Ənnağı Hacıbəyli: «Mən nə Don Kixotam, nə də siyasət dahisi»
«Ləyaqətli bir ömür yolu ilə sabaha getməkdən yaxşı nə ola bilər ki…»
60 yaşlı Ənnağı Hacıbəyli, ağayana, sadə və təvazökar. Sual edəcəksiniz ki, necə yəni, ağayana olan sadə və təvazökar olarmı? Ənnağı müəllimin böyüklüyü ondadır ki, bu cəhətləri öz şəxsiyyətində birləşdirə bilib. Onunla ömürdən və bu ömrü qayğılandıran hüquq peşəsinin qayğılarından, “bulaşdığı” siyasətdən söhbət etdik. Çalışdıq ki, insan ömrünün gözlə görünməyən tərəflərinə suallarımız və cavablarımızla işıq salaq.
-Ənnağı müəllim, çox gecmi gəldi ömrün 60-cı yayı?
– Düzü, hərdən mənə elə gəlir ki, altımışa hələ çox var. Başqa yandan, hərdən elə bilirəm ki, düz yüz il yaşamışam. Ömrümüz qarğış sayılan keçid dövrünə düşdü. Imperiyanın dağılmasını, müstəqil dövlət qurulmasını, onun doğuşunu, qürubunu, zənginliyini, yoxsulluğunu yaşadıq. Avtobusda, küçədə, mağazada “əmi” deyə müraciətlərdən hələ də diksinirəm.
“Zamanın hələ ki, mənə gücü çatmır”
– Avqustun son günlərində doğulmusunuz, üzü payıza, ilin qürub çağına gedən dövrünə düşür. Indi də 60-ı qeyd edirsiniz, içinizdə narahatçılıq varmı?
– Nə narahatçılıq olacaq ki. Olan olub, keçən keçib. Amma bu 60-ı belə tez-tez yadıma salmasanız yaxşıdı. Özünüz 60-a çatanda hər şeyi anlayacaqsınız. Deyirlər ki, burdan qocalıq başlanır. Mən hələ onu elə də hiss eləmirəm. Ya doğum tariximi səhv yazıblar, ya da zamanın hələ mənə gücü çatmır.
– Zamanın hansı mənada gücü çatmır, axı zaman heç güc göstərmir, sadəcə ömrü aparır…
– Natiq bəy, imkan verin bir az da lovğalanaq. Bizim bəzən zamanla məzələnmək kimi avantürist şakərimiz də var. Çox da dərinə getməyək. Zamanla zarafat eləmək bir az təhlükəlidi. Onun hətta fironları da bir anda yerlə yeksan eləmək kimi möhtəşəm şakəri var. Biz onun əlində nəyik ki…
“Təslim olmaq şəxsiyyətin bitdiyi yerdi”
– Elə bir zamanda və mühitdə yaşayırsınız ki, o sıradan peşəniz də sizi siyasətə yaxınlaşdırır, yaxud bulaşdırır. Bu mənada 60-dan geriyə dönüb baxanda sizi ağrıdan, ya da özünüzə qarşı acıyan səhvləri xatırlayırsınızmı?
– Siyasətdən həmişə qaçmağa çalışmışam. Amma qorxudan yox. Sadəcə siyasətin təmiz peşə olmadığını, üstəlik, bizim cəmiyyətimiz və dövrümüzdə normal siyasətçi olmağın mümkünsüzlüyünü gördüyümə görə siyasətdən uzaq durmağa çalışmışam. Amma az-çox fəal vətəndaş olaraq siyasətdən kənarda qalmaq mümkün deyil. Parlament seçkilərində iştirak, Ictimai Palata və Milli Şurada təmsil olunmaqla siyasətə “bulaşmışam”. Ümumiyyətlə, xarakterimdə siyasətçiyə mane olan cəhətlər – səbirsizlik, prinsipial saydığım məsələdə güzəştə getməmək, liderlik qabiliyyətinin yetərincə olmaması, hər şeyə qanun, haqq-ədalət, mənəviyyat prizmasından yanaşma və s. fəal siyasətlə məşğul olmağıma imkan verməyib.
