Üzeyir Cəfərov: «Azərbaycan tərəfi Rusiyanın bu cür addımlarına heç olmasa, diplomatik münasibət bildirməlidir»
Bir neçə gün əvvəl Rusiya Baş Kəşfiyyat Idarəsinin rəisi Iqor Serqunun Ermənistana səfəri və bu zaman işğal olunmuş ərazilərdəki durumu müzakirə etməsi ciddi müzakirələrə yol açan hadisədir.
Nəzərə almaq lazımdır ki, bundan əvvəl “Isgəndər-M” raketləri alması məqsədilə Ermənistana Rusiyanın 200 milyon dollar kredit ayırması faktı baş vermişdi. Və Azərbaycan hökuməti Rusiyanın işğalçı ölkəyə bu jestinə hər hansı formada etiraz etmədi.
Bunun ardınca, Rusiya Qondarma Dağlıq Qarabağ respublikasının rəhbəri Bako Saakyanı “Böyük Pyotr” ordeni ilə təltif etdi. Rəsmi Moskva bu təltifetməni dolayısı ilə bununla izah etdi ki, Saakyan Rusiya dövlətinin möhkəmlənməsində xidmətlərinə görə mükafatlandırılıb. Azərbaycan hakimiyyətindən separatçı rejimin başçısının təltifləndirilməsinə də heç bir etiraz gəlmədi.
Ümumiyyətlə, Azərbaycan hakimiyyəti Rusiyanın Ermənistanla münasibətlərdə bizim ölkənin mənafelərinə zidd davranışlarına həmişə susqun yanaşır.
Yeri gəlmişkən, yuxarıda qeyd olunan hadisələrin fonunda Azərbaycanın müdafiə naziri Zakir Həsənov bugünlərdə Moskvada rusiyalı həmkarı Sergey Şoyqu ilə görüşdü. Rusiya mətbuatı görüşdə Azərbaycanla rəsmi Moskva arasında hərbi əməkdaşlığın inkişaf perspektivlərilə bağlı müzakirələr aparıldığı haqda məlumat yayıldı. Amma ikili görüşün pərdəarxası məqamları da var.
Hərbi ekspert Üzeyir Cəfərov deyir ki, Azərbaycan tərəfi Rusiyanın bizim ölkəmizin mənafelərinə zidd addımlarına çəkinmədən, heç olmasa, diplomatik münasibət bildirməlidir. Ekspertin sözlərinə görə, ATƏT-in Minsk Qrupu çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə sülhməramlı missiya daşımalı olan bir ölkənin Ermənistanı “Isgəndər-M” raketlərilə silahlandırması qəbuledilməzdi. Azərbaycan tərəfi bununla əlaqədar öz narahatlığını bildirməlidir.
“Dəfələrlə qeyd etdiyimiz kimi, Dağlıq Qarabağ münaqişəsinin memarı Rusiyadir. Ermənistan kimi həm iqtisadi, həm də hərbi potensialı zəif olan bir ölkə Azərbaycanla müqayisə oluna bilməz. Bəllidir ki, bu münaqişənin başında dayanan Rusiya hər zaman Dağlıq Qarabağ məsələsinin həllində maneə rolunu oynayıb. Rusiya ATƏT-nin Minsk qrupunun həmsədrlərindən biri statusunda özünü sülhyaratma missiyasının fəal iştirakçılarından biri kimi göstərməyə çalışsa da, ortada heç bir nəticə yoxdur”, – deyə Üzeyir Cəfərov bildirib.
Rusiyanın Ermənistanı silahlandırmaqda davam etdiyini deyən ekspertin fikrincə, Zakir Həsənovun Sergey Şoyqu ilə görüşündən ciddi nəticə gözləməyə dəyməz: “Ən dəhşətli silahlardan hesab olunan ”Isgəndər-M" hücum raketlərinin Ermənistana satılmasına dair danışıqlar aparılması, Rusiya Baş Kəşfiyyat Idarəsi rəisinin Ermənistana səfəri və bu qəbildən olan digər məsələlər deməyə əsas verir ki, Rusiyadan ədalət gözləməyə dəyməz.ÿZakir Həsənovun görüşünə gəlincə, nəzərə almaq lazımdır ki, bu tip məsələlərdə Sergey Şoyqudan öncə Rusiya prezidenti Putin, xarici işlər naziri Lavrov var. Bu mənada, Dağlıq Qarabağ problemi Zakir Həsənovla Şoyqu arasında ciddi müzakirə oluna biləcək məsələ deyil. Bu istiqamətdə hər hansı danışıqların aparılması ehtimalı ola bilər. Lakin Rusiya tərəfinin səmimi addım atacağı inandırıcı deyil".
Emil