Üzeyir Cəfərov: «IŞID və PKK ilə bağlı mübarizədə Azərbaycan Türkiyənin yanında olmalıdır»
Türkiyə hazırda regionun ən təhlükəli iki terror təşkilatı ilə savaşa girib. Elə bu üzdən ölkə daxilində terror aktları artıb. Amma Türkiyə terror təşkilatlarına qarşı təkcə təhlükəsizlik xidmətlərinin imkanlarından istifadə etmir. Türk ordusu hazırda ciddi hərbi əməliyyatlar aparmaqdadır. Türkiyənin istər hərbi, istərsə də iqtisadi potensialı genişdir. Və rəsmi Ankara üzləşdiyi problemlərlə təkbaşına da bacara bilər.
Amma o da nəzərə alınmalıdır ki, Türkiyə ilə Azərbaycan bir neçə il əvvəl hərbi sahədə əməkdaşlığa dair çox mühüm sənəd imzalayıb. Həmin sənədə görə, tərəflər bir-birinə yardım etmək öhdəliyi götürür. Amma baş verənlərin fonunda nəzərə çarpan mühüm bir məqam odur ki, Azərbaycan Türkiyənin apardığı mübarizəyə hətta bəyanatla belə dəstək verməyib.
Hərbi ekspert Üzeyir Cəfərov hesab edir ki, Türkiyənin apardığı mübarizədə Azərbaycanın dəstəyi yalnız diplomatik istiqamətdə ola bilər. Azərbaycanın özünün də çox ciddi problemləri olduğunu deyən Ü.Cəfərov vurğuladı ki, rəsmi Bakı hələ Qarabağ problemi ilə bağlı haqlı mövqeyini dünyaya tam çatdıra bilməyib: “Belə görünür ki, Türkiyə ilə bağlı məsələlərdə Azərbaycan hələ tələsmək istəmir. Əlbəttə, IŞID və PKK ilə bağlı mübarizədə Azərbaycan Türkiyənin yanında olmalıdır. Çünki, bütün dünya bu terror təşkilatlarının fəaliyyətini qınayır. Azərbaycan hər zaman Türkiyənin haqq işini dəstəkləyib. Necə ki, Türkiyə Qarabağ məsələsində Azərbaycanın yanında olub”.
Azərbaycandakı bəzi şəxslər, şirkətlər səviyyəsind PKK-ya yardım edilməsinə gəlincə isə Ü.Cəfərov bildirdi ki, Türkiyə Azərbaycandan həmin şəxslər barəsində tədbir görülməsini istəyə bilər.
Xəyal