Deməyin ki, bunlar əslində yaxşı cəhətlərdi. Siyasətin öz qanunları var…
60-dan geriyə dönüb baxanda o qədər ağrılı məqamlar görürəm ki, bunların içində ən az gözümə dəyən elə öz səhvlərimdi. Biz ağır mühitdə, ləyaqətli insanlara dəyər verilmədiyi, yaltaqlığın at oynatdığı, dostların düşmənə, əqidədaşların dönüklərə çevrildiyi bir dövrdə yaşadıq…
– Axı siyasətdə geriyə boylanmaq olmur, çünki istər-istəməz parıltılı ləkələr göz qamaşdırır, fərqi yoxdur, qara olsun, ya da ağ…
– Ona görə də geriyə baxmamağa çalışıram.
– Siyasətin qanunlarına toxundunuz. Bu mənada hüquqşünas Ənnağı Hacıbəylinin həmin qanunlara təslim olduğunu düşünmək olarmı?
– Etiraf eləyim ki, mən nə don Kixotam, nə də siyasət dahisi. Heç özümü siyasətçi də saymıram. Hüquq özü siyasi hadisədir və siyasət hüquqla çəpərlənməlidir. Bir-birinə qarşılıqlı təsirdən yaranan bu hadisələr cəmiyyətin atributlarıdı. Siyasət hüquqa boyun əyməyəndə normal cəmiyyətin qanunları əyilir, tapdalanır. Bizdəki siyasət özünü hüququn fövqündə sayan siyasətdi. Buna isə siyasət demirlər. Hüquqa dirənməyən siyasət haqq tanımır. Biz qanuni siyasətin qarşısında boyun əyməliyik. Əks halda insanlar ölçüsüz siyasət qarşısında əyilməyə məcbur olurlar. Təslimçiliyə gəldikdə isə, bunu heç vaxt ağlıma gətirməmişəm. Təslim olmaq şəxsiyyətin bitdiyi yerdi.
“Rüstəm Ibrahimbəyovdan soruşaq ki, nədən bizi meydanda qoyub qaçdı”
– Milli Şuranın üzvü, hətta keçid dövrü üçün prezidentin səlahiyyətlərini müəyyən edən “Memorandum”u hazırlayan qrupun rəhbəri olmusunuz. Son vaxtlar Milli Şuranın tədbirlərində görünmürsünüz. Bunun səbəbi nədir?
– 2013-cü ilin prezident seçkiləri ərəfəsində o “Memorandum” deyilən sənədin tezislərindən ibarət böyük bir yazını “Azadlıq”da çap elətdirdim. Bundan sonra bir neçə müxalifət rəhbəri mənə təklif etdi ki, MŞ-də həmin sənədi hazırlayacaq qrupa rəhbərlik edim. Öncə istəmədim. Lakin təkid elədilər və dedilər ki, ziyalılar bizi tənqid edirlər, amma bizə dəstək vermirlər və s. Razılaşdım, sənədi hazırladıq və təsdiq olundu. Seçkilər başa çatandan sonra onun yekunlarına həsr olunmuş MŞ toplantısında hamıya qulaq asandan sonra çıxış elədim. Dedim ki, gəlin qapalı bir toplantı keçirək, məğlubiyyətimizin səbəblərini araşdıraq, müxalifətin gələcək planlarını müzakirə edək, R.Ibrahimbəyovu çağıraq və soruşaq ki, nədən bizi meydanda qoyub qaçdı. Heç bir reaksiya, tədbir olmadı. “Azadlıq”da yenidən çıxış elədim və məğlubiyyətin səbəblərini gücüm çatan qədər izah eləməyə çalışdım, hamını müzakirəyə çağırdım. Başlıca məsələlər barədə susub bir cümlədən yapışdılar: “MŞ üzvləri (AXCP qismən istisna olmaqla) Cəmil müəllimə normal dəstək vermədilər”. Müsavatçılar kütləvi şəkildə üstümə düşüb təhqiramiz şərhlər yazdılar. Indi sədr müavini olmuş biri isə lap qabağa getdi: “Mən Ənnağı Hacıbəylinin yazısını oxumamışam, ancaq belə yazıbsa…” MŞ-də bir nəfər də tapılmadı desin ki, bəlkə yazıda qaldırılan məsələləri müzakirə edək. Bu ölkədə sanki hamı həqiqəti özünün ən qorxulu düşməni sayır.
