Yaxud «ermənipərəst» ABŞ Dağlıq Qarabağ probleminin həlli üçün necə səy göstərib?
Ölkə başçısı Ilham Əliyev ABŞ prezidenti Barak Obamanı doğum günü münasibətilə təbrik edib. Ilham Əliyevin təbrik məktubunda bir neçə maraqlı məqam var. Ölkə başçısı yazıb ki, Azərbaycan ilə ABŞ-ı dostluq, əməkdaşlıq və strateji tərəfdaşlıq münasibətləri birləşdirir. Həmçinin Ilham Əliyev Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Barak Obamanın səylərinin nəticə verəcəyinə ümid etdiyini bildirib:
“Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tezliklə və ədalətli həlli üçün ATƏT-in Minsk qrupunun həmsədri kimi ABŞ-ın və şəxsən Sizin, cənab Prezident, səylərinizin nəticələr verəcəyinə ümidvarıq”.
Ilham Əliyevin bu təbrikində yazdıqları ona görə diqqətçəkəndir ki, hazırda Azərbaycan hakimiyyəti anti-Qərb kampaniyası aparır. Doğrudur, təbrik məktubu protokol xarakterlidir. Lakin hər bir halda rəsmi qəzetlərdə, dövlət televiziyasında, iqtidarın nəzarətində olan çoxsaylı media quruluşlarında anti-ABŞ kampaniyası aparmaq, təbrik məktubunda isə ABŞ-la strateji əməkdaşlığı önə çəkmək təzaddır. Hətta Ilham Əliyevin özü Nazirlər Kabinetinin son iclasında Qərbə meydan oxumuşdu.
Ölkə başçısının təbrik məktubunda Dağlıq Qarabağ münaqişəsində ABŞ-ın səylərini vurğulaması və bunun nəticə verəcəyinə ümid etməsi də maraqlıdır. Bəs ABŞ məsələlərə ikili standartlarla yanaşırdı, ermənipərəst mövqe sərgiləyirdi? Az qala hakimiyyət mediası Barak Obamanın özünü erməni əsilli çıxarmışdı. Indi məlum olur ki, ABŞ, şəxsən Barak Obama Dağlıq Qarabağ problemin həlli üçün səylər göstərir…
Azad