AXCP-dən istefa haqda növbəti saxta bəyanatın yayılacağı haqda dərc etdiyimiz məlumat özünü doğrultdu. “Yeni Müsavat” qəzetinin saytı (musavat.com) guya AXCP Nərimanov şöbəsindən istefa verib Razi Nurullayev tərəfə keçən 9 nəfərin “bəyanat”ını dərc edib.
Xatırladaq ki, belə bir saxta bəyanatın hazırlandığı və “Yeni Müsavat”da dərc ediləcəyi haqda bu baş verəndən təxminən 2 saat qabaq məlumat alaraq, yaymışdıq. Məlumatda deyilirdi:
“İndilərdə AXCP Nərimanov şöbəsindən istefa haqda saxta bəyanat yayılacaq. Bəyanat həmişə olduğu kimi, hökumət mətbuatında, o cümlədən "Yeni Müsavat"da yayılmalıdır.
Bəyanatda göstəriləcək ki, guya AXCP Nərimanov rayon şəbəsinin “Vahid Azərbaycan” dayaq dəstəsinin 9 nəfər üzvü – Qasımov Şirvani, Məclis üzvü Qasımov Nizami, Məclis üzvü Qasımov Xətai, Tağıyev Cahangir, Bayramov Əfsun, Məmmədov Samid, Nəbiyev Dilsuz və Quliyev Eminin partiyadan istefa verib Razi Nurullayevin dəstəsinə qoşulur.
Nərimanov şöbəsinin sədri Hacı Abbaslı məsələ ilə bağlı azadliq.info-ya deyib ki, şöbədə belə dayaq dəstəsi yoxdur və bu şəxslərdən Qasımov Şirvani, Qasımov Nizami və Qasımov Xətai "Avropa.info" saytının direktoru Ruslan Bəşirlinin dayılarıdır və bir neçə ay əvvəl partiyadan öz istəkləri ilə xaric olunublar. Digərləri isə heç vaxt AXCP üzvü olmayıblar”.
Lakin görünür, AXCP ilə bağlı yalanları tirajlamaq ehtirası o qədər güclüdür ki, saxta bəyanatın qabaqcadan ifşası da onun dərcini əngəlləyə bilmədi.
Şəkillərdən də göründüyü kimi (işarələnmiş hissəyə baxın), bu məlumat azadliq.info-da saat 12:26-da dərc olunub. “Yeni Müsavat”ın saytı isə yayılacağı əvvəlcədən bəlli olan və təkzib edilən “istefa bəyanatını” saat 14:15-də yayıb.
Beləliklə, Razi Nurullayevin AXCP-yə aidiyyatı olmayan şəxsləri guya bu partiyadan istefa verib ona qoşulanlar kimi təqdim etdiyi daha bir dəlil-sübutla ifşa olunur.