Artıq iki ilə yaxındır ki, heç bir siyasi tədbirdə iştirak etmirəm. Nə qədər ki, müxalifət seçki öncəsi qucaqlaşacaq, seçkidən sonra bir-birinə xəyanətkar damğası vuracaq, mən belə oyunlarda iştirak etməyəcəm.
Peşəkar siyasətçi olmasam da, anlayıram ki, siyasətə təkcə səmimiyyət, əxlaq prizmasından baxmaq olmaz. Sveyqin gözəl bir sözü var: “Siyasətdə meyar əfsus ki, hüquq deyil, uğurdur”. Ancaq qəti əminəm ki, siyasət əxlaqsızlıq və kələkbazlıq da deyil. Müxalifətin heç bir birliyində ideyalar ətrafında gerçək mübarizə, xalq mənafeyini şəxsi və partiya mənafeyindən üstün tutan fəaliyyət görməmişəm. Təəssüf… Müxalifət 30 illik praktikadan sonra da dərk etməyib ki, seçkilərə təkcə seçki ilində hazırlaşmazlar.
– Razılaşın ki, Rüstəm müəllimin Bakıya gəlişi asan deyildi, hətta onun həyatı üçün təhlükəli idi.
– Razılaşmıram. Onu kinoya baş rola çəkilməyə dəvət eləməmişdilər. Birinci, o özü meydana atılmışdı. Ikinci, Şah Ismayıl Xətai deyirdi ki, “Başını meydana qoymaz kim ki sərdar olmasa”. Sən prezidentliyin ləzzətindən umsuq olanda düşünməliydin ki, bu yolda hər cür məhrumiyyətlər, hətta ölüm var. Mən hələ indi də inana bilmirəm ki, bu “proval”ın səbəbi sadəcə can qorxusudu…
Bizim hamımızın cəmiyyət və bir-birimiz qarşısında mənəvi məsuliyyətimiz var. Bu məsuliyyəti dərk etmək və onu daşımaq hamımızın borcudu. Adamları siyasi mübarizəyə qaldırıb qaçıb gizlənmək, bu situasiyadan bəhrələnmək mənəviyyatsızlıqdı. Bu hamıya aiddi.
“Şəxsi həyatımızı ictimai problemlərin həllinə qurban vermişik”
– Siyasətdən bir az uzaqlaşaq. QHT sektorunun tanınmış nümayəndələrindən biri kimi bu sahədə durumu necə dəyərləndirirsiniz?
– Qanunvericiliyə son illər edilən dəyişikliklər, özəlliklə 2013-cü ilin sonlarında qəbul edilmiş qanunlar və onların tətbiqi hakimiyyətin düşünülmüş, məqsədyönlü siyasətidi. Müxalif partiyalar və media çeşidli vasitələrlə (qorxudulma, həbslər, zorakılıq, satın alma, leqal və qeyri-leqal dövlət maliyyələşdirməsi və s.) susdurulduqdan sonra ölkədə yeganə narazı, mobil qüvvə QHT sektoru idi. Indi müstəqil QHT-lərin hamısı susdurulub. Yenə həmin vasitələrlə. Təxminən son on ildə hər şey buna doğru gedirdi. Biz bunu gözləyirdik. QHT-lərə Dövlət Dəstəyi Şurası yaradılanda bilirdik ki, bu, müstəqil təşkilatlar üçün tələdi. Belə də oldu. Hakimiyyət cəmiyyətin tam susdurulması istiqamətində inamla irəliləyir. Beynəlxalq təşkilatların tənbəl donqultusuna baxmayaraq. Azərbaycandakı rejim güclü resurslarından yararlanaraq daxili və xarici təpkiləri zərərsizləşdirə bilib. Hakimiyyətin nəyin bahasına olursa-olsun saxlanması elminə yaxşı yiyələnmiş rejim hələ ki, öz təhlükəsizliyini təmin edə bilir.
