Azərbaycanın ixracının 3,9 faizi MDB-nin, 61,1 faizi Avropa İttifaqı ölkələrinin payına düşür
Dünya bazarında da neftin qiymətinin enməsi, dolların dəyər qazanması milli valyutalara təzyiqi artırır. Bu təzyiq ixracaatı neftdən asılı olan ölkələrlə bağlı daha sərt formada görünür. Hələ bu böhranın başlanğıcında neft ixrac edən ölkələr bir sıra tədbirlər görməyə, preventiv addımlar atmağa başladılar. Amma Azərbaycan hakimiyyəti bunda da istisna oldu. Əksinə, büdcədə neftin qiyməti 90 dollardan götürüldü. Halbuki bu ilin büdcəsi qəbul olunarkən neftin bazar qiyməti 80 dollardan aşağı düşmək üzrə idi.
“Azərbaycan”ın yalanları…
Hazırda da hakimiyyətin nəzarətində olan qəzetlər reallığı bir kənara qoyaraq ölkənin çiçəklənən iqtisadi göstəricilərindən yazırlar. “Azərbaycan” qəzetinin dünənki sayında “Xarici ticarət əməliyyatlarında saldo yenə də müsbətdir” başlıqlı məqalə də bu qəbildəndir. Yazıda növbəti dəfə cəmiyyət aldadılmağa və neftin dünya bazarındakı qiymətinin aşağı düşməsinin Azərbaycandan yan keçdiyi fikri formalaşdırılmağa çalışılır. Halbuki bu məqalədə əksini tapan rəqəmlər hökumətin həm iqtisadi, həm də siyasi arqumentlərini alt-üst edir.
“Reallığın inkar edilməsi”
Məqalədə qeyd edilir ki, bu ilin yanvar-iyun aylarında Azərbaycan dünyanın 138 ölkəsi ilə ticarət əməliyyatları həyata keçirib. 88 ölkəyə əmtəə ixrac olunub. 123 ölkədən mal idxal edilib. Dövlət Statistika Komitəsi bildirir ki, Gömrükdən daxil olmuş məlumatlara əsasən, yarım ildə xarici ölkələrlə 10930,1 milyon ABŞ dolları məbləğində ticarət əməliyyatları aparılıb. Bu məbləğin 6231,5 milyon dolları ixracın, qalanı idxalın payına düşüb. Məqalədə xüsusilə böyük fəxrlə qeyd edilir ki, beləliklə, saldo yenə də müsbət olaraq qalır. Ötən ilin eyni dövrünə nisbətən əmtəə mübadiləsinin dəyəri müqayisəli qiymətlərlə 4,1 faiz artıb.
Ticarət əlaqələrinin 11,7 faizi MDB-nin üzvü olan, qalan böyük hissəsi isə digər dövlətlərlə aparılıb. MDB ilə mal mübadiləsi azalıb, o biri dövlətlərlə əksinə, artıb.
Xarici ticarət dövriyyəsi iştirakçılarının 45-i Avropa, 25-i Amerika, 41-i Asiya ölkələridir. Ticarət əlaqələrinin 46,9 faizi Avropa Ittifaqı ölkələri ilə aparılıb.
Ixracın 3,9 faizi MDB, 61,1 faizi Avropa Ittifaqı ölkələri, 35 faizi digər dövlətlərlə həyata keçirilib. Idxalın 22 faizi MDB üzvlərinin, 28,2 faizi Avropa Ittifaqı ölkələrinin, yarıya qədəri isə digər dövlətlərin hesabına formalaşıb.
Xarici ticarət dövriyyəsinin beşdədörd hissəsindən çoxu – 84,1 faizi 20 ölkənin payına düşüb. Bunlar əsasən Italiya, Almaniya, Rusiya, ABŞ, Türkiyə, Fransa və başqalarıdır. Mal mübadiləsinin 85,1 faizi sərbəst dönərli valyuta ilə hesablaşmalar növü ilə həyata keçirilib.
Biz ən çox Rusiyadan, ABŞ-dan, Almaniyadan, Yaponiyadan, Çindən, Italiyadan, Birləşmiş Krallıqdan məhsul idxal edirik. Mal gətirdiyimiz ölkələr sırasında Ukrayna, Fransa, Sinqapur, Braziliya və başqaları da var.
Bu ilin birinci yarısında ölkəmizə 5480 çeşiddə mal idxal olunub.
2014-cü ilin eyni dövrü ilə müqayisədə mal ətinin, kərə yağının, kartofun, təzə meyvənin, buğdanın idxalı artıb. Eləcə də əvvəlki ilin birinci yarısında olduğundan çox polietilen, rezin şinlər, polad prokatı, armatur, şveller, soyuducu, avtobus, mebel gətirilib.
Azərbaycandan mal alan ölkələr arasında ön yeri Italiya, Almaniya, Fransa, Israil, Avstriya, Indoneziya, Çexiya, Gürcüstan tutur. Azərbaycan eləcə də ABŞ-a, Rusiyaya, Tunisə, Tailanda, Portuqaliyaya, Hindistana, Türkiyəyə və digər ölkələrə mal göndərir.
