Seymur Həzinin həbsindən 1 il ötdü
Doğulmaq qəhrəmanlıq deyil. Çünki ən ləyaqətsiz, şərəfini satmış, insanlığa ləkə olmuş adamlar da nə vaxtsa doğulmuşlardı. Deməli, əsas olan doğulmaq yox, yaşamağı bacarmaqdı. 80-100 il ömür sürənlər var ki, bu ömrün 100 gününü yaşaya bilməyiblər. Elə insanlar da var ki, 30-35 illik ömrə 100 ili sığışdıra bilir. Məsələn, bizim Seymur Həzi kimi.
Seymur Həzi həyatı ömür boyda yaşaya bilənlərdəndi. Amma ömür yaşamağın həmişə ağır sınaqları olub. Dünya yaranandan Xeyirlə Şərin mübarizəsi gedir. Seymur Həzi də şərəfli insan nümunəsinə çevrilə bildiyi üçün İNSANa çevrilə bilməyənlərin qəzəbinə gəldi. Onu şərləyərək həbs etdilər. Artıq bu həbsin 1 yaşı tamam oldu. Amma bu həbsə qədər də Seymur dəfələrlə ölümlə təhdid edilmiş, işgəncə görmüş, qısa müddətli həbs həyatı yaşamışdı. Sadəcə, Seymur Həzi vicdan dəbilqəsini geyinib, iradəsinin qalxanı ilə bütün həmlələri dəf etmişdi.
Onun qətiyyəti qarşısında "ağ bayraq" qaldıranlar, məğlubiyyətlərini qara xalatlı hakimlərin dili ilə etiraf etdilər. Amma 4 divar da Seymurun tərcümeyi-halına qara ləkə sala bilmədi. Əksinə, Seymur bağlı qapılara ürək açaraq yaşamağa davam etdi. Bəlkə də ona bəxtəvərlik vermək, paxıllıq etmək lazımdı. Çünki Allah ona həbsxana divarlarının müsadirə edə bilməyəcəyi nemətlər bəxş edib. Dəmir iradə, yüksək intellekt, iti qələm, müdrik düşüncə və s. Seymur Həzini mənəviyyat milyonçusu da hesab etmək olar. O hər gün şərəfli gələcəyə investisiya yatırır. Onun əlindəki "səhm" lər heç vaxt böhran qurbanı olmayacaq.
Seymur Həzinin bütün yazıları şedevr olub və onminlərlə insan tərədindən oxunub. Bu gün də o öz yazısını yazır və tarix onun ən sadiq oxucusu olacaq. O, cinayətkar olduğu üçün yox, cinayətkarları ifşa etdiyi üçün həbsdədir. Bəlkə bunun da ilahi bir hikməti var. Bəlkə cinayətkarlar üçün nəzərdə tutulmuş məkanların da azadlıq havasına ehtiyacı var.
Bu gün zindandakı azadlığın 1 yaşı tamam olur. Biz Seymura azadlıq arzu edib, onu qəzəbləndirmək istəmirik. O, zatən azaddır. Biz ona "Zindan yaşın mübarək!" deyirik.
İnşallah, 4 tərəfində səssiz divarlar yox, səsi qulağını yağır edəcək dostlar olacaq.
İlham Hüseyn