– Hazırda nə qayğılandırır sizi, Azərbaycanın məhkəmə, vəkil institutu, Qarabağ, dostunuz Intiqam müəllimin vəziyyəti, cəmiyyətin mənəvi deqradasiyası, bəlkə bunların hamısı bir yerdə, yaxud nisbət məsələsində fərqlər var, birinin öndə, o birinin arxa planda olması baxımından?
– Son illər bütün bunların içində yaşadıq. 2006-cı ildə atam dünyadan köçəndə mənə elə gəlirdi ki, bu, ömrümün ən ağır ilidi. Amma son bir il sübut elədi ki, daha ağır günlər ola bilərmiş. Bu, bir az çətin başa düşülən məqamdı. Biz sanki şəxsi həyatımızı ictimai problemlərin həllinə qurban vermişik. Ictimai fəaliyyət şəxsi həyatımızı arxa plana keçirib. Sanki adam kimi yaşamaq imkanından məhrum ediblər bizi. Dostlarımıza, hətta heç vaxt ünsiyyətdə olmadığımız adamlara qarşı əsassız, qanunsuz hərəkətlər sözün gerçək anlamında həyatımızı zəhərlədi. Bu insanlara qarşı çıxarılan məhkəmə qərarları qanunçuluğun, insan haqlarının, məhkəmə sisteminin, vəkilliyin katastrofik durumunu bütün çılpaqlığı ilə bir daha cəmiyyətə göstərdi. Biz içimizdəki və çölümüzdəki “Qarabağ” dərdinin qurbanlarına çevrilmişik. Cəmiyyətin deqradasiyası ilə dövlətçiliyin deqradasiyası bir-birini və bizi içimizdən yeyir. Bu ölkədə müxalifətçilik təkcə əqidə məsələsi deyil, həm də bir əxlaq məsələsidi.
“Bizdə hüquq haqq deyil, ”haq"dı – hüquq istəyən haqqını verməlidi"
– Sizə elə gəlmir ki, sadaladıqlarımda heç nə alınmır, yəni irəliyə doğru addım ata bilmirik (həm də bilmirsiniz), ömür isə gedir…
– Təəssüf ki, belədi. Bir tərəfdən az-çox elədiklərinlə təsəlli tapmağa çalışırsan, başqa yandan durumun yaxşılaşmaq əvəzinə daha da pisləşməsi səni üzür. Ən pisi də odur ki, “ömür isə gedir…”
– Və heç bir uğur yox, söhbət böyük mənada uğurdan gedir…
– Böyük uğurların olmadığını inkar edə bilmərəm. Amma böyük uğurlar kiçik uğurlardan yaranır. Biz – böyük bir qrup Azərbaycan hüquqçularının belə kiçik uğurları çoxdur. Hüquqşünaslar Forumunun yaradılması, peşəkar vəkil kontingentinin hazırlanması yolunda çalışmalar, qanunvericilik və məhkəmə-hüquq islahatlarına qatqılarımız, demokratiya, insan haqları, seçkilərlə bağlı gördüyümüz çoxsaylı işlər gələcək böyük uğurların təməlidir. Son iki ildə hakimiyyətin avtoritar hərəkətləri ilə, demək olar, dayandırılan bu inkişaf gec-tez davam edəcək. Tarixin yolu heç vaxt düzünə getməyib.
– Səbəb bəlkə hüququn haqq ola bilməməsidir?
– Cavid deyirdi ki, “Həqiqət, haqq rizası namümkün, aldanır, aldanır zavallı bəşər”. Əslində hüquq ancaq ideal cəmiyyətdə mütləq haqq ola bilər. Normal cəmiyyətlərdə hüquq müəyyən hədd daxilində haqq olur və olmalıdı. Bizdə hüquq haqq deyil, “haq”dı – hüquq istəyən haqqını verməlidi. Bəlalarımızın kökü həm də buradadı.
