Onlar ev məsələsindən tutmuş, içməli suya qədər müxtəlif problemlər içində boğulur
Məcburi köçkünlər «Qaçqınkom» sədrini və icra başçısını onların güzəranı ilə maraqlanmağa çağırdı
Azərbaycanda əhalinin sosial durumu günü-gündən pisləşir. Xüsusən bölgələrdə vəziyyət lap acınacaqlıdır. Prezidentin Ehtiyat Fondundan mütəmadi olaraq regionların inkişafı üçün böyük vəsaitlər ayrılsa da, həmin vəsaitlər təyinatı üzrə xərclənmədiyindən və ya lazımi istiqamətə yönəldilmədiyindən bölgələrin durumunda heç bir yaxşılaşma hiss olunmur.
Əksinə, vəziyyət daha da pisləşir. Bir sıra rayon və kəndlərin əhalisi bölgələrdəki işsizlik üzündən paytaxta üz tutmuşdular. Onların əksəriyyəti Bakıda tikinti sektorunda çalışır, ailələrini dolandırırdılar. Məlum olduğu kimi, dünya bazarında neftin qiymətinin kəskin ucuzlaşmasından sonra Bakıdakı tikinti şirkətlərinin bir qismi fəaliyyətini dayandırıb, hətta dövlət tərəfindən həyata keçirilən inşaat layihələri də yarımçıq saxlanılıb. Bu da ailələrinin çörəyini həmin tikinti-inşaatdan çıxaran bölgə sakinlərini acınacaqlı vəziyyətə salıb.
Bundan başqa, bir sıra regionlarda məskunlaşan qaçqın və məcburi köçkünlərin evlə təmin olunması məsələsi də problem olaraq qalır. Üstəlik, məcburi köçkünlər onlara içməli suyun verilməməsindən şikayətlənirlər.
Əməkdaşımız Bərdəyə səfərində rayon ərazisində məskunlaşan qaçqın və məcburi köçkünlərin güzəranı ilə maraqlanıb. Rayonun “Təzə qəsəbə” adlanan ərazisində 15 beşmərtəbəli binada yerləşdirilən 366 məcburi köçkün ailəsinin əsas problemi onların təmiz su ilə təmin edilməməsidir. Köçkünlər bildirir ki, onların istifadə etdikləri su nəinki içməli deyil, hətta gündəlik məişət işlərinə belə yaramır, dəri xəstəliklərinin yaranmasına səbəb olub. Köçkünlərin bir hissəsi yaşadıqları ərazidən xeyli aralıdan su daşıdıqlarını bildirərək, suyun tərkibinin yoxlanılmamasından şikayətlənirlər.
Məcburi köçkünlərin digər problemi yaşadıqları şəhərciyin işıqlandırma sistemilə bağlıdır. Şikayətçilər prezidentin rayonun inkişafı məqsədilə ayırdığı milyonlarla vəsaitlərin havaya sovrulduğunu iddia edirlər. Onların sözlərinə görə, ərazidə gənclər üçün tikilməli olan idman stadionunun inşası da yarımçıq qalıb.
Bərdə rayonu 105 saylı peşə məktəbinin binasında məskunlaşan məcburi köçkünlərin əsas şikayəti isə hələ də ev problemlərinin həll edilməməsilə bağlıdır. Həmin peşə məktəbində 150-dən artıq ailə məskunlaşmışdı. Onların bir hissəsi yeni tikilmiş yeddimərtəbəli binalara köçürülüb. 30-dan artıq ailə isə müxtəlif maneələrlə üzləşərək, adlarının siyahıda olmaması bəhanəsilə evlə təmin edilmir.
Məcburi köçkünlərin sözlərinə görə, Qaçqın və Məcburi Köçkünlərin Problemləri üzrə Dövlət Komitəsinin Bərdə şöbəsinin rəhbəri Sərdar Zeynalov və Komitənin Mənzil Departamentinin rəhbəri Elman Ismayılov onlara evlə təmin olunacaqları haqda söz versə də, əməl etməyib.
Peşə məktəbinin binasında məskunlaşan məcburi köçkünlərdən Süleyman Əliş oğlu Cavadov deyir ki, 2006-ci ildən bu ərazidə qeydiyyatda olsa da, aidiyyəti qurumlar onun ev problemini həll etmək əvəzinə, süründürməklə məşğuldular: “1992-ci ildən Xocalı rayonundan qaçqın düşmüşəm. Iki əsgər atasıyam. Buna baxmayaraq, mən hələ də evsiz qalmışam. Sərdar müəllim və Elman Ismayılov bizi aldatmaqda davam edir”.
Məcburi köçkün Qərənfil Sadıqova deyir də ki, Qarabağ müharibəsində iki övladını itirib. “Qaçqınkom” isə iki şəhid vermiş bir ailənin problemlərinə biganə yanaşır: “1991-ci ildən peşə məktəbində məskunlaşan köçkünlərdənəm. Səkkiz övlad böyütmüşəm. Ikisi vətən yolunda şəhid olub. Indi nəyə görə Elman Ismayılov bizi evlə təmin etməməlidir?”
Məcburi köçkün Sadiq Süleymanov da ailəsinin yaşayışından gileylənir. Deyir ki, ev problemini qabartdığı üçün hətta həbsxanaya da salınıb: “Bütün sənədlərim qaydasındadır. Elman Süleymanov hansı sənədləri tələb edibsə, hazırlamışam. Amma problemimiz həll olunmur. Şəhid ailəsi olmağımıza baxmayaraq, bütün kommunal ödənişləri vaxtında ödəmişik. Nəyə görə bu gün biz dəmir evdə yaşamalıyıq?”
Yeri gəlmişkən, Bərdədə məskunlaşan məcburi köçkünlər problemlərini aidiyyəti orqanların diqqətinə çatdıra bilmək üçün dəfələrlə yolu kəsərək, etiraz aksiyası keçiriblər. Amma nəticəsi olmayıb. Onlar bir daha “Azadlıq” vasitəsilə “Qaçqınkom”un sədri Əli Həsənova, Bərdənin icra başçısı Vidadi Isayevə üz tutaraq, onları məcburi köçkünlərin problemlərilə maraqlanmağa çağırıb.
Emil