Məhkəmə iclasında Arif Yunusun vəziyyəti pisləşdi, məhkəməyə təcili tibbi yardımı çağırıldı
Leyla Yunus həyat yoldaşının vəziyyətinin ağırlığına əhəmiyyət verməyən hakimləri ittiham etdi
Tanınmış hüquq müdafiəçisi Leyla Yunus və onun həyat yoldaşı Arif Yunusun işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsindəki prosesin adı “açıq məhkəmə” olsa da, özü faktiki qapalı vəziyyətdə keçirilir. Məhkəmənin izləməyə gələn tanınmış ictimaiyyət nümayəndələri, jurnalistlər, beynəlxalq təşkilatların və diplomatik korpusun təmsilçiləri zala buraxılmır. Məhkəmə zalı əvvəlcədən kimliyi bəlli olmayan adamlarla doldurulur.
Məhkəmə iclaslarından sonra həmin adamlarla söhbətlərdən belə məlum olur ki, onların əksəriyyəti heç hansı prosesə gəldiklərini, kimin mühakimə olunduğunu düz-əməlli bilmirlər. Məsələn, dünən məhkəmə zalından çıxan birisi təqaüdçü olduğunu dedi, bu prosesdə iştirakını isə belə izah etdi: “Yoldan keçirdim, bildim ki, məhkəmə prosesi gedir, maraqlanmaq üçün içəri girdim…”
Maraqlıdır, yoldan keçən bu məhkəmə prosesinə buraxılır, amma məhz həmin prosesi izləməyə gələnlər yox…
Üstəlik, həmin kateqoriyadan olan “məhkəmə izləyiciləri” zala arxa qapıdan – hakimlərin daxil olduğu yerdən gətirilir. Görəsən, onlara bu cür xüsusi qayğı ilə yanaşmanın səbəbi nədir?
Leyla və Arif Yunusların işi üzrə dünənki məhkəmə iclası da bu baxımdan istisna olmadı. Dünən məhkəməni izləməyə gələnlərdən cəmi 6 nəfər zala buraxıldı ki, onlar da Amerika, Almaniya səfirliklərinin, Avropa Ittifaqının nümayəndələri və onların tərcüməçiləri oldu.
Dünənki məhkəmə iclasında Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov şahid qismində dindirilib. O bildirib ki, Yunuslarla 2001-ci ilə qədər əlaqələri olsa da, sonradan münasibətlər pozulub. Onun sözlərinə görə, Baş Prokurorluğun Ağır Cinayətlərə Dair Işlər üzrə Istintaq Idarəsinə Yunuslara aidiyyəti olmayan başqa bir iş üzrə çağırılsa da, dindirmə zamanı onlar barədə də ümumi suallar verilib: “Mən də ümumi cavablandırdım…”
Sahib Məmmədov qeyd edib ki, 2002-ci ildə Ermənistana səfər edən nümayəndə heyəti arasında özü də olub. Amma həmin səfərdə Leyla və Arif Yunuslar iştirak etməyib.
Sahib Məmmədov dindirilərkən Arif Yunusun vəziyyəti pisləşib, o, müvazinətini itirib. Bu zaman onunla eyni şüşə kamerada olan Leyla Yunus “Həkim çağırın” deyə qışqıraraq kömək istəyib. Məhkəmə binasına Təcili Tibbi Yardım çağırılıb. Bununla əlaqədar məhkəmə iclasında fasilə elan olunub.
Həmin vaxt Leyla Yunus məhkəmə zalındakılara məlumat verib ki, həyat yoldaşı keçən il insult keçirib: “Onun vəziyyəti çox pisdir. MTN-dəki həkimi çağırın, o bilir ki, hansı dərmanları vermək lazımdır”.
Təxminən 15-20 dəqiqə sonra təcili yardım briqadası gəlib və müayinə zamanı məlum olub ki, Arif Yunusun qan təzyiqi kəskin qalxıb. Ona elə şüşə kameranın içində tibbi yardım göstərilib. Həkim hakimlərə Arif Yunusa vurulan iynə və verilən dərmanlar barədə məlumat verib. Əlavə edib ki, artıq qan təzyiqi aşağı düşüb və ayağa qalxa bilər.
Bu zaman Leyla Yunus hakimlərə müraciət edərək, onun durumunun ağır olduğunu bildirib və Arif Yunusun xərəklə təcridxanaya qaytarılmasını istəyib: “Bu adamı xərəyə qoyub MTN-ə aparmaq lazımdır. Heç olmasa, xərək gətirsinlər… Axı mən onun həyatı üçün qorxuram. Niyə icazə vermirsiz aparmağa? MTN-dəki həkim ona dərmanlar yazıb ki, halı pisləşəndə atsın. Xahiş edirəm, icazə verin aparsınlar. Həkimlər sizdən qorxurlar…”
Məhkəmə prosesinə sədrlik edən hakim Əfqan Hacıyev bu məqamda Leyla Yunusun sözünü kəsərək deyib:
– Bizdən niyə qorxurlar? Məgər biz Əzrayılıq?
– Siz Əzrayıldan da betərsiz…
Daha sonra məhkəmə prosesində fasilə elan olunub. Amma fasilədən sonra da proses davam etdirilməyib. Məhkəmə bu gün saat 10.00-a qədər təxirə salınıb.
Aytən