Avstraliyadan Azərbaycan hakimiyyəti üçün ibrət dərsi
Azərbaycan hakimiyyəti uzun müddətdi antiQərb kampaniyası aparır. Telekanallar, rejim mətbuatı, hökumət təmsilçiləri ABŞ, Almaniya, Avropa Birliyi, Avropa Şurası əleyhinə ən ağır ittihamlar səsləndirirlər. Sonuncu müşavirədə hətta ölkə başçısı Avropada faşizmin hökm sürdüyünü sübut etməyə çalışdı. Amma reallıq onu göstərir ki, elmin, təhsilin, səhiyyənin, iqtisadiyyatın, sosial vəziyyətin, hüquq sisteminin inkişafı məhz Qərbdə müşahidə olunur. Bu gün Azərbaycan vətəndaşlarının istifadə etdiyi bütün avadanlıqlar Qərb istehsalıdı. Üstəlik, prezidentin kartecindən tutmuş, nazirlərin yaxtasına qədər bütün vasitələr Avropadan alınıb. Yəni yerdə sürdükləri, göydə uçduqları, dənizdə üzdükləri nə varsa, Qərbə məxsusdur.
Amma yazının əsas məqsədi başqadı. Belə ki, bu gün korrupsiyaya qarşı mübarizə apardığını iddia edən Azərbaycan hakimiyyətindən fərqli olaraq, Qərb ölkələrində belə neqativ hallarla bağlı hökumətlər siyasi əxlaq nümayiş etdirirlər. Dəfələrlə ölkə başçılarının xırda korrupsiya ittihamlarına görə istefa verməsinin, məhkəmə qarşısına çıxarıldığının şahidi olmuşuq.
Bugünlərdə isə analoji hadisə Avstraliyada baş verdi. Avstraliya parlamentinin aşağı palatasının spikeri Bronvin Bişop büdcə vəsaitlərinin xərclənməsi ilə bağlı baş qaldıran qalmaqala görə istefa verib.ÿBaş nazir Toni Ebbotun müşaviri olan Bişop 5 min dollar büdcə vəsaitini siyasi kampaniyanın sponsorları üçün tədbirə getmək məqsədi ilə xərcləyib. O, həmçinin həmkarlarının toyuna getmək üçün də büdcə pullarını xərcləyib. Ebbotun sözlərinə görə, Bişopun istefası doğru qərar olub.ÿ
Baş nazir həmçinin bəyan edib ki, parlament üzvlərinin xərclərinə nəzarət sisteminə yenidən baxılacaq.
Göründüyü kimi, 5000 dollarlıq mənimsəmə ayıb sayılır və adam özünə bəraət qazandırmaq fikrinə düşmür.
Azərbaycanda isə 5000 minlik mənimsəmə haqqında danışmaq xırdaçılıq sayılır. Çünki, belə mənimsəmələr uşaq bağçaları üçün də az hesab olunur. Bu ölkədə, rəsmi statistikaya görə, korrupsiya cinayətləri 100 milyonlarla ölçülür. Qeyri-rəsmi isə 10 milyardlarla korrupsiya faktı mövcuddur. Təkcə beynəlxalq araşdırmalar nəticəsində ortaya çıxan faktlar göstərir ki, yüksək post tutan şəxslər korrupsiya bataqlığında boğulur. Hakim ailədən tutmuş, nazirlərə qədər hər kəsin bankı, şirkətləri, bahalı iqamətgahları, dünyanın müxtəlif yerlərində villaları mövcuddur. Amma bu qədər fakt qarşısında nəinki 1 nəfər istefa verməyib, üstəlik, bu faktları yazanlar şərlənərək həbs edilib. Bəli, bütün günü Avropanı hədəf seçənlər, illərlə korrupsiya cianyəti törədən adamlardı.
Əslində, YAP hakimiyyətinin Qərbi hədəf seçməsinin əsas səbəbi də budur. Avropa Birliyinə üzvlük, beynəlxalq öhdəliklərə əməl etmək, DTT-yə qəbul olunmaq, monopoliyaları ləğv etmək hökumət komandasının daha çox qazanmasını məhdudlaşdırır. Bu gün təhsilin, səhiyyənin bu vəziyyətə düşməsi məhz korrupsiyanın nəticəsidir. Bu gün ölkədə 100-ə yaxın siyasi məhbusun olması, seçkilərin saxatalaşdırılması, hüquq sisteminin məhv edilməsi, azad mətbuatın boğulması məhz daha çox pul qazanmaq üçündür. Bəli, hakimiyyəti qoruyub saxlamaq üçün alternativləri sıradan çıxarmaq lazımdır. Alternativlərin sıradan çıxarılması oğurlamağı, talan etməyi asanlaşdırır. Yəni bu cinayətlərə şahidlik edən olmur.
Deməli, bu gün dünya ilə hakimiyyətin savaşı pula görədir. Dünya Azərbaycan hakimiyyətindən şəffaflıq, insan haqlarına hörmət, azad ticarət tələb edir ki, bu da acgöz rejim üçün qəbuledilməzdir.
Artıq harınlıq o həddə çatıb ki, 100 milyonlarla korrupsiya faktları cəmiyyətin də, hökumətin də nəzərənidə adiləşib.
Avstraliya parlamentinin spikeri 5000 dollar artıq xərclədiyinə görə xəcalət çəkib istefa verir, Azərbaycan hakimiyyəti isə 5 milyardlarla mənimsəməyə görə qürur hissi keçirir və “bizim öz yolumuz var2 deyir. Dünyanın yolsuzluq hesab etdiyi hər nə varsa, Azərbaycan hakimiyyəti ”yol" hesab edir. Daxildə vicdanlı insanları şərləyərək həbs etmək, xaricdə hamı ilə düşmən olmaq məhz “pul” amili ilə bağlıdır. Bu hakimiyyət sona qədər belə idarə etmək, vətəndaşı dilənçi vəziyyətinə salmaq istəyir.
Akif
P.S.Sizcə, bizim parlamentin spikeri 5000 manata görə istefa verər? Bizim məmurlar belə “səhv”ə yol verər?..