Şükür Məmmədli İsmayıllının rəhbərinə nələr yazıb?
Tanınmış hüquqşünas Şükür Məmmədli Ismayıllı rayonunun icra başçısı Mirdaməd Sadıqova açıq məktub yazıb. Həmin məktubu olduğu kimi təqdim edirik: “Cənab Sadıqov, siz artıq üçüncü ildir ki, Ismayıllının icra başçısı vəzifəsinə təyin olunmusunuz. Məlum Ismayıllı hadisələrindən, ölkə başçısı sizdən əvvəlki icra başçısını biabırçılıqla işdən qovduqdan sonra sizin həmin vəzifəyə təyin olunmanız Ismayıllı əhalisində müəyyən ruh yüksəkliyi, hakimiyyətə inam yaratdı.
Zatən, siz də ilk günlər müəyyən fəallıq göstərərək, adamlarda bu inamı müəyyən qədər möhkəmlətməyə çalışdınız. Çox əfsuslar olsun ki,bu uzun sürmədi. Siz yenidən köhnə üsuli-idarəyə qayıtdınız və ətrafınıza sizdən on illər əvvəl rayona rəhbərlik etmiş adamlara (qanuna, dövlətə yox, məhz adamlara) müticəsinə xidmət etmiş, sonda yanvar hadisələrinin baş verməsinə heç bir şeylə mane olmağa çalışmamış, seyrçi mövqe tutmuş bir qrup admı toplayaraq, özünüzü təriflətmək yolunu tutdunuz, onları və qəbulunuza gələnləri ələ salmaqla, təhqir etməklə insanların ümidlərini puç etdiniz. Ismayıllıda iş yerləri açılmadı ,Ismayıllıdakı yanvar hadisələri geniş əhali kütlələri ilə müzakirə edilmədi, əvvəlki icra başçısının cinayət əməlləri ört-basdır edildi, onların vəzifələrindən sui-istifadə edərək özəlləşdirdikləri dövlət əmlakları sizin himayədarlığınızla sizə yaxın olan başqalarının adlarına keçirildi, yenə təmir-tikinti işləri adıaltında qiymətlərindən çox bahalı və keyfiyyətsiz işlər görüldü və s. Ismayıllı şəhərində bu gün də milyonlara başa gəlmiş nə kanalizasiya, nə də su xəttləri işləyir, küçələrin yarıdan çoxu bərbad vəziyyətdədir, elə kənd yoxdur ki, orada gün ərzində 3-5 dəfə elektrik enerjisi kəsilməsin. Siz hətta ölkə başçısının sizlərə verdiyi göstəriş və tövsiyyələrə də əhəmiyyət vermirsiniz. Ölkə başçısı bütün çıxışlarında ölkənin inkişafında ictimai nəzarətin əhəmiyyətindən danışır, neqativ hallar barəsində ona məlumat çatdırılmasını istəyir, ətrafındakıların mühüm şeyləri ondan gizlətməyə çalışmalarını söyləyir, birinci növbədə, sizin kimi vəzifə adamlarından fəaliyyət gözləyir. Mən ölkə başçısının konkret olaraq Vergilər Nazirliyi işçilərinin iş adamlarından qanundan kənar pul toplamaları barədəki çıxışından əvvəl, bu ilin iyun ayının 18-də həmin məsələ ilə əlaqəar sizə müraciət etmiş, yaxın iş birliyində olduğunuz vergi işçilərinin, sonradan Ilham Əliyev cənablarının da dediyi işlərlə məşğul olmalarını diqqətinizə çatdırmışdım. Lakin siz bu məsələni iş adamları ilə müzakirə etmək, qarşısını almaq, ölkə rəhbərliyinə çatdırmaq əvəzinə, mənə şəhərdəki 89 küçədən 42-sinin düzəlməsindən, şəhərdə heç kimə və heç nəyə lazım olmayan ”Saat meydanı"tikdirmək planlarınızdan yazaraq vergi işçilərinin qanunsuz əməllərinin üstündən guya ustalıqla keçmisiniz.
24.07.2015-ci il tarixdə Ismayıllı şəhər bələdiyyəsinin yarım illik hesabat yığıncağında bələdiyyə sədrinin müavinlərindən birinin “bizi bura Mirdaməd müəllim qoyub” deməsi isə sizin seçki proseslərinə müdaxilə etmənizdən xəbər verir və yenə də ölkə başçısının “bələdiyyələr icra hakimiyətlərinin ştamp vuranıdır” fikirlərinə haqq qazandırır.
Cənab Sadıqov, siz bu gün də real ictimai nəzarəti gücləndirmək əvəzinə ətrafınızda olan adamlardan ölü doğulmuş “nəzarət qrupları” yaradaraq işinizi bitmiş hesab etmisiniz. Ictimai nəzarət xalqın hakimiyyətə nəzarətidir, icra başçısının xalqa yox. Amma bir işdə siz ilkə imza atmısınız. Ismayıllı rayonunda hələ bu vaxta qədər lətifə qəhrəmanı olan nə birinci katib,nə də icra başçısı olub. Siz bunu bacardınız!
Mən vətəndaşlıq borcuma və cənab prezidentin istəyinə uyğun olaraq öz ictimai nəzarət funksiyamı gələcəkdə də davam etdirəcək, neqativ hallar barəsində xalqa və ölkə rəhbərliyinə məlumatlar verəcəyəm.
Buyurun, indi söz sizindir. Mənim əhalidən eşidib dediklərimi indi ölkə başçısı yüksək tribunadan təsdiqləyir. Başlayın korrupsiya ilə mübarizəyə
Dərin hörmət hissi ilə Məmmədli Şükür Malik oğlu".