Vüqar Əliyevin xanımından Lamiyə Quliyevanın dediklərinə sərt reaksiya
“Mən bu məsələ barədə Lamiyə Quliyeva ilə danışdım. O dedi ki, mən uşağımın doğum haqqında şəhadətnaməsində atası kimi Vüqar Əliyevin adını qeyd etdirməmişəm. Onun sözlərinə görə, fikirləri səhv anlaşılıb”.
Bu sözləri “Azadlıq”a Şəmkirin keçmiş icra başçısı Aslan Aslanovun oğlunu öldürməkdə təqsirləndirilərək ömürlük azadlıqdan məhrum edilən Vüqar Əliyevin həyat yoldaşı Aynur Əliyeva deyib. Qeyd edək ki, bir neçə gün əvvəl Lamiyə Quliyeva modern.az-a müsahibə verib. O, müsahibəsində deyib ki, həbsxanada anadan olan övladı üçün doğum haqqında şəhadətnamə götürərkən sənəddə uşağın atası kimi keçmiş nişanlısı Vüqar Əliyevin adını qeyd edib.
Aynur Əliyevanın sözlərinə görə, Lamiyə Quliyevanın bu müsahibəsini oxuduqdan sonra onunla əlaqə saxlayıb: “Ona dedim ki, niyə belə demisən. Axı sən özün də bilirsən ki, uşağın atası Vüqar Əliyev deyil. Kim olduğunu bilirsən. O, isə bildirdi ki, müsahibədə elə deməyib. Guya jurnalist onu səhv başa düşüb. Lakin bu inandırıcı deyil. Çünki mən ona dedim ki, o zaman doğum haqqında şəhadətnamənin fotosunu mənə göndər, baxım, ondan sonra əmin olaram ki, düz deyirsən ya yox. O buna razı olmadı”.
Aynur Əliyeva bildirib ki, bu işlərdə həyat yoldaşının adının hallandırılması yolverilməz hərəkətdir: “Bu bizim ailəmizə zərbədir. Ona görə də mən buradan bəyan edirəm ki, əgər kimsə bu məsələlərdə mənim yoldaşımın adını hallandırsa, onu məhkəməyə verəcəm”.