Bu sektorun çöküşü bank sektorunun vəziyyətini daha da ağırlaşdıra bilər
Məhəmməd Talıblı: «Əhalinin daşınmaz əmlaka əvvəlki illərdəki qədər marağı yoxdur»
Artıq məlumat vermişik ki, 2015-ci ilin iyununda Bakının daşınmaz əmlak bazarında fəallıq ötən ilin analoji dövrü ilə müqayisədə təqribən üç dəfə azalıb. Manatın məzənnəsindəki dəyişikliklərdən sonra daşınmaz əmlak bazarında görünməmiş ajiotaj müşahidə olunub. Bu, əhalinin əmanətlərini riskdən qorumaq üçün daşınmaz əmlaka qoymağa başlaması ilə əlaqədardır. Lakin apreldən etibarən bazarda fəallıq getdikcə azalmağa başlayıb.
Fəallığın azalması getdikcə qiymətin aşağı düşməsinə gətirib çıxarır, lakin hazırda mənzilin ucuzlaşması daha çox təkrar bazarda hiss edilir. 2015-ci ilin may ayı ilə müqayisədə iyunda təkrar mənzil bazarında qiymətlər 1,1 faiz azalıb, hərçənd ilkin bazarda mənzillərin qiyməti dəyişməyib. Eyni hal əvvəlki aylarda da baş verib. Məsələn, apreldə təkrar bazarda qiymətlər 6 faiz, mayda isə 3,5 faiz azalıb. Eyni zamanda, apreldə ilkin mənzil bazarında qiymətlər cəmi 2 faiz azalıb, mayda isə dəyişməz olaraq qalıb.
Ümumilikdə ilkin mənzil bazarında qiymətlər təkrar bazara nisbətən daha tənzimediləndir. Fəallığın azalması tikinti sektoruna da toxunub. Hazırda Bakıda təqribən 75-80 tikilən bina var, onların 33 faizində tikinti işləri qismən və ya tam dayandırılıb. Bu, bank kreditləşməsinin azalması və tikinti şirkətlərinin maliyyə davamlılığının pisləşməsi ilə əlaqədardır.
Onu da xatırladaq ki, hələ bir neçə il əvvəl Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov bildirmişdi ki, tikinti sektorundakı problem bank sektoruna keçərsə, ikincini ağır fəsadlar gözləyə bilər. Çünki, tikinti sektorunun inkişafı banklara nəfəs verən faktordur.
Yəni tikinti sektorunda hazırda yaşananlar onsuz da ağır günlərini yaşayan bank sektorunun vəziyyətini bir qədər də qəlizləşdirib.
“Mənzill bazarında girov mənzillərin sayı artır”
Daha bir faktoru da nəzərə almaq lazımdır. Bu ilin ilk 6 ayında Azərbaycanda bank əməliyyatları məqsədilə 19 534 daşınmaz əmlak girov qoyulub. Bu barədə Əmlak Məsələləri Dövlət Komitəsindən bildirilib. Məlumata görə, ən çox girov qoyulan əmlak mənzillərdir. Ilk 6 ayda girov qoyulan mənzillərin sayı 9538 olub. Bu dövrdə 5964 fərdi ev, eləcə də 1956 torpaq sahəsi ipotekaya qoyulub.
Girov qoyulan əmlakın təqribən yarısı – 9230-u Bakı şəhərində yerləşir. Daşınmaz əmlakın aktiv surətdə girov qoyulduğu ərazilərə Sumqayıt, Gəncə və Abşeron rayonları da aiddir.
Ötən ilin eyni dövrü ilə müqayisədə girov qoyulan torpaq sahələrinin sayının artması müşahidə edilir ki, bu da kənd təsərrüfatı sahəsində çalışan iş adamlarının biznes əməliyyatlarına getdikcə daha aktiv cəlb edilməsi ilə əlaqədardır.
“Dövlətin sifarişi var, amma böhran dərinləşir…”
Iqtisadçı Məhəmməd Talıblı bildirdi ki, tikinti sektorundakı durğunluq ümumilikdə ölkədə tikinti sektorunda işlərin dayanması ilə bağlı deyil. Çünki, əvvəlki illərlə müqayisədə bu il tikintiyə dövlət investisiyaları daha da artıb: “Avropa Oyunları ilə bağlı və büdcədən kənar fondlardan maliyyələşən mənbələr hesabınada layihələr maliyyələşdirilib. Amma bütün bunlar dövlət investisiyalarının bazar təklifi yaratmayan tikinti layihələri üçün edilib. Yaşayış üçün mənzil bazarına ciddi təklif çoxluğu baş verməyib. Əksinə, tikintilərin sayında azalmalar var. Demək, əvvəlki illərdə mövcud olan mənzil təklifi yerində qalmaqda və ya cüzi artım mövcud olduğu halda tələb formalaşmayıb”.
M.Talıblının sözlərinə görə, tələbin formalaşmaması bir neçə səbəblə bağlıdır. Birinci səbəb odur ki, əhalinin daşınmaz əmlaka əvvəlki illərdəki qədər marağı yoxdur. Əhali daha çox ləl-cəvahirata sərmayə yatırır. Ikinci bir səbəb isə bu sahədə mənzili olanların daha artıq mənzil almaq həvəslərinin olmamasıdır. O məqam da nəzərə alınmalıdır ki, devalvasiyadan sonra gəlirlər azalıb və bəzi iş yerləri itirilib.
Xəyal