– Hüququn haqq ola bilməməsi fikrinin üzərində ona görə israrla qalıram ki, hüquq bir hadisə kimi cəmiyyətin, siyasi idarəetmənin girovuna çevrildi. Haqq isə bunlardan daha üstündür, hüquq elmi buna çatmadı, razısınızmı?
– Bizim hüquq elmindən danışırsınızsa, bizdə böyük ölçüdə belə bir şey yoxdu. Azərbaycanın hüquq elmi, demək olar, bütünlüklə plagiatdan ibarətdi. Hakimiyyət, onun məmur ordusu üçün hüquq isə heç nə demək deyil. Hüquq həm də qanunsuzluğun, məmur özbaşınalığının qarşısını kəsən sədd olmalıdı. Bizdə isə məmur özbaşınalığından məhkəmə yolu ilə də müdafiə olunmaq mümkün deyil. Başdan-ayağa hamının sanki nifrət elədiyi ən birinci şey məhz hüquqdu. Bu durumun ən sonuncu günahkarı vətəndaşdı. Hakimiyyətin haqq saymadığı hüquq heç yerdə – nə məmur təfəkküründə, nə məhkəmədə haqq ola bilməz.
“Əsas odur ki, yaşadığın ömrə çevrilib baxanda utanmayasan”
– Ənnağı müəllim, olubmu ki, ömrünüzü istədiyiniz kimi yaşamadığınız hissi keçib qəlbinizdən. O mənada ki, müstəqilliyi uğrunda mübarizə aparanda arzuladığınız Azərbaycan hələ yoxdur və… bəlkə də heç görməyəcəksiniz, sərt oldu sualım, amma verməyə məcburam…
– Sizin sərt sualsız müsahibələriniz var ki? Mən hələ yaxşı qurtardım. Sualınızın birinci hissəsinə gəlincə deyim ki, məncə, belə hiss az, ya çox dərəcədə hamının ürəyindən keçir. Insanın həyatında çox müxtəlif anlar, ovqat olur. Ona görə də belə hisslər təbiidi. Amma əsas olan bu deyil. Əsas odur ki, yaşadığın ömrə çevrilib baxanda utanmayasan. Hələ ki, Allaha şükür, belə utanc hissi yaşamamışam və bununla öyünə bilərəm. Azərbaycana qazanc mənbəyi yox, sadəcə Vətən kimi baxanların arzularının hələ də çin olmamasına üzülməmək mümkün deyil, amma biz belə Azərbaycanı təkcə özümüz üçün istəmirik, ona görə də azad, demokratik Azərbaycan bizdən sonrakılara qismət olsa, buna da indidən sevinmək gərəkdi. Bir də, 60 yaş nədi ki, bu yaşda pessimizmə qapılaq.
-Amma ətraf pessimizm bataqlığında boğulur, fərqi yoxdur, 16, yaxud 60 yaş olsun, bəlkə özünüz də bataqlıqdasınız, axı Azərbaycanda yaşayırsınız…
– Vətəni seçmirlər. Ancaq düzünü deyim ki, yenidən doğulsaydım, yenə də bu torpaqda, bu Vətəndə doğulmaq və yaşamaq istərdim. Bəlkə də bu, bəzilərinə mənasız və ya yalançı patriotizm kimi görünə bilər. Bəlkə də ona görə belə düşünürəm ki, belə doğulmuşam. Amma bir il öncə mənə istənilən ölkəni seçmək təklif olunanda düşünmədən “yox” dedim. Mən bu əndrəbadi problemlərin içində boğulan ölkədən kənarda yaşamağı təsəvvür edə bilmirəm.
– Sabaha nəylə gedirsiniz?
– Əslində real olaraq heç nə ilə. Bunların bir dəyəri varsa, çətin, şərəfli, ləyaqətli bir ömür yolu ilə sabaha getməkdən yaxşı nə ola bilər ki…
Natiq Cavadlı, meydan.tv