Müəllimlik üçün imtahan verən 18 min 573 nəfərdən yalnız 1892-si işə qəbul olunub
Ümumtəhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin işə qəbulu müsabiqəsi başa çatıb. Təhsil Nazirliyindən “Trend”ə verilən məlumata görə, müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsində 18 min 573 nəfər iştirak edib. Bunlardan 2212 nəfər yüksək nəticə göstərərək vakant yer tutmaq hüququ qazanıb və müsahibəyə dəvət olunub. Müsahibənin nəticələrinə əsasən, 1892 nəfərin işə qəbul olunmasına razılıq verilib.
Tutulan vakansiyalar daha çox Bakı şəhəri (345 yer), Cəlilabad rayonu (83 yer), Lerik rayonu (71 yer) üzrə olub. Vakansiyalar daha çox ibtidai sinif (335 yer), coğrafiya (206 yer) və kimya (156 yer) müəllimliyi üzrə tutulub.
Işə qəbul olunmasına razılıq verilmiş müəllimlər sentyabrın 1-dən başlayaraq, müvafiq məktəblərə sənədlərini təqdim edib pedaqoji fəaliyyətə başlayacaqlar.
Qaydalara müvafiq olaraq, tutulmayan və imtina edilmiş vakant yerlərə avqustun 5-dən 10-dək əlavə yerləşdirmə aparılacaq. Əlavə yerləşdirmədə test imtahanlarında keçid balını toplayıb vakant yer tuta bilməyən, eləcə də tutduğu vakansiyadan imtina edənlər iştirak edə bilər.
Maraqlıdır, pedaqoji universitetləri bitirən və diplom alan məzunlar əlavə olaraq test imtahanı müsabiqəsindən keçməli və bundan sonra işləmək hüququ qazanmalı olurlar. Daha bir müsabiqə mərhələsi gərəkdirsə, nədən onlara ali təhsil haqqında diplom verilib?!
Baş verənlərdən belə nəticəyə gəlmək olar ki, verilən diplomlar müəllim işləmək üçün yetərli deyil. Belə olan halda, hər iki mərhələyə cavabdeh olan qurum hansı məsuliyyət daşıyır?
Hərçənd, söhbətləşdiyimiz hüquq sahəsi üzrə ekspertlər hesab edir ki, pedaqoji təhsil alan məzunların müəllim işləmək üçün müsabiqədən keçməsi normal hadisədir. Hesab edirlər ki, sui-istifadə hallarına yol verilmirsə, normal, şəffaf bir proses keçirilirsə, bunu normal qarşılamaq lazımdır. Ekspertlərin qənaətincə, inkişaf etmiş cəmiyyətlərdə ali təhsilli olmaq heç də müəllim işləmək üçün yetərli sayılmır. Müəyyən kriteriyalar var ki, yalnız ona uyğun mərhələni keçməklə həmin vəzifələrdə işləmək olar.
Nigar