Məhəmməd Talıblı: «Valyuta dəyişmələrinə məhdudiyyətlərin tətbiqi dollara süni tələb formalaşdırır, dollar ajiotajını artırır»
Ötən gündən etibarən Azərbaycan bankları valyutadəyişmə məntəqələrində xarici valyutanın satışına limiti artırıb. Bəzi kredit müəssisələri dolların alış limitini 2 mindən 5 min dollara kimi artırıb, başqaları isə limitsiz həcmdə valyuta dəyişməyə başlayıb.
Azərbaycan Mərkəzi Bankından (AMB) verilən məlumata əsasən, AMB tərəfindən xarici valyutanın satışına heç bir limit qoyulmayıb: “Bu hər bir bankın daxili qərarıdır”.
“Hakimiyyət devalvasiyanın olmayacağına inandırmağa çalışır”
Amma bir sıra başqa məlumatları da nəzərə almaq gərəkdir. Artıq rəsmi etiraf olunub ki, son bir neçə gün ərzində Azərbaycanda dollar alışı bir milyardı keçib. Hökumət ciddi şəkildə onun təbliğatını aparır və cəmiyyəti ona inandırmağa çalışır ki, Azərbaycanda ikinci devalvasiya olmayacaq. Amma bu təbliğata baxmayaraq bir sıra rəqəmlər devalvasiyanın qaçılmaz olduğunu göstərir. Öncə onu qeyd etmək lazımdır ki, dünya bazarında neftin qiymətindəki eniş dayanmayıb. Və bu günlərdə yaşanan cüzi artım müvəqqəti sayılır. Dolların məzənnəsi isə getdikcə möhkəmlənməkdədir.
“Fevraldakı devalvasiya ərəfəsi situasiya təkrarlanır”
Fevralın 21-dəki devalvasiyadan sonra dövlət başçısı çıxış edərək bildirmişdi ki, onları devalvasiyaya getməyə vadar edən bir neçə gün ərzində 500 milyon dolları möhtəkirlərin almasıdır. Artıq rəsmi məlumatlara görə, son bir neçə gündə dollar alışı bir milyardı adlayıb. Deməli, fevraldakı devalvasiyanı şərtləndirən bir faktor artıq baş verib.
Ikinci mühüm bir məqam neftin qiyməti və Mərkəzi Bankın valyuta resursları ilə bağlıdır. Fevralda neftin bir barreli təxminən 60 dollar civarında idi. O zaman Mərkəzi Bankın valyuta ehtiyatı 14-15 milyard idi. Amma hazırda neftin bir barreli 45 dollardan aşağı, Mərkəzi Bankın ehtiyatları isə fevraldakından iki dəfə azdır. Bu da mühüm faktordur.
Məhz belə bir durumda valyutadəyişmə məntəqələrində limit tətbiq olunur. Böyük dövriyyəyə sahib şirkətlərin tətbiq olunan limit çərçivəsində necə hərəkət edəcəyi maraq doğurur. Dövriyyəsi bir neçə on min olan şirkətlərin də hazırkı durumda qolları bağlıdır. Məhz bu faktor ölkədə “qara bazarın” yaranmasına aparan yoldur. Rəsmi məzənnə aşağı olsa da, iri şirkətlər üçün kifayət qədər dollar əldə etmək demək mümkünsüzdür. Bu isə “qara bazarda” fərqli məzənnə ilə lazımi qədər dolların satışını stimullaşdırır.
Iqtisadçı Məhəmməd Talıblının sözlərinə görə, təcrübə göstərir ki, bu sahədə valyutanın sərbəst dövriyyəsindən imtina edib, ona inzibati yolla müdaxilə edəndə əks nəticə verir. Yəni dollar satışında limit müəyyənləşdirmə həmin valyutaya tələbi lazım olduğundan xeyli artırır. Necə deyərlər, qadağan olunmuş meyvəyə həmişə maraq çox olur: “Bu baxımdan valyuta dəyişmələrinə məhdudiyyətlərin tətbiqi dollara süni tələb formalaşdırır və dollar qıtlığı və ya ajiotajını artırır. Digər tərəfdən, bu cür addımlar idxal-ixrac əməliyyatlarında valyuta ilə konvertasiyanı çətinləşdirir. Manat çoxluğu və dollar qıtlığı vəziyyəti yaradır”.
M.Talıblının sözlərinə görə, digər tərəfdən isə bu onu göstərir ki, dollar ehtiyatı da ölkədə azdır və ya az kimi görünür. Sərbəst vəsaitlər dövriyyədə nə qədər çox olarsa, valyuta birjalarında bir o qədər yaxşı imkanlar formalaşır: “Əgər belə olmazsa, böyük şirkətlər və holdinqlər vardır ki, onların istehsal və xidmət istehsalı zəifləyəcək. Satış imkanları azalacaq. Valyuta bazarındakı mövcud vəziyyət isə onlara əlavə problemlər yaradacaq. Digər tərəfdən, valyuta qıtlığının doğurduğu ajiotaj devalvasiya üçün formalaşmış zəmini tezləşdirir. Hətta bu prosesə banklar da qoşulsa, onlar da kreditləri dollarla tələb etməyə başlasalar, onda vəziyyət olduğundan daha ağır fəsadlar doğura bilər. Necə də ki, artıq bəzi banklardan belə siqnallar almaqdayıq. Bu vəziyyət manata inamı zəiflədir, dollar təklifinin artmasını stimullaşdırır”.
Xəyal