Bu ilin yanvar-iyun aylarında ölkəmizdən xaricə 1647 çeşiddə məhsul ixrac olunub. Azərbaycanın sərhədini keçmiş malların ümumi həcminin 79,4 faizi boru kəmərləri və elektrik ötürücü xətləri ilə nəql olunmuş məhsulların dəyəri hesabına formalaşıb.
Qeyri-neft məhsullarının ixracı ötən ilin yanvar-iyun aylarının səviyyəsini 16 faiz üstələyib.
Ixracın strukturunda xam neft, neft məhsulları, təbii qaz xüsusi yer tutur. Qida məhsullarından xaricə göndərilən meyvə-tərəvəz, çay, bitki və heyvan mənşəli yağlar və piylər, şəkərdir. Digər ixrac məhsullarının strukturu da rəngarəngdir. Məsələn, Azərbaycan xaricə eləcə də spirtli və alkoqolsuz içkilər, kimya sənayesi məhsulları, plastik kütlədən hazırlanmış məmulatlar, emal olunmamış gön (təbii xəzdən başqa) və aşılanmış dəri, qara metal, alüminium göndərir.
“Ixracda azalma, sənaye istehsalında kəskin enmə”
Amma məqalədə statistik rəqəmlərlə manipulyasiya edilib. Ötən müddət ərzində ölkənin iqtisadi göstəriciləri daha da ağırlaşıb. Bütün sahələrdə böhranın əlamətləri hiss olunur. Diqqətinizə 2015-ci ilin yanvar-may ayları ərzində Azərbaycanın iqtisadi göstəricilərini təqdim edirik. Vurğuladığımız müddət ərzində ticarət əməliyyatlarının həcmi 9,35 milyard ABŞ dolları təşkil edib. Dövlət Gömrük Komitəsi xəbər verir ki, ticarət əməliyyatlarının həcmi keçən ilin müvafiq dövrünə nisbətən 28.01% azalıb.
Idxal əməliyyatlarının həcmi 4,067 milyard ABŞ dolları təşkil edib ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 15.91% çoxdur.
Ixrac əməliyyatlarının həcmi isə 5,28 milyard ABŞ dolları təşkil edib ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 44.28% azdır.
May ayında saldo 346,8 milyon dollar, ilk 5 ayda isə 1,2 milyard dollar təşkil edib.
Ticarət dövriyyəsinin və ixracın azalmasının əsas səbəbi neftin qiymətinin aşağı düşməsidir.
“Əhalinin alıcılıq qabiliyyəti pisləşib”
Onu da qeyd etmək yerinə düşər ki, ölkənin valyuta mənbəyinin 95%-i enerji resursudur. Dünya bazarında neftin qiyməti ucuzlaşmağa başlayandan bəri əhalinin alıcılıq qabiliyyəti düşməyə başlayıb. Əhalinin bu davranışı özünü bir neçə göstərici üzrə büruzə verir.
Məsələn, daşınmaz əmlak bazarında satış əhəmiyyətli dərəcədə zəifləyib. Daşınmaz əmlak bazarı 40 faiz azalıb. Bundan başqa, problemli kreditlərin həcmi 30 faiz qalxıb. Əhali kreditləri ödəyə bilmir, çünki pul gəlirləri azalıb. Onu da vurğulamaq yerinə düşər ki, Azərbaycanın təbii qaz, xam neft və neft məhsulları ixracatı ötən ilə nisbətən 47,3 faiz və ya 5 milyard 813 milyon dollar azalıb. Ölkəyə gətirilən minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin sayı əvvəlki ilin eyni dövrünə nisbətən 2 dəfə azalaraq 17 345 ədəd təşkil edib.
Ölkənin sənaye istehsalı isə ötən il ilə müqayisədə 9.5 milyard azalıb.
“Azərbaycan iqtisadiyyatı sanksiyalara tab gətirə bilərmi?”
Sadaladığımız rəqəmlər hökumət mətbuatının gətirdiyi iqtisadi arqumentlərin tam darmadağın olunması deməkdir. Eyni zamanda həmin statistik rəqəmlər göstərir ki, Azərbaycanın ixracının böyük hissəsi məhz ABŞ və Avropanın payına düşür. Azərbaycan Rusiya və Iran kimi təcrid siyasəti apararaq, sanksiyalarla üzləşsə, o zaman istehsal etdiyi malları xaricə çıxara bilməyəcək. Azərbaycanın intisadi potensialı isə uzun müddət Qərblə iqtisadi savaş açmağa kifayət etmir. Bu isə Ilham Əliyevin tez-tez müşavirədə “biz Avropaya lazım deyilik, Avropa bizə möhtacdır” açıqlamasını alt-üst edir. Çünki Avropa ölkələri və ABŞ olmasa Azərbaycan ixracını yalnız MDB ölkələrinə yönəltməlidir ki, bu da ölkəni ağır iqtisadi duruma sala bilər. Yəni Qərb Azərbaycandan iqtisadi baxımdan da üz döndərərsə, ölkə iqtisadiyyatı tam çökə bilər.
Xəyal