqidlərə köklənə bilmir? Cənab deputat, təyinatlı parlament, çiçəklənən korrupsiya, monopoliya edilmiş iqtisadiyyat, oyuncağa çevrilmiş məhkəmə, xəstələnmiş səhiyyə, savadsız təhsil, repressiya siyasəti dövlətçiliyin göstəricisi deyil. Dövlətin, çirkli ambisiyalara bulaşdırılmasıdır.
Bugün Rəsulzadənin Bakıda bir dənə heykəli yoxdur. Rəsulzadənin büstləri ya təmir adı alıtnda yığışdırılır, ya da büstlərin başına çuval keçirdilir.
Bəli, biz xəyali dövlətdən gerçək Azərbaycana keçirik. Təəssüflər olsun ki, əsl dövlət ənənələri bizim üçün xəyal olub. Reallığa keçəndə isə vətən boyda ərazinin cəhənnəmə çevrildiyini görürük.
Amma Zahid Oruc bir məsələdə haqlıdır ki, Heydər Əliyevin aşırı təbliğatı Rəsulzadəni kiçildə bilməyəcək. Çünki, Rəsulzadə təbliğatı kosmetkaya ehtiyac duymayıb və təbii halındadı.
Bir daha xatırlatmaq istəyirik ki, körpü tikmək, hansısa yeraltı keçidin lentini kəsmək, nefti üzə yaxmaq dövlət qurmaq deyil, qurulmuş dövlətdən bəhrələnməkdi. Heydər Əliyev doğurdan da subyektlərin rəyindən və mühakiməsindən çoxdan çıxıbsa, bu yaltaqlıq ənənəsinə niyə son qoyulmur? Hər gün telekanallar, rejim mətbuatı niyə bu adamı yad etməkdən yorulmur? Bu adam xalqın qəlbində heykəl qurubsa, minlərlə heykəl nəyə lazımdı? Xalq Heydər Əliyevi xilasedici kimi qəbul edirsə, “Qurtuluş günü”, “Qayıdış günü”nə nə ehtiyac var?
Əslində, yürüdülən məddahlıq və yaltaqlıq siyasəti, Zahid Orucun fikirlərini tam təkzib edir. Qəbul edin, bu hakimiyyət nəinki dövlət qurmayıb, üstəlik dövlətçilik ənənələrini məhv edərək dövlət maraqlarını şəxsi maraqlara qurban edib.
P.S Əgər Şirməmməd Hüseynov eyni fikirləri təkrarlasa, yəqin ki, onu da “dırnaqarası tarixçi” kimi təqdim edəcəklər. Çünki, bu hakimiyyətin təfəkkürünə görə həqiqəti söyləmək, dövlətə xəyanətdi.
Akif